Seçiciləri deputat Əliabbas Salahzadəni axtarır.
Yenixeber.org: Onlardan biri Avaz Hafizlidir.
Onun kinayəli sözlərinə görə, seçiciləri olaraq Ə.Salahzadədən çox narahatdırlar: “Axı deputatımız ən çox səs sayı ilə seçilib.
Biz anlayırıq, anlayırıq ki, deputatımız bizim problemləri həll etmək yönündə çox məşğuldur və məhz buna görə də bizimlə görüşmür”.
A.Hafizli qeyd edir ki, Ə.Salahzadə bir ildir deputatımız seçilib, özü də hakim partiya olan YAP-ın üzvüdür.
“Bir il ərzində deputatımızdan ötrü çox darıxmışıq, gözümüz yollarda qalıb. Əlimizdə yalnız seçki vaxtı verdiyi sözlərin səs yazısı və şəkli var. Onu da gecələr öpüb yatırıq”, – deyə ironiya ilə qeyd edib.
Seçici yazır ki, artıq seçiciləri olaraq deputatı axtarmaq qərarına gəliblər: “Çünki düşünürük ki, o problemlərimizlə həddən artıq maraq göstərdiyi üçün kimlərsə tərəfindən aradan götürülüb.
Xahiş edirik, itkin deputatımızı tapmaqda bizə yardım edin, paylaşım edin ki, dərdlərimizi deyə bilək”
Qeyd edək ki, 27 saylı Sabunçu ikinci seçki dairəsindən mandat sahibi olan Ə.Salahzadə sabiq deputat, 28 dəfə Həccə getmiş, Şeyxin qudası olan Hacı Qalib Salahzadənin oğludur.
Hacı Qalib Salahzadə özü də adı çəkilən dairədən dəfələrlə deputat olub. Onun qardaşı Əlihüseyn Salahzadə 2017-ci ildə “Azərsu” əməkdaşını döyməkdə təqsirləndirilərək həbs edilib.
Hacı Qalib bu hadisəni də özünə qarşı müəyyən qüvvələrin işi adlandırmışdı. Amma zaman keçdi, Hacı Qalib siyasi qüvvəsini toparladı, oğlu parlamentə düşdü.
Eyni zamanda Ə.Salahzadənin Şeyxin kürəkəni olması amili onun imkanlarını, şanslarını həmişə birə beş artırıb.
Bu illər ərzində Ə.Salahzadə ictimaiyyətdə tanınmayıb. Onun adı deputatlar siyahısına düşdükdən sonra məlum oldu ki, hansı dəstəyi alıb.
Çox maraqlıdır ki, o, 1995-1999–cu illərdə Azərbaycan Beynəlxalq Universitetində təhsil alıb. Söhbət rektoru xaricə qaçan, üzərində cinayət işi olan Elşad Abdullayevin ABU-sundan gedir.
Sonra 2002-ci ildə Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakultəsində təhsili başa vuraraq hüquqşünas ixtisasına yiyələnib.
Ə.Salahzadə Bilgəh bələdiyyəsinin sədri postunu da aydın məsələdir ki, atasının gücü, iqtidarı hesabına tutub.
2020-ci ilədək isə Sabunçu rayon İcra hakimiyyətində çalışıb. Ondan sonra birbaşa parlamentə yolu açılıb.(reportyor.info)