Böyük pulların dövr etdiyi bu sahədə rəqabət, yoxsa qara piar kampaniyası gedir?
Yenixeber.org: Bir neçə gündür Azərbaycanda estetik cərrahlarla bağlı yayılmış informasiyalarla əlaqədar müxtəlif müzakirələr aparılır. Bildirilir ki, Azərbaycanda estetik cərrahiyə sahəsində çalışan şəxslər arasındakı bu qarşıdurma son günlərin məsələsi deyil. Belə ki, bir müddət əvvəl 17 estetik cərrah müxtəlif dövlət qurumlarına fəaliyyət göstərdikləri sahədəki digər 50-yə yaxın həmkarları barədə şikayət məktubları göndəriblər. Aralarında Vüqar Ələkbərov, Adil Cümşüdov, Dilqəm Məhərrəmov, Mahir Əliyev, Dilqəm Məmmədov və digərlərinin də olduğu həmin qrup plastik cərrahiyyə sahəsindəki vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarının tədbirlər görməsini tələb edib. (Qafqazinfo)
Bundan sonra dövlət qurumları həmin estetik cərrahlar və işlədikləri klinikalarla bağlı araşdırmalara başlayıb. 10-a yaxın klinikada tibb işçilərinin ixtisasına uyğun fəaliyyət göstərməməsi müəyyən edilərək onların barəsində inzibati tədbirlər görülüb. Bunlardan bəziləri haqqında mətbuata da məlumat verilib.
Lakin qarşı tərəf də 50-yə yaxın estetik cərrahdan şikayət edən 17 həmkarının bir çoxunun özünün də müvafiq ixtisasının olmadığını, rezidenturadan keçməməsini bildirir. Belə ki, estetik cərrahiyyə ixtisası ölkəmizdə son 3-4 ildir formalaşsa da, şikayətçilərdən bəzilərinin 20 ildir plastik cərrahiyyə əməliyyatları etməsi məlum olur.
Bununla yanaşı, adları çəkilən, yəni həmkarlarından şikayətçi olan plastik cərrahların bir çoxunun ali təhsilinin tibb sahəsi üzrə olmaması da qeyd edilir. Barələrində şikayət edilmiş tibb işçiləri bildirir ki, 50 həmkarının cəzalandırılmasını istəyən həkimlər arasında Azərbaycan Beynəlxalq Universitetinin, Odlar Yurdu Universitetinin məzunu olanlar da var.
Həmçinin qeyd edilib ki, 17 estetik cərrahın qurumlara etdikləri şikayətlərdə digər cərrahların insan sağlamlığına önəm verməməsi, ağırlaşmaların olması vurğulanır. İnternet resurslarında və əvvəllər dövlət qurumlarına edilmiş müraciətlərdə isə həmin həkimlərin öz xəstələrinin də dəfələrlə onlardan şikayətçi olmasına dair məlumatlara rast gəlmək olur.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova İnstagram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib. O, həmin həkimlərin nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia edib. Qarşı tərəf isə Q.Ataşovanın özünün kimlərinsə sifarişini yerinə yetirdiyini iddia edib.
Məsələ bağlı Qənirə Ataşova bizə danışıb. Jurnalist “Necə oldu ki, Bakıdakı saxta diplomlu həkimlər barəsində araşdırma aparmaq qərarına gəldiniz?” sualına belə cavab verib: “Sosial şəbəkələrdə özünü bloger, həkim və sairə adlandıran bir xanımın tez-tez vaginoplastik prosedurlarla bağlı açıq-aşkar paylaşdığı videolarla qarşılaşırdım. Düşündüm ki, bu xanım kimdir ki, otağında ədəbsizcəsinə xalqımızın qadınlarını videoya çəkir. Onun haqqında araşdırma apardım və məlum oldu ki, Günel Əzizova nəinki həkim, heç tibb işçisi deyil, amma özəl klinikalarının birində vaginasiya və vaginaplastika kimi ciddi əməliyyatlar edir. Bununla bağlı özünə və xəstəxanaya sorğular yazdım. Bu zaman müğənni Xatirə İslam mənə səs göndərdi ki, "Günel Əzizova mənim bacımdır, ona toxunma, onun kurslarının pulunu mən özüm ödəmişəm". Onun çalışdığı klinika da “feyk”dir. Həmin klinika vaxtilə ölkənin güclü nazirlərindən birinin əhatəsində olub, sonra isə kiməsə satılıb. Günel Əzizovanın özü əməliyyat apara bilmədiyindən, işə peşəkar cərrahları cəlb edir və pulu onlarla yarı bölür. Yəni əslində klinikaya xəstə cəlb edən, aldadandır. Xalqın sağlamlığı üzərində “bazarlıq” etmək olmaz! Dövlətin bir nəzarət mexanizmi olmalıdır ki, hər yerindən duran özünə həkim deməsin.
