Toy biznesi-olduğu kimi
Qazananlar kim, itirənlər kim?
Azərbaycanda toy mədəniyyətinin ifrat mədəniyyətsizlik həddinə çatması nə ilə bağlıdır?
"Xeberinfo.com": Son günlər ölkədə təmtəraqlı yas mərasimlərinə qadağa qoyulması ictimaiyyətin əsas müzkirə mövzularından birinə çevrilib. Düzdür, rəsmi şəkildə hər hansı qərarın verildiyi açıqlanmayıb. Ancaq bir çox rayon və şəhərlərdə icra hakimiyyətlərinin yas mərasimlərində yemək verilməsinin qarşısını aldığına dair hər gün yeni xəbərlər gəlir. İcra başçılarının bunu özbaşına edə bilməyəcəyini nəzərə alsaq, qərarın “yuxarıdan” verildiyinə şübhə qalmaz. Deputatların da bununla bağlı açıqlamaları hakimiyyətin bu sahəyə “əl gəzdirmək” niyyətinin ciddiliyindən xəbər verir.
Bəziləri bunu insan hüquq və azadlıqlarına müdaxilə kimi izah etsə də, son illər yas mərasimlərindəki ifrat təmtəraq dövlətin bu sahədə müəyyən tənzimləmə aparmasını zərurətə çevirmişdi. Azərbaycanda yas mərasimlərinin sadələşdirilməsi yönündə atılan addımlar yalnız bu sahədən böyük gəlir götürən bəzi iş adamlarının narazlğına səbəb ola bilər. Əksəriyyət çoxdandır bu çür islahatlar aparılmasını tələb edirdi. Məsələ ondadır ki, “cadır biznesmenləri” Bakıda yas məclisinin bir iştirakçısı üçün minimum 8-10 manat pul tələb edirlər. Menyudan asılı olaraq, bu rəqəm bir nəfər üçün 30-40 manata qədər yüksəlirdi. Bizim xalq da yasda-toyda başqasından geri qalmamağı xoşladığından borc-xərcə girib yüksək dəyərli menyuları seçir və beləliklə, ən yaxşı halda 5-10 min manat əlavə xərcə düşürdü. Bir çox ailələr bilmir ki, ölüsnə ağlasın, yoxsa yasdan sonra düşdüyü vəziyyətə…
Bəylə -gəlinin girov saxlandığı toylarımız mədəniyyəti, yoxsa vəhşiliyi simvolizə edir?
Bu və digər səbəblərdən yas mərasimlərinin tənzimlənməsi zərurətə çevrilmişdi. Ancaq tənzimlənməsi vacib olan yalnız yaslarımız deyil, həm də toylarımızdır. Bu sahədə artıq neçə illədir həyacan təbili çalınsa da, bir tədbir görülmür. Yas mərasimlərilə bağlı məlum prosesdən sonra ictimaiyyət nümayəndələri bu məsələni yenidən gündəmə gətiriblər. Deputatlar Fazil Mustafa, Səyavuş Novruzov yas mərasimlərindən sonra toyların keçirilməsinə də xüsusi nəzarətin qoyulmasının vacibliyini bildiriblər. Fazil Mustafa deyib:“500 nəfər qonaq üçün yemək pulu ödənir, heç onun yarısı bişirilmir. Bəzən şadlıq evinə çatacaq yetərli pul da yığılmır. Bəzi toylarda pul yığışmadığına görə gəlinin girov saxlandığını da eşitmişəm. Musiqinin səsi ayrıca bir terrordur, insanların səsdən toyu tez tərk etməsini qəsdən düşünürlər ki, yeməklər az yeyilsin. Toya salınan pulun da 70 faizi bu və ya digər yolla şadlıq evinə qalır. İndi bunun adı mədəniyyətsizlik, vəhşilik deyil, nədir?
