Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Erməni separatçılarının başını əzsək də, Bakıdakı düşmənlərimizə əsir düşdük” -II Qarabağ müharibəsi qazisindən Mehiban Əliyevaya ŞOK MÜRACİƏT

“Erməni separatçılarının başını əzsək də, Bakıdakı düşmənlərimizə əsir düşdük” - II Qarabağ müharibəsi qazisindən Mehiban Əliyevaya ŞOK MÜRACİƏT

II Qarabağ müharibəsi qazisi, Şabran rayonu, Çölquşçu kəndində yaşayan Şərifov Elmar Vüqar oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Yenixeber.org: Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli Mehriban xanım!

Hər bir Azərbaycan vətəndaşı kimi mən də Sizə humanizm və xeyirxahlıq mücəssəməsi, mədəniyyətimizin və mili-mənəvi dəyərlərimizin hamisi kimi dərin hörmət və ehtiramla yanaşır, Sizi hər bir vətən müharibəsi veteranı və qazisinin himayədarı bilir, Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fondu isə ümid qapısı hesab edirik. Ona görə də vətən müharibəsi qazisi kimi məruz qaldığım məmur özbaşınalığı və silsilə qanunsuzluqlardan Sizə pənah gətirmişəm.

İlk növbədə haqq-ədalət naminə qeyd edim ki, ideya müəllifi olduğunuz “DOST” konsepsiyasının imkanları daxilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətən müharibəsi qazilərinin məşğulluğu, maddi-məişət şəraitinin yaxşılaşdırılması, reabilitasiyası istiqamətində böyük işlər görülsə də məsuliyyət, vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlər, təəssübkeşlik hissləri olmayan, işlədiyi quruma təsadüf nəticəsində “paraşütlə”, hansısa həmyerlilərinin himayəsi ilə “düşmüş” təsadüfi məmurların harınlığı və özbaşınalığı görülən işlərə, əldə edilən nailiyyətlərə kölgə salır.

Belə ki, mən Şərifov Elmar Vüqar oğlu 6 ildən artıq Silahlı Qüvvələrimizin tərkibində (DQ) MAXE (Müddətdən artıq hərbi qulluqçu) kimi qüsursuz hərbi xidmət etmiş, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qalib ordumuzun tərkibində Füzulinin, Cəbrayılın, Hadrutun və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, yaralanmış, rəşadətli döyüş yolu keçmiş hərbçiyəm.

Şuşadan ordu sıralarından tərxis olunduqdan sonra mülki həyatda ailəmi dolandırmaq və halal zəhmətimlə dolanışığımı təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada idarənin sürücüsü kimi əmək fəaliyyətinə başladım. İşə başlayarkən işlə təmin olunmağıma sevinsəm də bu sevincim uzun çəkmədi və “qara günlər”imin məhz bundan sonra başladığını anladım.

Açığı, müharibədə döyüşərkən, elə bilirdim ki, dövlətimizin və xalqımızın düşmənləri təkcə cəbhənin o tərəfində, önümüzdəki erməni separatçılarıdır. Lakin bu qurumda işə başladıqdan sonra anladım ki, xalqımızın əsl və ən məkrli düşmənləri elə arxa cəbhədə, mülki həyatda imiş. Biz açıq döyüşlərdə erməni daşnaklarına əsir düşmək ehtimalını nəzərə alaraq son gülləmizi özümüz üçün saxlayırdıq, amma əfsuslar olsun ki, Bakının mərkəzində burdakı düşmənlərimizə əsir düşdüm. İndi Sizə 3 aylıq “əsirlik həyatımdan” bəhs edəcəyəm.

Belə ki, Milli Observatoriyanın antimilli İdarə Heyətinin üzvü Hasil Vasif oğlu Abbasov məni, İdarənin balansında olan dövlət avtomobilini, dövlətin yanacağını gecə-gündüz demədən, şəxsi məqsədləri, qeyri-ənənəvi eyş-işrət dolu gecə həyatı (milli-mənəvi dəyərlərimiz və tərbiyəm imkan vermədiyindən təfsilatlı yazmağa xəcalət çəkirəm), yüngül həyat tərzi istiqamətində itismar etmiş, iş vaxtım güya 9.00-dan 18.00-a olmasına baxmayaraq, gecələr onu mütəmadi olaraq barlar, hotellər, kafelərdə müşayiət etməli olmuşam. Gecələrlə yanaşı, gündüzlər də H.Abbasov istismarçılığını davam etdirir, məni nəinki iş saatlarından sonra, iş saatlarında da müxtəlif şəxsi məqsədləri üçün istismar etmişdi. Bütün bunlar nəinki iş günlərində, həftəsonu, qeyri-iş günlərində də davam edirdi. Yuxu rejimim və sağlamlığım o qədər pozulmuşdu ki, bir şənbə günü məhz onun tapşırığı ilə, yenə də onun şəxsi işlərini icra etmək üçün gedəndə 20 Yanvar dairəsi adlanan ərazidə yorğunluqdan qəza törətdim və H.Abbasovun tələbi ilə təxminən öz vəsaitim hesabına 400 manat xərc çəkərək avtomobili təmir etdirdim. Danışanda vicdandan pafoslu cümlələr quran H.Abbasov isə 1 qəpik də olsa mənə kömək etmədi və mən borc-xərc hesabına, maddi-məişət şəraitim (daha doğrusu şəraitsizliyimin) acınacaqlı olmasına və kirayədə yaşamağıma baxmayaraq avtomobili özüm təmir etdirməli oldum. Sərxoş və namünasib vəziyyətdə olan H.Abbasov mütəmadi olaraq gecələr məni kirayə qaldığım evdən özünün ənənəvi (bəzən isə qeyri-ənənəvi) keyf çəkdiyi məkanlara çağırır, gecə ailəmi-uşağımı qoyub, ictimai nəqliyyat işləmədiyindən, uşağımın boğazından kəsib cibimdəki son manatımla taksi pulu verib onu ordan evinə və ya başqa haralarasa aparmalı olur, üzdəniraqlara bir gecədə səxavətlə yüzlərlə manat xərcləyən H.Abbasov mənə 4-5 manat taksi pulumu belə ödəmirdi.

