“Hürriyyət”in baş redaktoruna “elektron qandal”lı ev dustaqlığı seçilə bilməz? -Evi, villası yoxdur, yoxsa haqqı, hüququ çatmır?

Qarabağ qaziləri məhbəsə oxşayan evlərini təklif edir
Yenixeber.org: “Hürriyyət”in baş redaktoru, Qarabağ qazisi Vüqar Tofiqoğlunun qəfil saxlanılıb həbs edilməsindən beş gün keçdi. Ailəsi kimi, hamı onun həbsinin qanunsuzluğundan, ədalətsizlikdən danışır. Yadıma yunan filosofu Sokratın həbsinin qanunsuz olmasına verdiyi cavab aforizmi düşdü: “Bəs siz istəyirdiniz ki, həbsim qanuni, ədalətli olsun?”
Həbsin qanunsuzluğu kimi, qətimkan tədbirinin seçilməsi də ədalətsiz, antihumanist qərardır; Prezidentin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin genişləndirilməsi barədə” Sərəncamının tələblərinə zidddir. Prezident məhkəmələrə tövsiyə edib ki, həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar. Araşdırılıb, yoxlanılıbmı? Yox! Nədən ittihamın öncə bir cür, sonda tamama başqa olduğu üzə çıxıb.
PA-nın, AMEA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin dövlətə qarşı ən ağır cinayətdə ittiham olunması və barəsində həbslə bağlı olmayan ev dustaqlığı seçilməsi yaşının çoxluğu ilə izah edilir. Olsun, bəs cavan yaşamlarını dövlətin, vətənin azadlığı yolunda qurban verənlər necə olsun? Qarabağ qazisi Vüqar Tofiq oğlu Məmmədova qoluqandallı ev dustaqlığı da seçmək olmaz? Necə olur, dövlətə xəyanətdə suçlanan şəxs villasında dustaq edilir, amma dövlətin müdafiəsində xidməti olan şəxsin evdə dustaqlığı ittihamın da, məhkəmənin də yadına düşmür? Bəlkə Vüqar bəyin evi yoxdur, ona görə evdə “elektron qandal”la təltif oluna bilməz? Qarabağ qaziləri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qazi və şəhid ailələrinə 2009-cu ildə tikilən və PA , NK, Nərimanov RİH məmurlarının zəbt etdiyi evlərini təklif edir. Bu evin məhbəsdən elə böyük fərqi yoxdur, dörd yandan evi zəbt edənlərin hasarları ilə çevrələnib, pandüsü belə yoxdur, evin iç divarının hündürlüyü, ən azı, 2.7 metr olmalı olduğu halda, əlil, şəhid evində 2.5 metrdir; həyəti, bir dənə ağacı da yoxdur. Məhbəsdən nəyi pisdir? Qoy Qarabağ qazisi Vüqar Tofiqoğlu bu məhbəsdə “elektron qolbaq”da hökmünü gözləsin də! Onsuz da hökm də öncədən hazırdır, belə siyasi ittihamların hökmləri öncədən bəllidir.
Vüqar Tofiqoğluna “ev dustaqlığı” “azadlığı”!
Məğrur Bədəlsoy , 1-ci d. Qarabağ qazisi
P.S. Savaş dostumuz Vüqar Tofiq oğlu Məmmədovun həbsini eşitdiyimiz ilk gündən müdafiəsinə qoşulmuşuq. “QARABAĞ QAZİLƏRİNİN VÜQAR TOFİQ OĞLU MƏMMƏDOVUN MÜDAFİƏ KOMİTƏSİ” olaraq Prezident İLHAM ƏLİYEV CƏNABLARINDAN, 1-ci vitse-prezident, XANIM MEHRİBAN ƏLİYEVADAN Qarabağ savaşı qazisi Vüqar Məmmədovun ev dustaqlığına buraxılmasını diləyirik.









AZ
RU