"Karaca"da endirim kompaniyası, yoxsa... -ŞİKAYƏT

Mağazaların “endirim”strategiyası hər kəsə məlumdur. Çox nadir hallarda tək-tük mağazalarda ədalətli endirim kampaniyaları olur. Bəs bu “endirim” kampaniyaları nə dərəcədə ədalətlidir? İstehlakçılar bu hallarla rastlaşdıqda nə etməlidir?
Yenixeber.org: Görünən odur ki, endirim kampaniyaları istehlakçını qapıdan içəri salmaq üçün tələdir.Bu cür“kampaniyalar” zamanı istehlakçı hüquqları daha çox pozulur.
“Karaca” mağazası istehlakçı hüquqlarını pozur
Bu günlərdə redaksiyamıza müraciət edən vətəndaş (Əliyeva.K) istehlakçı hüququnun kobud şəkildə pozulmasından şikayətlənmişdir. Vətəndaş bildirir ki, o, 2025-ci il yanvarın 13-də “Karaca” mağazalar şəbəkəsinin paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsi 20 A ünvanında fəaliyyət göstərən “Xalqlar Dostluğu” filialından əsasən qab-qacaq dəstlərindən ibarət cehizlik əşyalar almış, malların qiymətini təşkil edən 792,42 manat pulu təmassız qaydada kartla ödəmişdir. Qeyd edir ki, onu həmin mağazaya aparıb çıxaran səbəb orada 70 faiz endirim kampaniyasının güclü reklam edilməsi olmuşdur.
Lakin pulu qabaqcadan alınsa da, ilk bir həftə ərzində mal vəd edildiyi kimi, ona çatdırılmamışdır. Bu müddət ərzində müştəri həmin malların qiymətinin başqa mağazalarda hətta endirimsiz daha ucuz olduğunu müşahidə etmiş, aldadıldığını başa düşmüşdür: “Təsəvvür edin ki, 70 faiz endirimdən sonra 150 manata bizə verdikləri qab başqa mağazada 45 manatadır”. Bundan sonra o, filial rəhbərliyinə müraciəıt edərək, haqlı iradını bildirmiş, onsuz da ona çatdırılmayan malı almaqdan imtina etmiş, pulunun geri ödənilməsini tələb etmişdir. Di gəl, mağaza müdiriyyəti ona halal pulunu qaytarmağı hər vəchlə ləngidir. Deyiblər ki, geri ödəniş bir ay ərzində yalnız bank vasitəsilə həyata keçirilə bilər. İndi isə fevral ayı bitir, daha vətəndaşın telefon zənglərini belə qaldırmırlar.
Məlumat üçün bildirək ki, hazırda Gəncəli İsmayılovun təsisçisi olduğu “Evfemiya” MMC məşhur brend qab-qacaqlarının satışını həyata keçirən “Karaca” mağazalar şəbəkəsini idarə edir. “Evfemiya” adının özü də Çexiyanın məşhur qab-qacaq şirkətinin adından götürülüb. Bu məhsullar da “Karaca”da satılır.
İnternet üzərindən araşdırma aparıb gördük ki, ötən il sentyabr ayında Nəsimi rayonu Mir Cəlal 10 ünvanında yaşayan bir başqa vətəndaş da Bakı şəhər Nəsimi rayon filialı, Azadliq 99 ünvanında yerləşən "Karaca" magazasında eyni problemlə üzləşməsini mediada ictimailəşdirib. Ona da əvvəlcə 30 günlük, daha sonra isə 60 günlük vəd veriblərmiş. Axırda polisə müraciət edib. Mübahisələrinin sonrakı gedişatı bəlli deyil.
Həmin vaxt jurnalist həmkarlarımız məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun münasibətini öyrənmiş, ekspert isə məlum hadisəni istehlakçı aldadılması və hüququnun pozulması kimi dəyərləndirmişdi: “Bu gün ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir. İstehlakçı hüquqlarına dair qanun 1995-ci ildə qəbul olunub. Ondan sonra olan bütün dəyişikliklər istehlakçının zərərlərinə səbəb olub. Qaldı ki, “Karaca” mağazalar şəbəkəsinə, bu şirkətdən çoxsaylı şikayətlər gəlir. Bu şirkət də digər biznes qurumları kimi “pulunu ver, itil cəhənnəmə” prinsipi ilə işləyir. Pulunu alandan sonra istehlakçı onların qapısını açıb, geri dönə bilmir. Karta ödəniş olarsa və geri qaytarma baş verərsə, istehlakçının pulu 15 gün müddətində geri qaytarılmalıdır. Tövsiyəm budur ki, şikayətçi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsin”.(mediatv.az)

