“Mayomed” klinikası barəsində qanunsuz fəaliyyət iddiaları
Yenixeber.org: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Mayomed” klinikası barəsində sosial şəbəkələrdə tez-tez tirajlanan qanunsuz fəaliyyət iddiaları ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.
Daxil olan məlumatlara görə, klinikada Əmrah Mehdiyev adlı şəxs və onunla birlikdə bir sıra diplomu və rəsmi icazəsi olmayan şəxslər tərəfindən kosmetoloji prosedurlar həyata keçirilir. İddialara əsasən, bu şəxslər heç bir tibbi səlahiyyətə malik olmadan pasiyentlər üzərində estetik və tibbi müdaxilələr aparırlar.
Qeyd edək ki, bir neçə həftə öncə “Baku.tv” telekanalının əməkdaşları tərəfindən aparılan jurnalist araşdırması zamanı “Mayomed” klinikasında bir sıra nöqsanlar üzə çıxarılmış və bu barədə video material sosial media platformalarında yayımlanmışdı. Klinikanın müdiri vəzifəsində çalışan Ceyhun adlı şəxs isə iddiaları təkzib edərək işçilərin hamısının diplom və sertifikatla təmin olunduğunu bildirmişdi.
Lakin səhiyyə sistemində son dəyişikliklər və Səhiyyə Nazirliyinin yeni qərarları ilə əlaqədar olaraq, klinikada çalışan bəzi qeyri-peşəkar və qeyri-legitim “həkimlərin” rəsmi şəkildə işdən azad edildiyi bildirilsə də, etibarlı mənbələr həmin şəxslərin gizli şəkildə fəaliyyətlərini davam etdirdiyini iddia edir. Ceyhun adlı rəhbər isə media nümayəndələrinə bu şəxslərin artıq klinikada çalışmadığını sübut etmək üçün sənədlər təqdim etsə də, real vəziyyətin fərqli olduğu iddia olunur.
Bu səbəbdən, Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən klinikada geniş və obyektiv araşdırmanın aparılması tələb olunur. Əgər deyilənlər təsdiqini tapsa, bu zaman birbaşa pasiyentlərin sağlamlığının təhlükəyə atıldığı aşkar olacaq.
İnanır ki, aidiyyəti dövlət qurumları mediada yayılan bu tip məlumatlara biganə yanaşmır və bu məsələ ilə bağlı da ciddi reaksiya veriləcək. Əgər qanunsuzluqlar təsdiqlənsə, qanunvericiliyə uyğun şəkildə cavabdeh şəxslər barəsində hüquqi tədbirlər görüləcək və ictimaiyyətə rəsmi açıqlama təqdim olunacaq.