Təbii ki, bütün bunları H.Abbasov Milli Observatoriyanın Antimilli İdarə Heyətinin sədri Səfərli Elnur Novruz oğlunun, onun himayəçisi və həmyerlisi, uşaqlıq dostu Nazirliyin Strateji planlaşdırma şöbəsinin müdir müavini Rəşad Zalovun, həmçinin həmin şöbənin keçmiş müdiri, yenə də sonuncularla eyni regiondan olan Əliyev Sadiq Cabir oğlunun himayəsi ilə edirdi. Elnur Səfərli heç bir elmi dərəcəsi, elmi nailiyyəti, müvafiq sahədə bircə səhifə nəinki elmi əsəri, heç mütaliəsi belə olmadan sonuncunun bizə məlum olmayan motivlə himayəsi ilə (hər halda “qara qaşına” görə yox) sosial sahədə beyin mərkəzinin, elmi mərkəzin İdarə Heyətinin sədri vəzifəsinə “paraşütlə” “düşmüşdü”.

Təbii ki, avtoqəzadan sonra, üstəlik də qeyri-iş günlərindəki radarlara görə DYP-dən qeyri-iş günlərində və qeyri-iş saatlarında idarənin qarajında olmalı olan avtomobillərə görə inzibati xəta protokolları idarəyə daxil olduqca bütün bu əməllərin üstü açılmağa başlayanda, Hasil Abbasovun təklifi ilə Elnur Səfərli məni şahid saxlamamaq və iz itirmək üçün qanunsuz olaraq işdən çıxardı. Mənimlə kifayətlənməyən bu “cütlük” mənimlə ünsiyyəti olan bütün əməkdaşları müxtəlif bəhanələrlə işdən uzaqlaşdırmağa başladı (Bu proses hal-hazırda davam edir).

Aylardır ki, işsiz, qazancsız, himayə etməli olduğum valideynimin himayəsində çıxılmaz vəziyyətdə yaşamaqdayam. Məruz qaldığım bu istismar, haqsızlıq və qanunsuzluqlar nəticəsində həyata, yaşamağa bütün ümidlərimi itirmişəm. Artıq başa düşmüşəm ki, uğrunda canımı, qanımı fəda etməyə hazır olduğum, dəfələrlə ön cəbhədə ölümlə üz-üzə gəldiyim bu vətən sən demə bizim yox, Hasil Abbasov, Elnur Səfərli kimilərin imiş, onlar bu vətəndə ağa, biz isə kölə imişik.

Başa düşürəm ki, əslən, vaxtilə ərazisi işğal altında olmuş rayonlarımızdan birindən olmasına baxmayaraq, düşmən tapdağı altında qalmış ata-babalarının uyuduğu torpaqları qorumaq bir yana, adicə vətən qarşısında 1 illik icbari hərbi xidmətini belə etməkdən yayınmış, “dezertir” Elnur Səfərli hardan biləcəkdi oddan-alovdan keçmiş, həyatını təhlükəyə atmış bir vətən fədaisinin, müharibə veteranının dəyərini?

Görün, bir məmurun qudurğanlığına, harınlığına və acgözlüyünə baxın ki, aylarla işçini, özü də müharibə veteranını onun maddi vəziyyətinin ağır olmasından və işə möhtac olmasından sui-istifadə edib aylarla gec-gündüz şəxsi keyfin, zövqün və əyyaş həyat tərzin üçün istifadə edəsən, bununla yanaşı, dövlətin avtomobilini, yanacağı bu məqsədlə istismar edəsən və bütün  bunlar ifşa olunarkən özünü “sudan quru çıxarmaq” üçün bir vətəndaşın çörəyinə, iş yerinə bais olasan. Əfsuslar olsun ki, adıçəkilən məmurlar öz himayədarları tərəfindən himayə olunur, onların qanunsuz əməlləri ört basdır edilir, etdiyim şikayətlərə və müraciətlərimə formal yanaşılır.

Hörmətli Mehriban xanım,

Səmimi olaraq etiraf edim ki, hal-hazırda işsizlik, yoxsulluq, imkansızlıq nəticəsində nə ailəmə-uşağıma atalıq, nə valideynlərimə övladlıq edə bilmirəm, əksinə onların əlinə baxmaq məcburiyyətində qalmışam. Hal-hazırda intihar etməkdən başqa çıxış yolum qalmayıb. Yeganə ümidim Sizədir.

Sizdən bir keçmiş hərbi qulluqçu, bir müharibə veteranı, bir vətəndaş kimi xahiş edirəm ki, şikayətimdə göstərilən halları şəxsi nəzarətinizə götürəsiniz və mənim işə bərpa olunmağıma, işlə təmin edilməyimə köməklik göstərəsiniz”.("Hurriyyet")

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam