Gəncədə növbəti "Açıq mikrafon" günü keçirilib -FOTOLAR
GƏNCƏDƏ VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNƏXÜSUSİ DİQQƏT VƏ QAYĞI İLƏ YANAŞILIR
Yenixeber.org: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ardıcıl davam etdirilməsi, ölkənin bugünkü və gələcək inkişafını təmin edən dövlət proqramlarının hazırlanıb həyata keçirilməsi Azərbaycanı regionun ən güclü dövlətinə çevirmiş, onun beynəlxalq nüfuzunu xeyli gücləndirmişdir.
Müstəqillik tarixinə quruculuq səhifələri yazan Azərbaycan dövlətinin iqtisadi potensialı artdıqca onun vətəndaşlarının da güzəranı yaxşılaşır, onları narahat edən problemlər getdikcə azalır, ölkədə gedən böyük abadlıq və quruculuq işləri insanları sevindirir, bütövlükdə əhalinin irəli sürdüyü məsələlər öz həllini daha tez tapır.
Ölkə əhalisinin normal həyat şəraitini təmin etmək üçün yeridilən sosial siyasətin nəticələri günbəgün özünü göstərir. Şəhər və kəndlərimizin görkəmi tamamilə dəyişir, tikilən sənaye müəssisələri yeni iş yerlərinin açılmasını təmin edir, bütün bunlar sözsüz ki, əhalini narahat edən problemlərin həlli deməkdir.
Ölkənin iqtisadi potensialı imkan verir ki, əhalinin daha çox köməyə ehtiyacı olan kateqoriyasının, o cümlədən şəhid ailələrinin, qazilərin və xüsusi qayğıya ehtiyacı olan digər insanların həyat şəraiti daha da yaxşılaşdırılsın.
Vətəndaşların müraciətlərinə artan diqqətdən danışarkən Azərbaycan Respublikası Prezidentinin bilavasitə tapşırıq və tövsiyəsi ilə icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbərlərinin keçirdikləri qəbulların rolu da xüsusi qeyd edilməlidir.
Prezident İlham Əliyev ölkənin demokratik təsisatlarının daha da möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə, vətəndaş qəbullarına diqqətin artırılmasına böyük əhəmiyyət verir.
Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə yürütdüyü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili, xüsusən də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Gəncə şəhərində birmənalı şəkildə icra edilir.
İcra başçısı Niyazi Bayramovun rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibətinin, vətəndaşlara göstərdiyi diqqət və qayğısının əsasında məhz dövlətin və ölkə rəhbərinin vətəndaşlara olan münasibəti dayanır.
"Ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara olan münasibəti, onlara göstərdiyi qayğı hər bir dövlət məmuru üçün örnəkdir” - deyən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu amilin bundan sonra da hər bir işdə əsas götürüləcəyini sakinlərlə görüşlərində dəfələrlə vurğulayıb.
"Vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır"- deyən icra başçısı idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını dəfələrlə vurğulamışdır.
Bir ziyalı kimi bildirmək istəyirəm ki, Niyazi Bayramov böyük insani keyfiyyətlərə malik icra başçısı olduğu üçün şəhər əhalisi tərəfindən hörmətlə qarşılanır. O, heç bir mühafizə xidməti olmadan hər gün Gəncə əhalisinin arasındadır, şəhərdə istənilən vətəndaş yaxınlaşıb ona öz problemi haqqında müraciət edə bilir. Şəhər rəhbəri həmin müraciət edən şəxsi sonadək dinləyir, onun müraciətinin həll olunması istiqamətində lazımi tədbirlər görür.
Bundan başqa həm fərdi, həm də səyyar şəkildə vətəndaş qəbulları Gəncədə geniş vüsət alıb. Təkcə son ay ərzində səyyar qəbullar şəhərin Bağbanlar qəsəbəsində, Hacıkənd qəsəbəsində, Gəncə Tibb Kollecində, Futbol Təmayüllü Gimnaziyada, Məhsəti mərkəzində, 18 nömrəli tam orta məktəbdə, 16 nömrəli tam orta məktəbdə, 12 nömrəli tam orta məktəbdə, 3 saylı orta məktəbdə və s. keçirilmişdir. "Açıq mikrofon" şəraitində keçirilən bu səyyar qəbullarda şəhər rəhbəri sakinlərlə yaşadıqları ərazilərdə görüşərək, onları narahat edən məsələlərlə yerində tanış olur. Bu görüşlərdə Niyazi Bayramovla yanaşı, onun birinci müavini Səməd Tomuyev, müavin Kamran Məhərrəmov, Gəncədən olan millət vəkilləri, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami və Kəpəz bələdiyyələrinin sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edirlər.
