ABŞ Federal Ehtiyat Sistemi (FED) bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0%-ə endirə və monetar ekspansiyaya başlaya bilər.
Yenixeber.org: "Forexpf.ru" saytı xəbər verir ki, bu proqnozla Almaniyanın nüfuzlu "Deutsche Bank"ı çıxış edib.
Qeyd edək ki, hazırda ABŞ-da uçot dərəcəsi 1,25%-ə bərabərdir. 2008-ci ilin dekabr ayında başlayan monetar ekspansiya proqramı isə 4 mərhələ şəklində davam edib və 2014-cü ilin fevralında tamamlanıb. Nəticədə FED öz balansında 4,5 trln. dollardan çox istiqraz toplayıb.
"Deutsche Bank"a görə, ABŞ-da resessiya təhlükəsi hazırda son 10 ilin maksimal səviyyəsinə yüksəlib. Bank bildirib ki, ABŞ iqtisadiyyatı hələ "Harvey" və "İrma" qasırğasından əvvəl durğunluq mərhələsinə qədəm qoyub: "İşsizliyin azalmasına baxmayaraq, baza inflyasiya artmır, amma iş saatının müddəti yüksəlir. Bu da resessiya riskinin artdığını göstərir. Kommersiya və sənaye sektorunda kreditləşmə göstəricisində artım iyul ayında 13%-dən 1,6%-ə geriləyib. Bu da resessiyanın yaxınlaşdığını göstərir".("Report")