Həqiqətən, toylarımızla bağlı son dövrlər ortaya çıxan məlumatlar, faktlar göstərir ki, bu mərasimlər Azərbaycan mədəniyyətini deyil, mədəniyyətsizliyi, vəhşiliyi nümayiş etdirir. Hər halda toyda borca görə bəylə gəlinin girov saxlanılmasına vəhşilikdən başqa ad vermək çətindir. Bir neçə il əvvəl həmkarımız Mahal İsmayıloğlu belə bir halla qarşılaşdığı haqda öz yazısında qeyd etmişdi. Nazirlərdən birinə məxsus şadlıq evində cəmi 1300 manat borca görə həmin nazirin qardaşının göstərişilə bəylə-gəlin səhərə qədər şadlıq evində girov saxlanmışdı. O zaman toy sahibinin maşını girov saxlamaq təklifini də nazirin qardaşı rədd edib: “Mənə sənin maşının lazım deyil! Pulu qoy stolun üstünə! Yoxunuydu toy eləməyəydin!”
Şadlıq evinin administratoru isə toy sahibinə təskinlik verərək, onun tək olmadığını, həmin vaxtadək 137 bəy-gəlini girov saxladıqlarını söyləyib…
Toylar kütləvi və düşük mədəniyyətin intişar tapdığı bir yerə çevrilib
Bu və digər faktlar bizə sözün həqiqi mənasında “toy tutan” toylarımızın artıq böyük bir sosial bəlaya, cəmiyyətimizin, millətimizin yaralı yerinə çevrildiyini göstərir. Mətbuatda, hətta Milli Məclisdə (!) dəfələrlə günün toyları və onların səviyyələri haqqında yazılıb, danışılıb. Ancaq nə faydası, toylar düzəlmək əvəzinə daha da bayağılaşır, yersiz rəqabət, israfçılıq meydanına çevrilir.
Açıq etiraf etmək lazımdır ki, vaxtilə Azərbaycan mədəniyyətinin bir hissəsi hesab olunan toylarımız bu gün KÜTLƏVI VƏ DÜŞÜK MƏDƏNİYYƏTİN intişar tapdığı bir yerə çevrilib. Məsələ təkcə şadlıq sarayında 5-6 saat cərəyan edən hoppanıb-düşmədə deyil axı! Buna qədər də bir sürü anlaşılmaz proses var, bundan sonra da.
Kimdən eşitdiyimi dəqiq xatırlamıram. Deyir əslində belə zıppıltıya ona görə toy deyirlər ki, toy sahibinin ürəyi partlamasın. Çoxları qonşudan dala qalmasın, “el tənəsi”nə, qohum qınağına tuş gəlməsin deyə boğaza qədər borca girməli olur. Yəni bir gözü gülür, bir gözü ağlayır. Toyun mahiyyəti isə unudulur.
Toydan qabaq çalınan “toy”
İfrat həddə çatdırılan əsas məsələ də məhz toyun maliyyə tərəfi ilə bağlıdır və belə demək mümkünsə, bütün problemlər, narahatçılıqlar da buradan başlayır. Toy mərasiminin ayrı-ayrı mərhələlərində həm oğlan, həm də qız evinin üzərinə müəyyən xərc düşür. Daha çox xərc isə oğlan tərəfinin üzərinə düşür ki, bu da təbiidir. Çünki nişan aparılmasından başlamış, bayramlarda gəlinə alınan hədiyyələr, gəlinlik paltarı və onun aksessuarlarının tikdirilməsi və ya kirayə götürülməsi, toy günü gəlinin və gəlin maşınının bəzədilməsi və gül dəstəsinin alınmasına qədər, bütün xərcləri oğlan evi çəkir. Araşdırmalar göstərir ki, indi gəlinlik paltarının kirayə haqqı 50 manatdan bir neçə min manata qədər yüksəlir. Gəlinin saçının yığılması, makiyajının qiyməti orta hesabla 50 manatdan 1000 manatadək başa gəlir. Gəlinin buketi isə 30-300 manat civarındadır. O ki qaldı gəlin maşınına, burada qiymət 50-500 manat arasında dəyişir. Bir sözlə, gəlinin bəzədilməsi, onun buketi, maşının tutulması, güllə bəzədilməsi və sair oğlan evinə orta hesabla bir neçə yüz manatdan bir neçə min manata qədər başa gəlir.
