Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Genişmiqyaslı müharibə Ermənistan və Azərbaycanın marağında deyil-"Rusiya artıq hər iki tərəfə öz mesajını göndərdi"

 Yenixeber.org: İyulun 12-dən başlayaraq Ermənistan-Azərbaycan sərhəddində hərbi gərginlik yaşanır. Azərbaycanın Tovuz rayonu ilə Ermənistanın Tavuş rayonunun qovşağında tərəflərin orduları artilleriya və pilotsuz uçan aparatlardan istifadə ediblər. Hərbi obyektlər məhv edilib, itkilər var. Amma bu gərginliyin dəqiq səbəbi hələ ki qaranlıqdır. Koronavirus pandemiyasının cəngindən qurtulmağa çalışan hər iki ölkənin yenidən hərbi münaqişəyə girişməsi və münaqişə ocağı olan Qarabağdan xeyli aralıda yerləşən Azərbaycan-Ermənistan sərhəddində hərbi gərginlik yaratması xeyli suallar doğurub. Bu iki ölkə arasında yaranmış hərbi gərginlik hər iki ölkə daxilində və beynəlxalq aləmdə də reaksiyalara gətirib çıxarıb. Ermənistan-Azərbaycan sərhəddində baş verənlər barədə konfliktoloq Əvəz Həsənov ASTNA-nın suallarını cavablandırıb.

 

 

-Əvəz bəy, Azərbaycan-Ermənistan sərhəddində yenə gərginlik yaşanır. Yenə döyüş, yenə itkilər. Azərbaycan-Ermənistan arasında nə baş verir? Yenidən ciddi müharibə başlaya bilərmi? Yoxsa, 2016-cı ilin aprel döyüşlərində olduğu kimi bu döyüşlər də bir neçə gün sonra  səngiyəcək?

-Ikinci dəfədir ki, Azərbaycan-Ermənistan sərhəddində insident baş verir. Bu Azərbaycan tərəfi üçün indiki halda heç maraqlı deyil. Çünki Azərbaycan orada öz postlarını möhkəmləndirib və həmin postlara nəzarət edir. Və fikirlərşir ki, həmin ərazidə hər hansı bir insident yaşansa, Ermənistan bundan istifadə edib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edə bilərdi. Artıq göründü ki, Ermənistan bu fürsətdən istifadə etdi.

İnanmıram ki, Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı müharibə başlasın. Azərbaycan bunu davam etməyə cəhd etsə belə, Ermənistan tərəfi geri çəkiləcək. Çünki Ermənistan tərəfi başa düşdü ki, bu provakasiyalar onun özünə xeyir gətirmədi. Faktiki olaraq həm KTMT Ermənistanı pis vəziyyətə qoydu, həm də ölkənin daxilində də əksəriyyət Paşinyanın düzgün addım atmadığını bilir. Çünki  Azərbaycan-Ermənistan sərhəddində hər hansı dəyişikliyin olmasını erməni ictimaiyyəti istəmir.

Göründüyü kimi, Rusiya artıq hər iki tərəfə öz mesajını göndərdi ki, münaqişəni dayndırmaq lazımdır. Azərbaycan faktiki olaraq bu məsələdə Azərbaycan-Ermənistan sərhəddində baş verənlərin beynəlxalq səviyyəyə çıxmasından uda bilərdi. Çünki bütün mövcud qurumlar və dövlətlər bu məsələ ilə bağlı öz fikirlərini bildirdilər və Azərbaycanı çıxılmaz vəziyyətdə qoymadılar. Yəni Azərbaycan bu məsələdə uduzmadı.

-Bu döyüşlərin başlamasına rəvac verən nə oldu?

-Ermənistan tərəfi faktiki olaraq gündəlik Azərbaycan postlarına nəzarət edən hərbi maşını atəşə tutmaqla döyüşlərin başlaması üçün provakasiya yaratdı. Azərbaycan tərəfi isə adekvat cavab verib. Atışma bununla daha da genişləndi.

