“Ən ucuz market”in ən böyük “kəşfi”
“Ən ucuz market”lər şəbəkəsinin istehsal məhsulları narazılıq doğurur
“Xeberinfo.com”: Son illər kiçik istehsal müəssisələrinin (sexlərin) məhsulları istehlakçılar tərəfindən narazılıq doğurmaqdadır. Bu müəssisələrin məhsulları xüsusi ilə keyfiyyəti baxımından birmənalı qarşılanmır. Lazımı gigiyenik normalara və standartlara cavab verməməsi səbəbindən bu məhsullar bəzən acı nəticələr də doğurur. Təsadüfü deyil ki, bu gün ölkə xəstəxanalarında yatmaq məcburiyyətində qalanların əksəriyyəti məhz bu məhsulların qurbanları sırasındandır. Təəssüf ki, bu problem medianın da diqqətini lazımınca çəkə bilmir. Nə isə...
Bu istiqamətdə “xeberinfo.com”a “Ən ucuz market”lər şəbəkəsi ilə bağlı maraq doğuracaq məlumatlar daxil olub. Məlumat üçün deyək ki, “Ən ucuz market”lər şəbəkəsi Sumqayıt şəhərində məşhurdur. Sumqayıt şəhərində 7, Abşeron rayonu Ceyranbatan qəsəbəsində isə 1 “ Ən ucuz market” fəaliyyət göstərir. Marketin adı ilk baxışdan müştərini cəlb edir: “ Ən ucuz market”.
Biz hələlik “Ən ucuz market”lər şəbəkəsi ilə bağlı əldə etdiyimiz bir faktdan bəhs etməyə çalışacağıq. Bunu “Ən ucuz market”lər şəbəkəsinin ən böyük “kəşfi” də adlandırmaq olar. Söhbət “Ən ucuz market”lərdə çörək və müxtəlif adlı şirniyyat məhsullarının istehsalından gedir. Hansı ki, bu məhsullara təlabat daha da çoxdur. Başqa sözlə çörək və şirniyyat məhsulları daha çox alınan ərzaqlar sırasındadır. Redaksiyamıza daxil olan məlumatlara və apardığımız müşahidələrə görə “Ən ucuz market”lərdə istehsal olunan məhsulların əksəriyyətinin keyfiyyəti kimi, məlum sertifikatının olması da şübhələr doğurur. Müxtəlif alıcılarla söhbətimiz əsnasında “Ən ucuz market”in istehsal məhsulları ilə bağlı müxtəlif narazılıqlar eşitdik. Belə məlum oldu ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məsul şəxsləri bu anormallığı ya görmür, ya da görmək istəmir. Əgər məlum sertifikat varsa, onda bu narazılıq niyə doğrulmalıdır? Əgər məlum sertifikat yoxdursa onda Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məsul şəxsləri niyə susur?
Qarşıdakı günlərdə sözügedən komitə rəsmilərinin mövqeyini öyrənməklə mövzunu davam etdirəcəyik.
Akif