Toy günü bütün bəylər və gəlinlər gözəl görünmək istəyirlər, amma bunun üçün bahalı salonlara dünyanın xərcini tökmək lazım deyil. Sadə şəraitdə, yaxınlarının arasında bütün qayğıları rahatca həll etmək də olar. Bir neçə saat üçün ən dəbdəbəli gəlinlik paltarına və gül dəstəsinə pul ayırmaq israfçıldan başqa bir şey deyil. Əksinə, toy günü ifrat dərəcədə dəbdəbəli gəlinlik və ya bəylik dəsti geyməkdənsə, kosmetik vasitələrlə yaradılan süni gözəllikdənsə, olduğun kimi görünmək daha yaxşı təəssürat yaradar. Bu məsələnin bir tərəfi.
Cehiz vermək həyatlarına sıfırdan başlayan ailəyə yardım məqsədi daşıyır. Bu səbəbdən də cehiz birdəfəlik yardım olaraq həm oğlan, həm də qız evinin borcu kimi qəbul edilirdi. İndi isə cehiz yardım deyil, özünügöstərmə, ucuz rəqabət, reklam vasitəsinə döndərilib. Cehiz verən ailə sanki qarşı tərəfə nəyə qadir olduqlarını göstərmək istəyir.
Şadlıq evləri soyğunçuluqla məşğuldur!
Ən ciddi problem isə son illər şadlıq evlərində qiymətlərin hədsiz artması, bunun nəticəsində həm toy yiyəsinin, həm də elə çağırılan qonaqların mədəni şəkildə soyulmasıdır. Elə bir vəziyyət yaranıb ki, insanlar artıq toya çağırılmağa az qala faciə kimi baxmağa başlayıblar. Diqqət edək: Bu gün Bakıda ən ucuz restoranın qiyməti 30 manatdan başlayır, 150-200 manatadək artır! İndi orta səviyyəli ailəni ayda heç olmasa bir toya dəvət etdikdə, aylıq maaşının az qala yarısını həmin toya salır. Vay o gündən ki, ay ərzində 2-3 toya dəvət etsinlər. Bu gün hətta yüksək gəlirli şəxslər şikayət edirlər ki, aldıqları maaşları toylara çatmır. İndi təsəvvür eləyin ki, sadə vətəndaş, müəllim toya çağırılanda nə çəkir.
Qeyd etdik ki, şadlıq evlərində adambaşına 30-150 manat arası pul tələb olunur. Axı bir insan 5-6 saat ərzində qulaq batıran musiqinin altında nə yeyə bilər, hansı zövqü ala bilər ki, 100 manat bir yana, 30 manat tutsun. Bir stolda adətən 12 nəfər əyləşir. Yəni, ortabab toylarda bir stoldan şadlıq evinin sahibi təxminən 600-700 manat götürür. Nisbətən varlı adamların toyunda bu rəqəm 1200 manata qədər yüksəlir. Ancaq gəlin görək bu stolun üzərinə düzülənlərin qiyməti alınan pulun heç 20 faizi səviyyəsindədirmi? Adi hesablamalar göstərir ki, şadlıq evləri hər stoldan 4-5 dəfə artıq gəlir götürürlər. Hələ bir çox yeməklərin əvvəlki toylardan qalma, içkinin saxta olduğunu nəzərə alsaq, bu rəqəm daha da böyüyər. Bəs bununla bağlı niyə tədbir görən yoxdu? Bu sualın cavabını bir qədər sonraya saxlayaq.
Andreas Qross Azərbaycan toylarında nəyə heyrətlənib?
Azərbaycanda toy iki nəfərin ailə qurması mərasimindən daha çox iki nəfərin, üstəgəl onların ailələrinin borc bataqlığına salınması mərasiminə çevrilir. Toy – şənlik olmaqdan çıxıb, restoran, kafe estetikasına enir, salat, bahalı içki, kabab yarışmasına çevrilir. Heç bir musiqi və rəqs mədəniyyəti gözə dəymir. Hamı topa şəkıldə rəqsə qalxır, bir-birinin ayağını basa-basa, bir-birinə girə-girə (ifadəyə görə üzr istəyirik, ancaq buna başqa ad vermək olmaz) ortalıqda atılıb düşürlər. Və biz bütün bu biabırçılıqlara, rəzilliyə, rüsvayçılığa “toy” demək zorundayıq. Hansı ki, kənardan baxanlar bizə nəinki rişxənd edir, bizdən sözün həqiqi mənasında iyrənirlər. Toy kimi gözəl bir adətimizi elə günə salmışıq ki, əcnəbilər baxıb yalnız heyrətlənirlər.
Deyilənə görə, AŞ PA-nın ölkəmiz üzrə sabiq həmməruzəçisi Andreas Qrossdan Azərbaycanda nəyə heyrətləndiyini soruşduqda, içveçli deputat toylarımızı göstərib. Azərbaycan toylarında onu heyrətləndirən isə məhz yekə-yekə kişilərin qadınları ilə birlikdə yeyib-içib topa şəklində meydana girib oynaması, qarınlarını bir-birinə sürtə-sürtə əcaib rəqslər etməsi və bu prosesin 6-7 saat ərzində dəfələrlə təkrarlanması olub.
Bu eybəcərliyi görmək üçün toylarımıza kənardan 5 dəqiqə tamaşa etmək kifayətdir.
Qeyd edim ki, bu biabırçılıq yalnız avropalıları deyil, bizim geridə qalmış hesab etdiyimiz ölkələrin nümayəndələrini də heyrətləndirir.
Xarici şirkətdə çalışan tanışlarımdan birinin söylədiyinə görə, onların iş yoldaşlarının toyunda iştirak edən hindlinin məclisdə baş verənləri seyr etdikdə gözləri bərələ qalıb. Xüsusən də topa şəklində durub oynayan kişilərimizin öz xanımlarını da bu içkili kütlənin ortasında rəqs etdirməsinə Hindistandan gəlmiş şəxs məəttəl qalıb. Bildirib ki, onlarda toya dəvət etdikləri rəqqasələr oynayır və məclisdə iştirak edənlər də onlara baxıb əylənir.
Şou müğənnisinin fonoqramla oxumasına bu qədər xərc cəkməyə dəyərmi?
Bu gün toy mərasimlərində adi toy mədəniyyətinin əriyib getməsi də narahatçılıq doğuran məsələdir. Toylara insan həm də musiqi dinləmək, mənəvi zövq almaq üçün gedir. Amma akustik normalara riayət olunmaması ucbatından müasir toylarda ancaq başağrısı tapmaq olur. Ucadan səsləndirilən musiqinin səsi heç bir normalara uyğun gəlmir ki, bu da toya gələn qonaqların gərgin vəziyyətdə qalmalarına səbəb olur. Toydan evə dönəndə elə yorğun olursan ki, sanki saatlarla həm zehni, həm də fiziki işlə məşğul olmusan!