Beləliklə də mən öyrəndim ki, insanlar kurs keçərək, Bakıda əyninə tibbi xələt geyinib, əməliyyatlara, müayinələrə girir, insanların taleyi ilə oynayır. Sosial media üzərindən araşdırmalar apararkən xeyli insanlar mənə yazmağa başladı. Onların arasında daha çox uğursuz plastik əməliyyatlardan əziyyət çəkənlər idi. Həmin şəxslər özlərinə artıq vəkil tutublar və mən də onların vəkilləri ilə danışarkən qalmaqala səbəb olan siyahıya gəlib çıxdım.
Məlum olduğu kimi, 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər həkim ola bilməz. Amma heç bir estetik cərrah bu ixtisas üzrə rezidentura təhsili almayıb. Sual yaranır: Bəs necə oldu ki, bu adamlar rezidentura keçmədən istisas dəyişimi edib, estetik cərrah oldular? Sizcə, 9 günə ixtisas dəyişimi etmək olarmı? Bir vətəndaş kimi şəxsən siz öz taleyinizi 9 günə ixtisas dəyişən həkimə həvalə edərdiniz?"
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla bizə danışıb. Professor qeyd edib ki, hazırda geniş vüsət alan estetik cərrahlıq ümumi cərrahlığın yeni sahəsidir: “Bu istiqamətdə əvvəllər də əməliyyatlar həyata keçirilib. Hazırda isə çox geniş vüsət alıb. Estetik cərrah olan şəxslərin hər birinin ümumi cərrahlıq təcrübəsi olmalıdır. Bəzi ölkələrdə bu 7 bəzilərində 5 ildir. Yəni rezidentura bitdikdən sonra həmin şəxslərin ümumi cərrahlıq praktikası olmalıdır. Çünki estetik əməliyyatların böyük əksəriyyəti üzdə, qarının ön divarında və bədənin digər yerlərində aparılır ki, bu da anatomiyanın dəqiq bilicisini tələb edir. Bu baxımdan da ümumi cərrahi prinsiplərə yiyələnmək çox vacibdir.
Əgər kimsə bu sahədə Azərbaycan qanunvericiliyini, qaydaları pozursa, saxta diplomla və yaxud sənədlə fəaliyyət göstərirsə, təbii ki, hüquqi cəzasını almalıdır. Səhiyyə Nazirliyi, Azərbaycan səhiyyəsindən məsul olan qurumlar və hüquq-mühafizə orqanları bu məsələdən məsuliyyətlidir. Hesab edirəm ki, əgər bu faktlar ortaya çıxıbsa, məsələ açılıbsa bütün amillər detallaşmalıdır. Birdəfəlik hər kəs bilməildir ki, ölkədə estetik cərrah necə, hansı sənədlərlə işləyə bilər. Buna bir aydınlıq gətirilməlidir".
Xatırladaq ki, bu ilin may ayında Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı daxil olmuş çoxsaylı müraciətlər əsasında estetik cərrahiyyə və kosmetoloji fəaliyyət sahəsində qanun pozuntularına yol verən şəxslər, eyni zamanda bu əməliyyatların aparıldığı 9 klinika və kosmetoloji mərkəzin rəhbərləri məsuliyyətə cəlb olunmuşdu.
Hüquqşünaslar bildirir ki, estetik həkimlərin səhlənkarlığı nəticəsində, hər hansı zərərin olması ilə bağlı Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində ayrıca qərar yoxdur. Amma ümumiyyətlə, bu tip əməllər Cinayət Məcəlləsinin 314- cü maddəsi ilə məsuliyyətə səbəb ola bilər. Yəni müvafiq fəaliyyətlə məşğul olmasına dair lisenziyası olmayan şəxs tərəfindən bu hərəkətlər həyata keçirilirsə, həmin şəxslər İnzibati Xətalar Məcəlləsinə, lisenziyasız fəaliyyətlə məşğul olmağa görə məsuliyyətə cəlb oluna bilərlər.
Həkimin səhlənkar, vicdansız münasibəti nəticəsində 2 ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilir. Eyni əməllər zərərçəkmişin ölümü və digər ağır nəticələrə (sifətin eybəcərləşməsi, geriyə dönüşü olmayan hal) səbəb olarsa, həkimi 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bir sual da açıq qalır: böyük pulların dövr etdiyi bu sahədə rəqabət, yoxsa qara piar kampaniyası gedir?(musavat)
Xalidə GƏRAY