Bir vaxtlar demək olar ki, ölkənin hər yerində, xüsusilə iri ticarət mərkəzlərində, metro çıxışlarında, insanların sıx toplaşdığı ərazilərdə, ucqar kəndlərdə, belə "at oynadan" Azərlotereya brendi bu gün artıq əvvəlki kimi diqqət çəkmir.
Yenixeber.org: Görünən budur ki, böyük ümidlərlə qurulan, bahalı reklamlarla müşayiət olunan bu sistem artıq öz əvvəlki gücünü və ictimai inamını itirməkdədir.
Parlaq başlanğıc və sürətli genişlənmə
"Azərlotereya" fəaliyyətdə olduğu ilk mərhələlərdə diqqətçəkən sürətlə böyüdü. Paytaxtın və bölgələrin əsas nöqtələrində satış məntəqələri quruldu, reklam çarxları, sosial media kampaniyaları, böyük media əlaqələri və uduş imkanları ilə geniş kütlənin marağı oyadıldı. Hətta bir çox vətəndaş gündəlik büdcəsindən müəyyən məbləği lotereya biletlərinə ayıraraq, gələcəyini bir uduşa bağlayırdı.
İnsanların bu oyunlara meyli yalnız maddi səbəblərlə bağlı deyildi, bu, həm də psixoloji bir təsəlli, gündəlik həyatın çətinliklərindən bir çıxış yolu kimi qəbul edilirdi. Küçələrdə növbələr yaranır, insanlar ümidsiz də olsa, bir şans axtarırdı.
İnam böhranının başlanğıcı
Lakin son aylar ərzində ictimai rəy tamamilə dəyişib. Geniş apardığımız müşahidə və sorğular göstərir ki, artıq çox az insan lotereya almağa maraq göstərir. Metro çıxışlarında, əvvəllər hər biri fəaliyyət göstərən 5-7 satış məntəqəsindən indi yalnız biri və ya ikisi açıq olur, bəzilərində isə sadəcə boş stendlər və bağlanmış qutular qalıb. Əsas səbəblərdən biri kimi insanlar uduş ehtimalının çox aşağı olduğunu, hətta bəzən 10 biletdən yalnız birinin simvolik bir məbləğ qazandırdığını deyirlər. Uzun müddət uduşsuz qalmaq, nəticə əldə edə bilməmək, ardıcıl “itkilər” bu sahəyə olan marağı minimuma endirdi. Bu isə ümumi bir etibar böhranına gətirib çıxardı.
Şəffaflıq çatışmazlığı və ictimaiyyətin gözləntiləri
Azərlotereyanın hazırda ciddi bir kommunikasiya problemi yaşadığı da görünür. Şirkət enişi ictimaiyyətə izah etmir, şəffaf şəkildə uduş mexanizmlərini açıqlamır və ya narazılıqlara münasibət bildirmir. Halbuki bu gün istifadəçi davranışları dəyişib, insanlar şəffaflıq istəyir...
Bugünkü mənzərəyə baxdıqda aydın olur ki, Azərlotereya sadəcə bir oyun və ya əyləncə platforması deyil, həm də insanların sosial və psixoloji gözləntilərini əks etdirən bir "güzgü" idi. Lakin bu güzgü artıq çatlayıb və insanlar onun arxasındakı reallığı görməyə başlayıb. Daha geniş reportaj yaxın günlərdə oxuculara təqdim ediləcək.
Aşağıda gördüyünüz hesabat 2023-2024-cü ilə aiddir. Məbləğın 1 il ərzində ciddi artımla müşahidə olunduğu açıq görünür.
Amma 2025-ci ilin hesabatı olduqca maraq doğuracaq...(bizimxeber.az)
Ədil Hüseynov