Musiqiçilər də toyda ifrat dərəcədə soyğunçuluqla məşğuldurlar. Burada da təqsir əsasən toy sahibinin üzərinə düşür. Guya hansısa bir şou müğənnisi gəlib fonoqramla iki mahnı oxumasa toy maraqsız keçəcək. Elə buna görə də deyəndə ki, filan müğənni toya 15 min dollara gedir, təəccüblənməməliyik. Günah özümüzdədir. “5 qəpiklik” səsi olmayan müğənniləri toya gətimək üçün yarışa çıxanda təbii ki, onlar da 10 mindən, 15 mindən dəm vuracaqlar. Burda şadlıq evlərinin sahiblərinin də müəyyən rolu var. Belə müğənniləri toy sahiblərinə zorla sırıyan da bəzən şadlıq evlərinin sahibləri olur. Hansı ki, bu mügənnilərə də sponsorluq edirlər. Təbii ki, camaatın hesabına…
Yesən də budur, yeməsən də!
Toylarımızda xariciləri heyrətləndirən yalnız bizlərin topa şəklində ortaya düşüb əcaib rəqslər etməyimiz, müğənnilərə öz dəyərlərindən artıq pul verib toya dəvət etməyimiz deyil. Həm də süfrəyə düzülən yeməklərin, içkilərin həddən artıq çoxluğudur. Buna bolluq demək olmaz. İsrafçılıqdır. Bunun nə toy sahibinə, nə də toyda iştirak edənə bir xeyri var. Yeməklərin çoxluğu, başqa sözlə desək menyunun zənginliyi də şadlıq evinin sahibinin cibini doldurmaq üçün vasitədir. Əksər şadlıq evlərində hətta toy sahibinin nəyisə menyudan çıxartmasına belə imkan verilmir. Açıq bildirilir ki, daha yığcam menyu ilə toy sifarişi onlara sərf etmir.
Bakıda şadlıq sarayları çoxdur, ancaq demək olar ki, hamısının prinsipləri eynidir. Toy etmək üçün öncə seçəcəyin zala tamaşa edirsən. Sonra administratorla görüş gəlir. Administrator qardaş özünü elə aparır ki, adam sanki dövlət orqanlarında işləyən yüksək məmurun qarşısında dayandığını fikirləşir. Adamla elə danışıb elə hipnoz edirlər ki, deyirsən, gərək mən toyumu burada edim, yoxsa bunlardan canımı qurtara bilmərəm. Razılaşırsan. Sonra gəlir ilk dəqiqləşdiriləsi iş – adamların sayı. Eşidəndə ki, adamının sayı azdır, qiymətləri bir qədər də qaldırırlar.
Toy sahibi öz maddi durumuna baxıb 30 növ yeməkdən və salatdan bir neçəsini ixtisara salmaq fikrinə düşsə də, restoran sahibləri bununla qətiyyən razılaşmırlar. Hərçənd bu salatlardan hətta yarısının ixtisar edilməsi nə süfrəyə xələl gətirər, nə də restoran sahibinin biznesinə.
Deyirsən ki, qardaş başına dönüm, mənim imkanım çatmır, gəl sən menyudan kələm salatını, çuğundur salatını və s. çıxar. Deyir, sənə görə öz imicimi aşağı sala bilmərəm. Yesən də budur, yeməsən də. Sonra deyirsən ki, yaxşı mən öz qonaqlarıma spirtli içki verməyəcəyəm, menyudan onu çıxar, çıxarır, amma qiymətə elə bir təsiri olmur.
Əgər şadlıq evi çəkdiyi xərcə adekvat gəlir götürsəydi, onun üçün menyunun nə böyüklükdə olmasının elə də fərqi olmazdı. Deməli, menyunu şişirtməklə şadlıq evləri toy sahiblərini və eləcə də toyda iştirak edənləri soymaq məqsədi güdürlər. Hansı ki, bu menyuya daxil edilən yeməklərin bir çoxu köhnə, bir gün əvvəlki toydan qalan olur.
Şadlıq evləri toy sahiblərilə niyə müqavilə bağlamır?
Ancaq heç nəyə baxmadan yeməyə köklənmiş toy iştirakçılarının məhsulların keyfiyyətinə o qədər də ciddi fikir verməməsi sonda toylarda faciələrə səbəb olur. Ötən dövr ərzində toylarda çoxsaylı zəhərlənmə hallarının baş verməsi və də bunun nəticəsidir.
