AHİK -dən -Prezidentə müraciət
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Yenixeber.org: Siz yaşı min illərlə hesablanan, bəşəriyyətə saysız-hesabsız fateh sərkərdələr, müdrik dövlət xadimləri bəxş etmiş Azərbaycanın tarixində əbədi yaşayacaq zəfərə imza atdınız. 30 ilə yaxın müddət ərzində düşmən işğalı altında qalmış Qarabağı öz doğma sahiblərinə – Azərbaycan xalqına qaytardınız. Noyabrın 10-u gününü tarixə çevirdiniz. Müqəddəsləşdirdiniz. Qələbənin əsasında Sizin dəmir iradəniz və xalqın Sizə böyük etimadı, sarsılmaz inamı durur. Siz hakimiyyətə gəldiyiniz ilk gündən yaxşı bilirdiniz ki, tarix Azərbaycanı gelişdirmək, xalqı öz ətrafında birləşdirmək, dövlətimizi inkişaf etdirmək kimi missiyanı məhz Sizin üzərinizə qoymuşdur. Bu gün heç kəs inkar edə bilməz ki, Siz son dərəcə çətin olan bu missiyanın öhdəsindən layiqincə gəldiniz və beynəlxalq arenada böyük nüfuza malik, inkişaf etmiş dövlət yaratmağı bacardınız. Bu missiyanı yerinə yetirəcəyinizə heç vaxt, heç kim şübhə etməmişdi. Xalq Sizə dövlətin ən yüksək postunu etibar edəndə yaxşı bilirdi ki, Siz dahi bir insandan - ümummilli liderimiz Heydər Əliyevdən tərbiyə almış, siyasi kursunu məharətlə mənimsəmiş və onun azərbaycançılıq ideyalarına mükəmməl yiyələnmisiniz.
Siz Qarabağı xalqımıza qaytardınız. Qarabağı qaytarmaqla dünyaya dövlətimizin gücünü göstərdiniz. Xalqımızın birliyini göstərdiniz. Göstərdiniz ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz. Heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.
Möhtərəm cənab Prezident!
Xüsusilə noyabrın 8-də, xalqımızın həm də mənəvi məbədgahı, mədəniyyətimizin rəmzi olan Şuşa şəhərinin erməni işğalından azad edilməsi yenilməzliyimizin təntənəsi oldu. Siz bununla qürurumuzu, məğrurluğumuzu, vüqarımızı və şərəfimizi özümüzə qaytardınız.
Müharibə boyu şücaətli Ordumuz müdrik Ali Baş Komandanının tapşırıqlarını, hazırladığı hərbi strategiyasını əzmlə, yüksək peşəkarlıqla reallaşdırdı. Bu gün Sizin komandanlığınız altında əldə olunan qələbə, aparılan hərbi əməliyyatlar həm texniki imkanlar, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından, bütün dünyada öyrənilir.
Siz, cənab Prezident, daim yenilikçi olmusunuz. Dünyada gedən inkişafa yaradıcı şəkildə yanaşmış və onu fəaliyyətinizdə ustalıqla tətbiq etmisiniz. Biz bunu uzun illərdir ki, ölkəmizin iqtisadi, sosial və mədəni həyatında görür və nəticələrini yaşayırıq. Vətən müharibəsi Sizin hərb sahəsində də fövqəl novatorluğunuzu nəinki Azərbaycan xalqına, bütün dünyaya nümayiş etdirdi. Sizin Ali Baş Komandanı olduğunuz Silahlı Qüvvələrimiz elə müharibənin ilk günlərindən erməni ordusuna qarşı yeni müharibə üsulunu ortaya qoydu. Yeni texnologiyalar, yeni strategiyalar, fasiləsiz təchizat düşməni çıxılmaz vəziyyətə saldı. Siz sübut etdiniz ki, yeni, müasir hərbi texnologiyalar qələbəni o zaman təmin edir ki, hərbçiləri döyüş qabiliyyəti ilə bərabər mənəvi ruh birləşdirir.
Siz çox çətin, gücün beynəlxalq qanunlardan üstün olduğu, ədalətsizliyin ədaləti arxa plana keçirdiyi mürəkkəb bir şəraitdə əsl möcüzə göstərdiniz. Böyük güclərin təsirinə mətanətlə sinə gərdiniz. Dəmir iradə nümayiş etdirdiniz. Yalnız xalqımıza güvəndiniz. Xalqın mənafeyini heç bir gücə güzəştə getmədiniz. Sizin qüdrətiniz qarşısında heç bir qüvvə tab gətirə bilmədi. Apardığınız haqq, azadlıq müharibəsi nəhayət Ermənistanın biabırçı məğlubiyyəti noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla başa çatdı. Bu, haqqın qələbəsi idi. Bu, Azərbaycan xalqının, Azərbaycan Ordusunun, onun Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevin Qələbəsi idi.
Mən şəxsən öz adımdan, çoxminli həmkarlar ittifaqı üzvləri adından Sizə minnətdarlığımı və təşəkkürümü bildirirəm. Allah Sizi qorusun! Siz xalqımızın təkcə indiki nəslinin deyil, bütün gələcək nəsillərinin komandanı, fəxri kimi tarixə düşdünüz.
Cənab Prezidentimiz, Ali Baş Komandanımız! Biz həmişə Sizinlə olmuşuq və Sizinlə olacağıq!
Hörmətlə,
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, Milli Məclisin deputatı