Görüşlərdə şəhid ailələri və Vətən mühəribəsi iştirakçılarının müraciətlərinə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən şəhər rəhbərliyi bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncədə şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar. Görüşdə iştirak edən sakinlərin və həssas kateqoriyadan olan şəxslərin müraciətləri tək-tək dinlənilir.
Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, su və çirkab su xətlərinin çəkilişi, küçə işıqlandırılması sisteminin qurulması, işlə təminat, şəhərin bir sıra ərazilərində ATM-lərin quraşdırılması, əlillik dərəcəsinin təyin edilməsi, dərman preparatlarının verilməsi və digər məsələlər təşkil edir. Burada səsləndirilən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilir, dilə gətirilən bir çox məsələlər yerindəcə öz həllini tapır. İcra strukturunun səlahiyyətlərinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülür.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq bu kateqoriyadan olan şəxslərlə görüşür, onların qayğıları ilə maraqlanır, müraciət və təkliflərini dinləyir.
Bu yaxınlarda 44 günlük Vətən müharibəsi zamanı 7 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində şəhidlik zirvəsinə ucalan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilən Həsənov Sahib Azər oğlunun atası Azər Həsənov “ürəyin arxa divarının kəskin miokard infarktı” diaqnozu ilə Gəncə Şəhər Kardioloji Xəstəxanaya yerləşdirilmişdi. Bundan xəbər tutan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dərhal xəstəxanaya gələrək şəhidin atasını ziyarət etdi, onun vəziyyəti ilə maraqlandı və müalicəsini öz nəzarətinə götürdü.
Bundan başqa Niyazi Bayramov stasionar müalicə alan Vətən müharibəsi iştirakçılarını da tez-tez ziyarət edir, onların müalicə və müayinəsi ilə maraqlanır. Məsələn, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicə alan Vətən müharibəsi iştirakçısı Əliyev Etibar Eyyub oğluna baş çəkərək müayinə və müalicəsi ilə maraqlanmış, onu narahat edən məsələlərin aradan qaldırılması və müvafiq köməklik göstərilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Qeyd edim ki, mənim də iştirak etdiyim həmin səyyar qəbulda Vətən müharibəsi iştirakçısı Əliyev Etibar Eyyub oğlu şəhər rəhbərliyinə müraciət edərək, müalicəyə ehtiyacı olduğunu bildirdi. Şəhər rəhbərliyinin göstərişi ilə o, Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yerləşdirilərək müalicəsi nəzarətə götürüldü. Daha sonra Niyazi Bayramov Gəncə şəhər Kardioloji Xəstəxanada müalicə alan Vətən müharibəsi iştirakçısı Əliyev Kamal Telman oğlunu ziyarət edərək, müayinə və müalicəsi ilə maraqlanmış, onu narahat edən məsələlərin həlli ilə bağlı lazımı göstərişlər vermişdir.
Bu gün isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Kəlbəcər rayonunda minaya düşərək xəsarət alan polkovnik İsbəndiyarov Vüqar Tofiq oğlunu ziyarət edib. Şəhər rəhbəri hazırda stasionar müalicə alan polkovnikin səhhəti ilə maraqlanıb. Həkimlər hərbi qulluqçumuzun aldığı xəsarətlərlə bağlı şəhər rəhbərinə məlumat verib, vəziyyətinin stabil olduğunu bildiriblər. Niyazi Bayramov hərbçimizə, müvafiq köməklik göstərilməsi barədə aidiyyəti üzrə tapşırıq verib.
Bayram və istirahət günlərində asudə vaxtını keçirmək üçün Gəncənin müxtəlif hissələrində gəzintiyə çıxan şəhər rəhbərliyi sakinlərlə görüşür, onlarla səmimi söhbət edir, sakinləri narahat edən məsələlərlə maraqlanırlar.
Belə faktlar çoxdur, müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəklərinə əsasən, problemlərə yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar və s. onu deməyə əsas verir ki, dövlət daim vətəndaşının yanındadır.
Vətəndaşlar onların problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə edirlər. Bütün bunlar onu göstərir ki, xalqla hakimiyyətin birliyi dövlətimizi daha da gücləndirir və sarsılmaz edir.
ELÇİN CAVADOV
Gəncə Dövlət Universitetinin kafedra
müdiri, texnika elmləri doktoru