Bunun kökündə iki amil dayanır: birincisi, istehlakçıların öz hüquqlarını bilməməsi və ya bilib də onlara barmaqarası münasibət bəsləməsi, ikincisi isə xidmət göstərənin (konkret halda «şadlıq evi»nin) qanunlarla üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi. Məhz bunların məntiqi nəticəsidir ki, çağdaş Azərbaycanda xidmət göstərən («şadlıq evi») istehlakçı (mərasim quran) ilə xidmətin göstərilməsi barədə müqavilə bağlamır! Amma «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə; «…istehsalçı və ya icraçı istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün müqavilə bağlamağa borcludur».Müqavilənin bağlanmaması isə məsələn, istənilən sayda «mərasim»i (toyu, ad gününü və s.) rəsmi qeydiyyatdan (mühasibat uçotundan, statistik hesabatdan və vergi ödəmələrindən) yayındırmağa geniş imkan yaradır. Təəssüf ki, təcrübədə bu məqama diqqət yetirən olmur. Müvafiq dövlət qurumlarının isə (İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və sair) isə bu istiqamətdə konkret fəaliyyəti müşahidə olunmur.
Vəziyyət vergiçilərə də «gün kimi aydındır» – onlar da susur! Fəqət, bu susqunluğun təmənnasız olduğu heç inandırıcı deyil.
Ancaq nə buna görə məsuliyyətə alınan var, nə də bağlanan şadlıq evi. Bu da səbəbsiz deyil. Məsələ ondadır ki, bu şadlıq evlərinin əksəriyyətinin arxasında iri məmurlar dayanır. Məhz onların səyi nəticəsində bu sektorda dövr edən pullar vergidən də yayındırılır.
Şadlıq evlərinin hər birinin arxasında bir məmur dayanır
Azərbaycanda fəaliyyətdə olan şadlıq evlərinin, restoranların, kafelərin sayı hər cür əndazəni çoxdan aşıb. İndi bu ölkədə addımbaşı «şadlıq evi»nə rast gəlinir. Sanki Azərbaycan insanının işi-gücü yalnız «şadlıq etmək»dən ibarətdir! Dünyanın heç bir ölkəsində nə Azərbaycandakı qədər şadlıq evi mövcud deyil. Hətta təyinatı başqa olsa belə, Bakıda tiklən şadlıq evləri həcmdə restoranlara dünyanın ən böyük ölkələrində belə çox az sayda təsadüf olunur.
Yeri gəlmişkən, bu yaxınlarda “Həmrəylik” Türkdilli Xalqların Slavyan Xalqları ilə Birgə Əməkdaşlıq Fondunun dəvətilə Rusiyanın ən böyük şəhərlərindən birində, uzaq Sibirin paytaxtı hesab olunan Novosibirsk şəhərində olduq. Təxminən 3 milona yaxın insanın yaşadığı bu şəhərdə bir dənə də olsun şadlıq evinin olmaıdığını öyrəndik. Hətta eyni vaxta 100 nəfərdən artıq müştərini qəbul edə biləcək restoranlar belə tikilməyib. Çünki ehtiyac yoxdur. Dünyanın heç yerində bizi kimi nə vaxtsa salam vediyi adama belə dəvətnamə göndərərək, TOY adı ilə 300-500 nəfəri bir yerə yığıb ŞADLIQ EVİNİN sahibi üçün pul yığmırlar. Yaxın qohumlar, dostlarla sadə bir tədbir geçirirlər. Elə Novosibirsk şəhərində olduğumuz son gün bunun əyanı şahidi olduq.
