Paytaxt Bakı noyabr ayında keçiriləcək COP29-a hazırlaşır. Bu məqsədlə şəhərin nəqliyyat infrastrukturunda ciddi yenilənmə işləri aparılır. Mikromobillik şəbəkələri yaradılır, piyadaların rahat hərəkətini təmin etmək üçün imkanlar genişləndirilir, tıxacın azaldılması üçün əlavə tədbirlər görülür. Görülən işlər nəticəsində velosiped və avtobus zolaqları salınıb, veloparkinqlər təşkil olunub, veloicarə xidməti istifadəyə verilib.
Yenixeber.org: Şəhərin mərkəz hissələrində avtomobil sıxlığını azaltmaq üçün bəzi ərazilərə avtomobillərin giriş-çıxışı da qadağan edilib. Görülən işlər ekologiyanın yaxşılaşdırılmasına, ətraf mühitin qorunmasına xidmət edir.
COP29 ərəfəsində yeraltı keçidlərin vəziyyəti də diqqətdə saxlanılır. Paytaxtdakı bir sıra yeraltı keçidlərdə ticarət fəaliyyəti qadağan olunub. Ancaq bəzi yeraltı keçidlərdə ticarət fəaliyyəti hələ də qalmaqdadır. Bu isə işləri dayandırılan digər sahibkarların narzılığına ciddi səbəb olur.
Bakının “20 yanvar” metrostansiyası və digər yerlərindəki yeraltı keçidlərdə ticarət dayandırılsa da, ancaq paytaxtın tam mərkəzində – “Nizami” metrostansiyasına yaxın ərazidə yerləşən “Beşmərtəbə” adlanan yeraltı keçiddə vəziyyət ürəkaçan deyil. Çox təəssüf ki, burada Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin və digər müvafiq qurumların gözləri önündə açıq anti-sanitar vəziyyət hökm sürür.
Nəzərə alsaq ki, turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri məhz paytaxtın “Beşmərtəbə” adlı yeraltı keçidinin olduğu ərazidir. Ancaq buradakı biabırçı vəziyyət, insanların sıx hərəkət etdiyi yeraltı keçiddə meyvə-tərəvəz satışı və keçidin zəbt edilməsi ciddi problemlər yaratmaqla yanaşı turistləri də diskomfort vəziyyətə gətirib.
İllərdir ki, “Beşmərtəbə” yeraltı keçidində havalandırma sistemi belə yoxdur, yanğın söndürmə balonlarının sayı isə azdır. Bu məkan gözlənilməz xoşagəlməz hadisələrdən sığortalanmayıb.
Bəs bu qədər problemlər olduğu halda “Beşmərtəbə” yeraltı keçidi niyə hələ də fəaliyyət göstərir?
Bu məkanın bağlanılmasına əngəl olan şəxslər kimlərdir?
Növbəti araşdırmamız bu barədə olacaq….(demokrat.az)