Şəhidimiz Yalçın Rəhimov “İgidliyə görə” medalı ilə təltif edildi-FOTOLAR
Yenixeber.org: Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi Yalçın Elçin oğlu Rəhimov “İgidliyə görə” və “Vətən Uğrunda” medalları ilə təltif edilib.
Yalçın Rəhimov 20 yaşında Vətən müharibəsində şərəflə döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Yalçın Rəhimov 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində sadə, zəhmətsevər bir ailədə dünyaya göz açıb. Ailənin üçüncü övladı – sonbeşiyi idi, bir bacısı, bir qardaş vardı. Atası Elçin kişinin, anası Dilarə xanımın nümunəvi tərbiyəsi ilə böyümüşdü.
Orta məktəbi Nardaranda oxuyan Yalçın boş vaxtlarında işləyərək ailəsinə kömək edərdi. O, hələ uşaqlıqdan kikboksinq, güləş və üzgüçülük ilə məşğul olurdu. Kikboksinq yarışlarında Fəxri Fərman, diplom və medallara layiq görülmüşdü. Peşəkar hərbçi olmağı arzulayırdı. Gülərüzlüyü, istiqanlılığı, dostcanlılığı, qohumcanlılığı ilə fərqlənirdi.
Xüsusi Təyinatlı Qüvvələrdə xidmət üçün xüsusi dözümlülük və cəsarət tələb olunur. Azərbaycanın ən güclü qoşun növünə seçim ciddi tələblərlə aparılır. Məlumatlara görə, 500 namizəddən kurs sonrası yalnız 30 nəfəri “Qırmızı beret” sertifikatını ala bilir. Kurslarda iştirak etmiş şəxslərə xüsusi əməliyyat keçirmək üçün ekstremal şəraitlərə dözmək, günlərlə ac-susuz qalmaq, müxtəlif silahların istifadə qaydası, bir sözlə mətin döyüşçü olmaq öyrədilir.
Yalçın xidməti dövründə bir çox kurslarda və təlimlərdə iştirak edib, dəfələrlə Fəxri fərmanlara, sertifikatlara layiq görülüb. Bütün yarışlarda, əməliyyatlarda fərqlənirdi, cəsur, fədakar, cəldliyi, çevikliyi ilə seçilən hərbçi idi.
Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Vətən müharibəsində iştirak edən Yalçın qızğın döyüşlərdə düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda, zirehli texnikasını məhv edib.
Qarabağ müharibəsinin ən həlledici məqamlarından olan Şuşanın işğaldan azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə yaralanan Yalçın digər yaralı cəbhə yoldaşlarını döyüş meydanından çıxarıb. Yenidən döyüş meydanına geri dönərkən mühasirəyə düşüb. Düşmənə təkbaşına meydan oxuyan igid hərbçi əlbəyaxa döyüşlərdə düşmənin çox sayda canlı qüvvəsini məhv edib. Erməni quldurları ilə təkbətək vuruşmada boyun nahiyəsindən aldığı ağır xəsarət nəticəsində noyabrın 7-də qəhrəmancasına həlak olub.
Şəhid Yalçın Rəhimov noyabrın 13-də Ağsu rayonunun Çaparlı kənd qəbiristanlığında xüsusi hörmət-izzətlə dəfn edilib.
Qardaşı Rasim Rəhimov da könüllü olaraq Vətən müharibəsinə gedib, düşmənə qarşı şərəflə döyüşüb.