Bizim qaldığmız şəhərin kənarındakı “Kolos” adlı pansionatın həyətində təxminən 30-40 nəfərlik bir çadır qurulmuşdu. Öyrəndik ki, burda toy mərasimi keçiriləcək. Toyun keçiriləcəyi gün səhər tezdən toy sahibi öz maşını ilə qonaqlara verləcək, neçə deyərlər, yeyib-içməyi pansionatın yeməkxanasına gətirib boşaltdı. Deyim ki, bizdə 7-8 nəfər birlikdə “piknikə” gedəndə bəlkə özü ilə daha çox ərzaq götürür. Bu təçə Rusiyada deyil, dünyanın mədəni səviyyəsi yüksək olan ölkələrin əksəriyyətində belədir. Bəziləri deyə bilər ki, hər millətin öz adəti var. Ancaq razılaşaq ki, 2 gəncin aiə qurması mərasimini yeyib-içmək məclisinə çevirməyin nə adətlərimizlə, nə də mədəniyətimizlə bir əlaqəsi var…
Şadlıq etmək və şadlıq edənə xidmət göstərmək hər kəsin şəxsi işidir – nə cəmiyyətin, nə də dövlətin qanunları bunları qadağan etmir. Amma şadlıq edənin iqtisadi və sağlamlıq hüquqları, şadlıq edənə xidmət göstərənin isə fəaliyyətinin aşkarlığı və təhlükəsizliyi dövlətin qanunları ilə qorunur.
Ancaq ölkəmizdə fəaliyyətdə olan şadlıq evlərinin hamısı «göz qabağında» olsa da, fəaliyyətlərində aşkarlıq, leqallıq və təhlükəsizlik nisbəti ən yaxşı halda, 50 faiz təşkil edir. Bura ən müxtəlif məsələlər daxildir – şadlıq evinin əsl sahibinin adının gizli saxlanmasından tutmuş, burda dövr edən vəsaitin, göstərilən xidmətin keyfiyyətinin gizlədilməsinə qədər. Seqmentin dərinliklərinə nüfuz etdikcə, yeni və daha maraqlı mətləblərin şahidinə çevrilmək olar. Məsələn, ötəri bir araşdırma aparılsa, məlum olar ki, ölkəmizdə fəaliyyətdə olan «şadlıq evləri»nin gerçək sahibləri iri məmurlardan (nazirlər, icra başçıları, polis rəisləri, prokurorlar və s.) ibarətdir! Əslində indi Azərbaycanda məmurla iş adamı arasındakı sərhəd tamamilə «əriyib yoxa çıxıb». Qısası, Azərbaycanda fəaliyyət göstərən «şadlıq evləri»nin hər birinin arxasında məmur dayanır. Məhz bu amil də həmin obyektlərin fəaliyyətində qeyri-leqallığın nisbətinin 80, bəzi hallarda isə həttə 90-95 faizə çatmasını mümkün edib.
Hər il büdcədən yüz milyonlar yayındırılır!
Əslində ölkə iqtisadiyyatında, kütləvi istehlak malları sektorunda «kölgə iqtisadiyyatı»nın nisbəti böyük olduğu bir zamanda, şadlıq evlərinin 100 faiz leqal fəaliyyət göstərməsi də qeyri-mümkündür. Bunun da başında inhisarçı məmur təbəqəsi dayanır ki, burda da məqsəd bu sahədən gələn pulların da şəxsi ciblərinə axmasını təmin etməkdir. Bu vəsait isə heç də az deyil. Sadə hesablamalar göstərir ki, söhbət 100 milyonlardan gedir.
Diqqət edin, şadlıq evlərində orta hesabla toy sahibindən adambaşı 40 manat alınır. Orta hesabla bir toyda iştirak edənlərin sayının 300 nəfər olduğunu götürsək, bu 12 min manat edər. Məhərrəmlik və orucluq aylarını çıxmaq şərtilə, ilin 10 ayının az qala hər günü şadlıq evlərinin bütün zalları tutulu olur.
Belədə bir şadlıq evinin illik dövriyyəsinin orta hesabla 2-3 milyon manat arasında olması şübhə doğurmur. Bunun müqabilində onların dövlətə ödədiyi vergilər qəpik-quruşdu. Adının çəkilməsini istəməyən şadlıq evinin sahibi hər ay 150 min manata yaxın vergi ödədiklərini, bir o qədər də qeyri-rəsmi ödənişlərinin olduğunu bildirir.
Belədə bir şadlıq evinin ildə 1-5 manat qazandığını söyləyə bilərik. Ölkədəki şadlıq evlərinin sayını nəzərə alsaq, bu rəqəmin milyardlarla manata çatdığı şübhə doğurmaz.
Bəs, bu pullar kimlərin çibinə axır? Əlbəttə ki, bəzi məmurların! İndi hamı bilir ki, filan şadlıq evi kimindir və s. Düzdür, bu şadlıq evləri rəsmi sənədlərdə məmurların adına deyil. Hətta bəlkə hansısa məcburi köçkünün adınadır. Ancaq onların kimə məxsus olması ilə bağlı ölkə ictimaiyyəti arasında konkret formalaşmış fikir var.
Deməli, bu sahədən qazanılan pullar da dolayısilə, ya da birbaşa bəzi məmurların cibinə axır. Elə ölkə vətəndaşlarının açıq soyulmasını şərtləndirən «toy biznesinin» qarşısının alınmamasının səbəbini də burda axtarmaq lazımdır.
Məmurlar qazansa da, itirən vətəndaşla yanaşı, həm də dövlətdir ki, hər il büdcəsindən 100 milyonarla manat vəsait yayındırılır. Deməli, vəzifəsi dövlətin büdcəsini doldurmaqdan ibarət olan Azərbaycan məmuru, əksinə, büdcəyə axmalı olan pulların istiqamətini öz cibinə doğru dəyişməklə məşğuldur!
Bütün bunlar hər gün hər kəsin müşahidə edə biləcəyi qədər populyar hala gəlmiş patalogiyadır və hamının da bundan xəbəri var. Qarşısını alan isə hələlik yoxdur. Zaman-zaman həyəcan təbili çalınsa da, vəziyyət düzəlmir ki, düzəlmir. Hətta bir ara məsələ Milli Məclisdə də müzakirəyə cıxarıldı. Deputatlar, ictimaiyyət nümayəndələri
Azərbaycanda əvvəl-axır bu istiqamətdə konkret kriteriyalar müəyyənləşdirilməli olduğunu deyirlər. Qeyd edilir ki, həm toy, həm də hüzn mərasimləri ilə bağlı normal münasibətlər ortaya qoyulmalı, hər mərasim öz çərçivəsində icra olunmalıdır. Ancaq əməli işə gəldikdə heç kim iş görmür. Görünür daha güclü dairələr bunun qarşısını alırlar. Niyə də almasınlar, böyük pullar qazanırlar axı.
Əslində burda da Azərbaycanda ziyalı probleminin olması önə çıxır. Xalqa nümunəni ziyalısı, nüfuzlu şəxsləri göstərməlidir. Onlar özlərində cəsarət tapıb əsl Azərbaycan mədəniyyətini özündə əks etdirən bir toy mərasimi keçirməlidirlər. Ancaq ziyalılarımız təşəbbüs göstərməkdənsə, “palaza bürünüb elnən sürünməyi” üstün tutduqlarından, iş yenə dövlətin üzərinə düşür.
Dövlət toy mərsimlərinin keçirilməsi ilə bağlı da müəyyən standartlar qəbul etməli və buna ciddi nəzarət olunmalıdır. Xüsusən də, şadlıq evlərinin müştərilərə öz şərtlərini diqtə etməsinin qarşısı alınmalı, toy sahiblərilə müqavilələrin bağlanması təmin edilməli, menyunlar ciddi şəkildə ixisar olunmalıdır. Bir sözlə Azərbaycanın toy mədəniyyəti bərba edilməlidir!a