-Xeyli müddətdir danışıqlarda irəliləyiş yoxdur və hər iki ölkə rəhbərliyi ötən ildən bu yana bir-biri ilə müharibə təhdidi dili ilə danışır. Bu olanlar həmin ritorikanın nəticəsidir, yoxsa pərdə arxası bilmədiyimiz başqa mətləblər var?

-Irəliləyiş yoxdur. irəliləyişin olmamasında maraqlı tərəf qarşı tərəfdir. Qarşı tərəf maraqlıdır ki, müxtəlif bəhanələrlə o danışıqlar masası arxasından çəkilsin. Bunun bir nümunəsini 2018-ci ilin may ayından görürük. Baxmayaraq ki, 2016-cı ildən faktiki olaraq Ermənistan danışıqlar prosesindən gedib. 2018-ci ildən sonra, yəni Paşinyanın hakimiyyətə gəlişindən sonra demək olar ki, danışıqlardan müxtəlif qaçmalar var. O da hiss olunur ki, yeni rəhbərlik də real danışıqların aparılmasında maraqlı deyil və çalışır ki, amonitar və ya digər məsələləri qabartmaqla bu danışıqlarda müəyyən bir gedişin olduğunu göstərsin.

Təbii ki, Azərbaycan və Ermənistan daxilindəki ritorika da insidentlərə təsir edir. Azərbaycanda bu hərbi ritorika həmişə olacaq. Bu münaqişənin həllində Azərbaycan nə qədər ki, real sülhə nail olunduğunu görməyib, bu ritorika davam edəcək. Ermənistanda da ritorika heç də sülhyönümlü deyil. Ermənistan və Azərbaycan rəhbərləri arasındakı bu söz atışmaları həmin ritorikanın bariz nümunəsidir. Ermənistan bu ritorikadan daha çox münaqişəni qızışdırmaq üçün istifadə edir.

-Rusiya bu məsələnin harasında dayanıb? Regionda baş verən hadisələr barədə Rusiya öncədən xəbərsiz olmaz. Sizcə bütün baş verənlər Rusiya ilə razılaşdırılıbmı?

-Əgər Rusiya KTMT-də Ermənistana müsbət cavab verə bilsəydi, onda biz yəqin edə bilərdik ki, bu insidentin arxasında Rusiya dayanıb. Ancaq göründü ki, Rusiya KTMT-də Ermənistana dəstək verə biləcək qərarı ala bilmədi. Ola bilsin ki, Rusiyanın burda ikibaşlı siyasəti var. Həm Azərbaycana reverans edir, həm də Paşinyanın dərsini vermək istəyir. Ancaq Rusiyanın bu addımından ümumiyyətlə Ermənistanda hakimiyyətdə olan azad fikirli, demokratik insanlarının qəzəblənmə riski var. Rusiya əgər belə oynayırsa, çox riskli oynayır. Rusiya bununla Azərbaycana elə də ciddi kömək etmir. Əksinə, bu hadisə Azərbaycanda daxili gərginliyin artmasına, eləcə də hərbi ritorikanın güclənməsinə səbəb oldu. Əgər bunu Rusiya edibsə, çox yanlış və riskli oyun oynayır. Burda Rusiyanın qazancı olmayacaq. Sadəcə olaraq Rusiya öz nəzarəti altında olan münaqişəni bir daha beynəlxalq auditorianın diqqətinə çatdırdı. Rusiya yəqin ki, istəməzdi ki, burda nəticəsiz insident olsun. Yaxşı hesablanmış nəticə olsaydı, Rusiya burda udardı. Biz onda deyə bilərdik ki, bəli, bu birbaşa Rusiyanın marağına xidmət edir.

-Xeyli müddətdir ki, döyüşlərin başlayacağı ilə bağlı məlumatlar rəsmi olmasa da gəzirdi. Hətta deyilənlərə inansaq döyüşlər daha tez başlamalı idi, amma pandemiya bunu ertələdi. Sizdə bununla bağlı hansı məlumatlar var?

