Ermənistanda hazırkı hökumətin ən qatı rəqiblərindən və tənqidçilərindən sayılan, qondarma “DQR”-in “təhlükəsizlik katibi” olmuş general Vitali Balasanyanın son mətbuat konfransı işğalçı dövlətdə böyük səs-küyə səbəb olub. Balasanyan Nikol Paşinyanın bütün istiqamətlər üzrə fəaliyyətini sərt şəkildə tənqid edib və onun Qarabağ münaqişəsinin həllindəki mövqeyini xüsusi olaraq pisləyib.
Paşinyanın Qarabağ siyasətini tənqid edən separatçı rejimin generalı deyib ki, 2018-ci il inqilabınadək, yəni Serj Sarkisyan hakimiyyəti devrilənədək danışıqlar masasında olan təkliflər paketindən imtina etmək olmaz. Yəni Serj Sarkisyanın əldə etdiyi nəticələri Paşinyan qəbul etməli və danışıqlar həmin məntiqlə davam etdirilməlidir.
Ermənistanın “1in.am” mətbu orqanında V.Balasanyanın nəzərdə tutduğu təkliflər paketinin nədən ibarət olduğu və Azərbaycan tərəfilə aparılan danışıqlarda Serj Sarkisyanın hansı nəticələrlə razılaşdığına dair yazı dərc edilib. “Strateq.az” saytının tərcüməsini təqdim etdiyi həmin yazıda həmsədrlərin 18 yanvar 2018-ci ildə təqdim etdiyi və belə görünür ki, S.Sarkisyan hakimiyyətinin də razılaşdığı təkliflər yer alıb.
Krakovda hazırlanan təkliflərin mətninin 3 bənddən ibarət olduğu göstərilir. Elə birinci bənddə təklif olunur ki, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin saxlanması şərtilə, yeddi rayonun – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması təmin olunsun. Həmin bənddə daha sonra göstərilir:
- Tərəflər arasında razılaşdırılmış müddətdə BMT və ya ATƏT-in himayəsi altında Dağlıq Qarabağın bütün əhalisinin iradəsinin sərbəst ifadəsi olan – beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və hüquqi planda məcburi olacaq, səsverməyə qoyulacaq sual və ya sualların məhdudlaşdırılmayacağını və statusla bağlı bütün variantları əhatə edə biləcəyini nəzərə alacaq ümumi səsvermənin keçirilməsi yolu ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi;
– Regionda siyasi, ticarət, iqtisadi və humanitar əlaqələrin tam tənzimlənməsi;
– Mehriban qonşuluq əməkdaşlığının bərpa edilməsi;
– Cənubi Qafqaz regionunda sabitliyin tam təmin edilməsi.
2-ci bənddə isə əraziyə beynəlxalq sülhməramlı qüvvələrin gətirilməsi və onların Dağlıq Qarabağın sərhədi boyunca yerləşdirilməsi nəzərdə tutulur:
- Beynəlxalq birliyin dəstəyilə təzə yerə köçürülənlər 1-ci abzasda göstərilən 5 rayonu tərk edəcəklər. Beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsindən və hazırda bu rayonlarda olan silahlı qüvvələrin çıxarılmasından sonra, Azərbaycanın mülki hakimiyyət orqanları göstərilən ərazilərə daxil olacaqlar.
- Beynəlxalq sülhməramlı qüvvələr keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati sərhədləri boyunca – Kəlbəcər və Laçın rayonlarının tərkibinə daxil olan hissələr istisna olmaqla – yerləşdiriləcək. Kəlbəcər rayonu ATƏT-in keçid monitorinqi altında qalacaq.
Nəhayət, 3-cü bənddə sözügedən prosesin həyata keçirildiyi müddətdə Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi nəzərdə tutulubmuş:
- Eyni zamanda, yuxarıda göstərilən tədbirlərin görülməsinə paralel olaraq, yekun statusun müəyyən edilməsinədək Dağlıq Qarabağa gündəlik həyatının təşkilinə zəmanət verən müvəqqəti status verilməlidir.
Göründüyü kimi, bu təkliflərdə əvvəlcə 5, sonra isə Ermənistanla qondarma “DQR” arasında dəhliz yaradılması şərtilə 2 rayonun azad edilməsi nəzərdə tutulur. Lakin bütün bunlar qondarma rejimin ərazisində “statusla bağlı bütün variantları əhatə edə biləcəyini nəzərə alacaq ümumi səsvermənin keçirilməsi yolu ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi” şərtilə həyata keçiriləcək. Yəni ki, qondarma DQR-də müstəqilliklə bağlı səsvermə keçirilməsi və onun nəticələrinin tanınması kimi şərt qoyulub. Yəni ki, azərbaycanlı əhalinin hərbi təcavüz və soyqırım vasitəsilə qovulduğu üçün iştirak etməyəcəyi bir səsvermə keçirilməli və tərəflər onun nəticəsilə razılaşmalıdır. Bu isə faktiki olaraq, DQR-in öz statusunu özünün müəyyən edəcəyi və Azərbaycanın ərazi bütövlüyünün sual altına alınması anlamını daşıyır. Və bunun da əvəzində Ermənistanın etməli olduğu güzəşt, sadəcə, Dağlıq Qarabağın ətrafındakı 5 rayonu, sonra isə 2 rayonun bir hissəsini Azərbaycana qaytarmaqdır.
Erməni mətbuatı həmçinin yazır ki, hazırda Serj Sarkisyan, Robert Koçaryan və Bako Saakyanın kollektiv sözçüsü rolunda çıxış edən Vitali Balasanyan mövzu ilə bağlı açıqlamalarında RF XİN başçısı Sergey Lavrovun adını səsləndirir. “Lavrov planında” isə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının aralıq status olmadan da Azərbaycana qaytarılması nəzərdə tutulur. Ermənilər bildirirlər ki, “Lavrov planı” ümumiyyətlə Dağlıq Qarabağın statusuna heç cür təsir etmir.
Erməni mətbuatında çıxan məlumatlara görə, Vitali Balasanyan öz mətbuat konfransını Serj Sarkisyan, Robert Koçaryan və qondarma rejimin rəhbəri Bako Saakyanla razılaşdırmalardan sonra keçirib. Deməli, əvvəlki hakimiyyət və qondarma rejim rəhbərliyi bu təkliflərlə razılaşıb. Lakin Nikol Paşinyan hakimiyyəti hətta Azərbaycan üçün 7 rayonun qismən qaytarılması müqabilində Dağlıq Qarabağın itirilməsinə gətirib çıxaracaq bu təkliflərlə belə razılaşmaq niyyətində deyil. Bu isə bir daha sübut edir ki, Ermənistan tərəfi danışıqlar, sülh, əmin-amanlıq dilini anlamır, heç vaxt da anlamayacaqlar. Və bu ölkə ilə yalnız onun başa düşdüyü və layiq olduğu dildə danışmaq lazımdır…