“Ən ucuz market”lərdə özbaşınalıq davam edir!-YENİLƏNİB
Vergidənyayınma, gigiyenik normaların pozulması, standartlardan kənar...
“Xeberinfo.com”: Məlum 21 fevral olayından sonra ticarət mərkəzləri, xüsusi ilə də ərzaq məhsullarının satışı ilə məşğul olan marketlər diqqət mərkəzinə gəldi. Əksər marketlər məlum ajiotajdan sui istifadə edərək, süni qiymət qaldırmaqla ictimai narazılığa zəmin yaratdı. Bu isə ya bilərəkdən, ya da biməyərəkdən dövlət başçısının sosial-iqtisadi siyasətinə az da olsa maneə də sayıla bilər...
Redaksiyamıza daxil olan məlumata görə, son illər supermarketlər sırasında məşhurlaşan “Ən ucuz market”lər də süni qiymət artımı və daha çox tələb olunan məhsulların süni qıtlığını yaratmaqla müəyyən narazılıq doğurmaqdadır. Bu istiqamətdə İqtisadiyyat və Sənaye Nazirliyi ilə lazımı dəqiqləşdirmələrdən sonra geniş yazacağıq.
Xatırladım ki, “Ən ucuz market”lər şəbəkəsi xüsusi ilə Sumqayıt şəhərində məşhurdur. Sumqayıt şəhərində 7, Abşeron rayonu Ceyranbatan qəsəbəsində isə (20 yanvar küçəsində) 1 “ Ən ucuz market” fəaliyyət göstərir.
“ Ən ucuz market”lərlə bağlı “xeberinfo.com”a daxil olan məlumat süni qiymət artımı ilə yekunlaşmır. Məlumata görə “Ən ucuz market”lərdə vergidənyayınma və gigiyenik normaların pozulması halları da kütləvi şəkildədir. Biz bir müddət əvvəl də bu mövzuda yazmışdıq. “Ən ucuz market”lərdə vergidənyayınma faktları ilə bağlı vegilər naziri cənab Fazil Məmmədova rəsmi sorğu da ünvanlamışdıq. Vergilər Nazirliyindən aldığımız cavab məktubunda yazdıqlarımızın həqiqət olduğu təsdiqlənmişdi. Buna baxmayaraq o zaman olduğu kimi, ondan sonra və bu gün də heç nə dəyişməyib. “Ən ucuz market”lərdə özbaşınalıq davam edir: Ceyranbatan qəsəbəsi 20 yanvar küçəsində yerləşən “ Ən ucuz market”də 10 şöbə fəaliyyət göstərir və bu şöbələrin heç birində kassa aparatına rast gəlmək mümkün deyil. Apardığımız müşahidələrdən də bu marketdə vergidən əsər-əlamət görə bilmədik. Nəzərə alsaq ki, qəsəbə sakinlərinin demək olar ki, 80%-i bu marketdən alış-veriş edir, onda vergidənyayınmanın səviyyəsi təxminən də olsa aydın olar.
Maraqlıdır ki, hörmətli vergi müfəttişləri yuxarıda qeyd etdiyimiz kimi, vergidənyayınmanı rəsmi məktubla təsdiq etsələr də, reallıq dəyişməz olaraq qalmaqdadır. Biz Kütləvi İnformasiya Vasitəsi olaraq faktları yazıb, aidiyyatı dövlət təşkilatlarının nəzərinə çatdırsaq da məlum nəticə olmur. Səbəb nədir? Nədən səlahiyyət sahibləri buna göz yumurlar? Və s. Ölkə iqtisadiyyatının mövcud durumunu nəzərə alsaq, bu suallar xüsusi ilə aktuallaşar.
Əldə etdiyimiz məlumatlara və apardığımız müşahidələrə görə “ Ən ucuz market”lərdə gigiyenik normaların pozulması heç də vergidənyayınmadan geri qalmır. Hətta o dərəcədə ki, bunu bilməkdən ötrü peşəkar olmağa ehtiyac yoxdur: ötəri müşahidə yetər.
Təəssüf ki, bütün bunlarla bağlı “ Ən ucuz market”in rəhbərliyini dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz qaldı.
Biz aktuallığını nəzərə alıb, mövzunu qarşıdakı günlərdə davam etdirəcəyik. Bu səbəbdən də ötən ayın 27-də iqtisadiyyat və sənaye naziri cənab Şahin Mustafayevə, vergilər naziri cənab Fazil Məmmədova, respublika gigiyena və epidemiologiya mərkəzinin direktoru cənab Akif Əlibəyliyə rəsmi məktub da ünvanlamışıq. Müəyyən yanlışlıq olar deyə, bu dövlət strukturlarının lazımı araşdırma aparıb, redaksiyamızı məlumatlandırmasını xahiş etmişik. Ümüd edirik ki, bunula da məlumatlara aydınlıq gətirib, geniş yazı hazırlaya biləcəyik
Aydın