-Baxmayaraq ki, hər iki tərəfdə hərbi ritorika güclüdür, hər iki tərəf xüsusən Ermənistan-Azərbaycan sərhəddində ciddi döyüşün başlanmasında maraqlı deyil. Sərhəddə ciddi döyüş az-çox yenə Ermənistana sərf edirdi ki, KTMT-ni bu məsələyə qoşa bilsin. Daha doğrusu onun kursunu yoxlasın. Gördü ki alınmadı. Amma ümumilikdə onların da marağında deyil. Ona görə də ciddi döyüşün ola biləcəyi barədə mülahizələr yanlış idi. Sadəcə tərəflər söz deyişməsini öz cəmiyyətlərini yoxlamaq üçün, onların münaqişəyə münasibətini bir daha test etmək üçün sınaya bilərlər. Mümkündür ki, bu, Paşinyanın daxildə Qaqik Sarukyanın mandatını almasından sonra müəyyən bir  xarici düşmən təhlükəsini göstərmək üçün lazım ola bilərdi. Ermənistan polisinin və Paşinyanın dostunun bu proseslərə rəhbərlik etməsi burda müəyyən şübhələrin olduğunu göstərir.

Azərbaycan pandemiya dövründə sakit imicini nümayiş etdirməyə çalışırdı. Hətta beynəlxalq səviyyədə Dünya Səhiyyə Təşkilatına da pul yatırmışdı. Çalışırdı ki, pandemiya dövründə bir az sakit vəziyyətin olduğunu göstərə bilsin. Bu məsələdə Azərbaycan o qədər də maraqlı görünmürdü.

 -Azərbaycanın torpaqları işğaldadır və illərdir gözləmə mövqeyindədir ki, sülh yolu ilə torpaqları işğaldan azad olunsun. Amma danışıqlar fayda vermir. Belə olduğu halda Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün nə etməli idi? Sizcə torpaqların işğaldan azad olunması üçün hansı addımlar atılmalı idi?

-Azərbaycan torpaqları 28 ildir ki, işğal altındadır. Bu işğal faktı bilinmir ki, nə qədər uzana bilər. Bu torpaqların işğalda olması sadəcə Azərbaycanda hakimiyyətin zəifliyi və xalqı birləşdirə bilməməsindən irəli gəlib. Torpağı işğaldan asanlıqla azad etmək isə çox çətindir. Bunu hökumət də başa düşür ki, bir şeyi asanlıqla itirmək olar, amma onu geri qaytarmaq çox çətindir. Ona görə də hökumət bu riskləri nəzərə alır və başa düşür ki, baxmayaraq ki, hərbi ritorikanı və müharibə əhval-ruhiyyəsini cəmiyyətdə sözdə də olsa belə qorumaq lazımdır, amma danışıqlardan da çəkilməyə risk etmir. Çünki danışıqlardan çəkiləcəyi halda o deməkdir ki, Azərbaycan itirdiklərini güclə əldə etmək istəyir. Ancaq güclə əldə etmənin də real imkanları çox məhduddur. Ona görə hökumət danışıqlar prosesini çox professional və ciddi aparmalıdır. Beynəlxalq təzyiqlər Ermənistana və Dağlıq Qarabağa davam etdirilməlidir. Bunun məntiqi ardıcıllığını hökumət bilir və görür. Ermənistanın bütün arqumentlərinin beynəlxalq aləmdə darmadağın olunması üçün Azərbaycan hökuməti də çalışır və fikirləşir ki, Ermənistanın işğal etdiyi ərazilərin yükünü daşıya bilməməsini beynəlxalq aləmə göstərə bilsin. Artıq beynəlxalq təşkilatların və dövlətlərin Ermənistana münasibəti əvvəlki kimi deyil. Başa düşürlər ki, əgər ölkə Avropa Birliyi Şərq Tərəfdaşlığı çərçivəsində dinc, yanaşı yaşamaq istəyirsə, o eyni təşkilatda üzv olduğu dövlətin ərazisini işğalda saxlaya bilməz. Bu fakt Ermənistanın çoxlu problemlərlə üzləşəcəyinə səbəb olacaq. Nə vaxtsa Ermənistanda müəyyən siyasi qüvvələr və  yaxud xalqın müəyyən kəsimində Qarabağ yükündən xilas olmaq üçün bir fikir yaranacaq. Danışıqlar onlar üçün də qaçılmazdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam