Məcburi köçkünlə bağlı şok qərar verildi
Ağdam rayonundan məcbur köçkün düşən 5 nəfərdən ibarət ailə 4 ilə yaxındır yaşadığı mənzildən çıxarılır.
Yenixeber.org: Bu barədə “Qafqazinfo”ya müraciət edən ailə başçısı Elşad Abbasov bildirib ki, MTK-dan aldıqları mənzilin əlində saxta müqaviləsi olan ikinci bir sahibi ortaya çıxıb və onları mənzillərindən çıxarmağa nail olub: “Biz köçkün düşəndən sonra Bakıda məskunlaşdıq. Xeyli müddət çətin vəziyyətdə yaşadıqdan sonra qohum-əqrabayla yığışıb Əhmədli qəsəbəsində bir ev aldıq. Mən həmin evdə öz ailəm və valideynlərimlə yaşayırdım. Bir müddət sonra valideylərim üçün ayrıca otağı olsun deyə o evi satıb yeni tikilidə geniş ev aldıq. 2012-cü ildə “Əzizbəy – KM” MMC-dən 103 kvadrat mənzilə 44 min 750 manat ödəyib aldıq. Müqaviləni bizim tərəfdən yoldaşım Arifə Allahverdiyeva, qarşı tərəfdən direktor Azad Həsənov imzaladı. Sonra mən mənzili təmir etməyə başladım və 40 min manatdan çox xərcim çıxdı. Təmir işləri başa çatana yaxın Xuraman Mirzəyeva adlı bir xanım ortalığa çıxdı və dedi ki, bu mənzili 2006-ci ildə “Etalon İnşaat” MMC-dən alıb. Bu bina əvvəl o şirkətdə olub, sonra “Əzizbəy – MK” MMC-yə verilib. Mən də həmin xanıma dedim ki, probleminizi şirkətlə həll edin.
Bir müddət sonra mənə Xətai rayon məhkəməsindən bildiriş gəldi. Mən işlərimlə əlaqədar prosesdə iştirak edə bilmədim, qayınatam bizi təmsil etdi. Məhkəmə bizim əleyhimizə qərar çıxartdı və mənzilin boşaldılaraq Xuraman Mirzəyevaya təhvil verilməsi qeyd olundu. Bunun ardınca şirkətin direktoru Azad Həsənov ekspertizaya sorğu verərək Xuraman Mirzəyevanın müqaviləsi ilə bağlı rəy verilməsini istədi. Ekspertiza onların müqaviləsinin saxta olduğu, rəqəmlərin silinərək yenidən yazıldığı barədə rəy verdi.
Bakı Apellyasiya Məhkəməsi bu rəydən sonra Xətai rayon məhkəməsinin qətnaməsini ləğv etdi və bizim xeyrimizə qərar çıxartdı. Qarşı tərəf kassasiya şikayəti verdi, Ali Məhkəmə işi yenidən apellyasiyaya qaytardı. İkinci dəfə də Bakı Apellyasiya Məhkəməsi bizim lehimizə qərar verdi. Xanım Mirzəyeva təkrar Ali Məhkəməyə müraciət etdi, iş ikinci dəfə geri qaytarıldı. Bu dəfə Bakı Apellyasiya Məhkəməsinin hakimi Saqi Məmmədovun bizim əleyhimizə qərar çıxarıb mənzili boşaltmağımızı bildirdi. Bizim şikayətimizə bu il aprelin 25-də Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Aslan Kalbalıyev baxdı və təmin etmədi.
Xətai rayon Polis İdarəsinin İcra Şöbəsi də bizə iyulun 25-nə kimi vaxt qoydu və evi boşaltmağımızı tələb edir. Mənim əlimdə qarşı tərəfin müqaviləsinin saxta olması barədə rəy ola-ola, məhkəmələr məni haqsız çıxarır. Saxta müqavilə il məni evimdən çıxarmaq istəyirlər. Biz məcburi köçkünük, anam xəstədir. Bizim başqa qalacaq yerimiz də yoxdur. Anam, yoldaşım, qızlarım küçədə qalmalıdır? Beş ildir mən o evdə yaşayıram. Gedib başqa səfirlikdən sığınacaq istəyim? Axı mən nə edim? Çarəsiz qalmışam, kimə şikayət edəcəyimi də bilmirəm”.
E.Abbasov qeyd edib ki, başlarına gələn hadisə ilə bağlı müqafiq qurumlara müraciət ünvanlayıblar və əlavə kassasiya şikayəti verəcəklər.