Sahibsiz Bakı... -şəhəri iki günə iflic qoyan üç məmur kimdir?
Bakı fevralın 23-də ağ örpəyə deyil, yarıtmaz məmuriyyətin qaramatına bürünmüşdü.
Yenixeber.org: Əgər bir gün əvvəl yollara xörək duzu səpirdilərsə, bu dəfəki rəzalət ondan da betər idi: şəhərin mərkəzi belə təmizlənmirdi, ictimai nəqliyyat yox dərəcəsində, insanlar küçələrdə qalıblar, taksilər qiymət "oxuyur", avtobuslar tapılmır, hamı çovğunda yollarda əsir-yesir vəziyyətdədir, məmurlar isə xəngəl yeyib, araq içirdilər. Bunun başqa adı yoxdur. Çünki Bakı iflic olmuşdu. Və bir daha göründü ki, paytaxt qışa hazır deyil. Çünki hərtərəfli şikayətlər yağırdı: bir yandan məsələn, Kürçaylı küçəsinin sakinləri istiliksiz qaldığını bildirir, mənzillərin bumbuz olduğunu deyirdilər, bir yandan işıq, su kəsilən ərazilər, yaşayış massivləri var idi - Bakı kəndləri, Ramana və s. Habelə yollardakı fəlakət, şaxta qəzalara, təhlükələrə səbəb olmuşdu. Sanki şəhərin rəhbərliyi - Eldar Əzizov komandası, AYNA və digər cavabdeh qurumlar yerində deyildi. Bütün bunların tək səbəbi var - işləmirlər, sistem qurulmayıb, texnikalar yollara çıxarılmır. Halbuki 20 milyon əhalisi olan İstanbul, Moskva kimi şəhərlərdə sistemli iş qurulub. 3-4 milyon əhalisi olan Bakı isə iki günlük yağan qara təslim olur. Çünki həqiqətən də məmurlar yatır, heç veclərinə almır. Hərçənd, Bakının rayonu üzrə tapşırıq vermək olardı, hamı öz işini görərdi, vətəndaşlar da belə əziyyət çəkməzdilər. Amma şəhər hakimi Eldar Əzizov deyir ki, Bakı o baş - bu baş 138 kilometrdir, hər yerə də çatdırmaq olmur. Əvvəla, 139 km böyük bir rəqəm deyil. İkincisi, hər rayonun icra başçısı, kommunal təsərrüfat idarələri, bir orduya bərabər işçi qüvvəsi var. Hər kəs üzərinə düşən vəzifəni öz ərazisində yerinə yetirə bilsə, paytaxt faciəvi vəziyyətdə olmazdı. Amma biz sosial şəbəkələrdə paylaşılan yüzlərlə videolarda nələrin şahidi olduq - avtobuslar depoya qayıdır, vətəndaşlar dayanacaqlarda dona-dona qalıblar, taksi tapılmır, olanlar da baha qiymətə. Hətta metronun "Koroğlu" stansiyası qarşısında axşam saatlarında böyük bir ajiotaj yaşanırdı. İnsanlar çöllərdə qalmışdılar və maşın tapılmırdı. Bəs, bu avtobuslar hardadır? AYNA, BNA kimi yaramaz qurumlar bu şəraitdə də normal işləmirsə, nə zaman işləyəcəklər? Bu qurumların işinin adı nədir? Dayanma-durma cərimələri yazmaq? Axı dünyanın hər yerində elə qarlı-çovğunlu havalarda qurumlar öz işini gücləndirir, ictimai nəqliyyat daha effektiv işləyir, bizdə niyə tərsinədir? Yalnız polis gücləndirilmiş iş rejimində yüksək səviyyədə fəaliyyət göstərir. Bəs, necə olur ki, polis bu şaxtada-boranda işləyir, Bakı şefi Eldar Əzizovun texnikaları, AYNA və digər yaramaz, xalqı saymayan qurumlar işləmir? Polisdən onların hansı hüququ artıqdır? Kəsəsi, 2 günlük qar göstərdi ki, bu qurumlar vecsizdir, onlara güvənmək olmaz. Nəticədə yollar buz bağladı, təmizlənmədi, avtoqəzalar, piyadaların vurulması, yıxılıb xəsarət alanlar oldu, avtobuslar işləmədi, hamı Allahın ümidinə qaldı. Bütün bunlar Avropa ölkələri ilə fərqimizi göstərdi - nəqliyyatın təşkilində, yolların buzdan təmizlənməsində, məsuliyyətdə, korrupsiyada, texnikaların yoxluğunda, ya da varkən gizlədilməsində...
Bunun üçün üç əsas günahkarı var - BŞİH rəhbəri, nomenklatura adamı Eldar Əzizov, AYNA sədri, Şotlandiya, Niderland şirkətlərində vaxtilə çalışmış, amma Qərb təcrübəsini deyil, Azərbaycansayağı variantı tətbiq edən Anar Rzayev və BNA rəhbəri, yeyintilər üzrə "mütəxəssis" Vüsal Kərimli... Onları tanıyın və unutmayın!(anaxeber.info)