Zalxa Osmanovanın rəhbərlik etdiyi Suraxanı Doğum Evində “təmirdən” gəlirə uzanan yol – Şikayətlər artır, TƏBİB isə susur

Suraxanı Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Doğum Evinin baş həkimi Zalxa Osmanova ilə bağlı redaksiyamıza ciddi və narahatedici şikayətlər daxil olub.
Yenixeber.org: Məlumata görə, baş həkim adı çəkilən tibb müəssisəsində təmir işləri aparıldığını əsas gətirərək, bütün tibbi personaldan qanunsuz şəkildə pul tələb edir.
Həkimlərdən 1000, tibb bacılarından isə 500 manat…
Şikayətçilərin bildirdiyinə görə, hazırda təmir bəhanəsi ilə baş həkim həkim heyətindən 1000 manat, tibb bacılarından isə 500 manat məbləğində “pay” yığır. İddia olunur ki, bu tələblərə qarşı çıxan əməkdaşlar açıq-aşkar təzyiqə məruz qalır, işdən çıxarılmaqla hədələnir.
Müəssisədə yaranmış gərgin vəziyyətlə bağlı redaksiyamıza daxil olan şikayətlərə əsasən, Zalxa Osmanova xəstəxananı dövlət qanunları ilə deyil, şəxsi qaydaları ilə idarə edir. İşçilər bu vəziyyətdən bezdiklərini, lakin işlərini itirməmək üçün məcbur qalıb susduqlarını bildirirlər.
Dövlət təmir üçün vəsait ayırıb, bəs bu yığılan pullar hara gedir?
Xatırladaq ki, əvvəllər Suraxanı 3 saylı Doğum evi kimi fəaliyyət göstərmiş müəssisə, struktur dəyişikliyindən sonra Suraxanı Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyinə verilərək doğum evi kimi yenidən fəaliyyətə başlayıb. Qısa müddət əvvəl yüngül təmir görən müəssisədə yenidən “təmir” adı ilə pul yığımı təşkil olunması isə ciddi suallar doğurur. İddialara görə, artıq toplanan məbləğ 30 min manata çatıb.
Şəffaflıq haradadır? TƏBİB niyə susur?
Şikayətçilər bildirir ki, bu qanunsuzluqların qarşısını almaq əvəzinə, baş həkim daha çox “məlumatın sızdırılma” yollarını araşdırmaqla məşğuldur. Halbuki əsas məsələ, dövlətin ayırdığı vəsaitlərin taleyi və baş həkimin bu prosesdəki rolu olmalıdır.
Media olaraq bildiririk ki, istənilən halda, məlumat verən şəxslərin kimliyi onların razılığı olmadan paylaşılmır və bu cür təzyiqlər yalnız ictimai etimadı sarsıdır.
TƏBİB və digər nəzarət orqanları məsələyə nə vaxt müdaxilə edəcək?
Sonda sual açıq qalır: dövlət xəstəxanasında çalışan tibb işçiləri maaşlarından artıq şəkildə qanunsuz ödəniş etməyə məcbur qalırsa, bu, hansı qanunlara uyğundur? Baş həkimin bu vəzifədən istifadə edərək şəxsi gəlir əldə etməsi və “kim veribsə, verdi – qalanlar da versin” prinsipi ilə idarəçilik aparması hansı etik normalara sığır?
Məsələni diqqətdə saxlayacağıq. Aidiyyəti qurumların məsələyə rəsmi münasibətini gözləyirik.(Bakunews.az)