Ermənistanda kilsə qiyamı - TƏHLİL
Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə erməni kilsəsində narazılıq pik həddə çatıb. Artıq bir müddətdir ki, dünyaca məşhur BBC korporasiyası erməni kilsəsindəki qarşıdurma və fikir ayrılıqlarından bəhs edir. Bu dəfə də analoji problemin ciddi böhrana gətirib çıxardığından bəhs edilib.
Yenixeber.org: Qeyd edilir ki, "Yeni Ermənistan - yeni patriarx” hərəkatının üzvləri ötən gün Ermənistanda orta əsr monastırı "Makeyats”da toplaşaraq, Erməni Apostol Kilsəsinin (EAK) rəhbəri Katolikos II Qareginin istefasını tələb ediblər. Bu barədə BBC-nin rus xidməti məlumat yayıb. Mərasimə Moskvadan yepiskop Tiran da gəlib, hansı ki, 2000-ci illərdə müqəddəs addan məhrum edilmişdi. Mərasim zamanı rahib Koryun, Katolikos II Qareginin istefası uğrunda mübarizəni davam etdirmək üçün arximandrit təyin edilib. Öz növbəsində, Ermənistanın baş naziri N.Paşinyan, üsyançı ruhanilərin Erməni Apostol Kilsəsinə qarşı müharibəsini dəstəkləməyə hazır olduğunu bildirib. "Hökumətin kilsə işlərinə müdaxilə etməsini istəyirikmi? Əgər erməni xalqı hökumətin EAK-ın işinə müdaxilə etməsini istəsə, onda hökumət bunun üçün imkanları müzakirə edəcək", - deyə "Krasnaya vesna” xəbər agentliyi N.Paşinyanın sözlərini sitat gətirib. "Kilsənin daxili həyatına müdaxilə etmədiyimizi bəyan edərkən bəzi din adamları bu hökumətin əvvəlki kimi olmadığını, zəif bir hökumət olduğunu söyləyərək "gəlin, onun altına qazaq” deyirlərsə, çox güclü əks-zərbə alacaqlar – biz onları diz çökdürəcəyik”,- deyə baş nazir əlavə edib. Yeri gəlmişkən, tarixdə ilk dəfədir ki, Ermənistan rəhbəri "Biz ruhaniləri diz çökdürəcəyik” deyir.
"Erməni kilsəsi baş nazirin Los-Ancelesdə səsləndirdiyi fikirlərə görə izahat tələb edir”. Bu sözləri Eçmiədzinin mətbuat dəftərxanası katibliyinin rəhbəri Ter Vaqram Melikyan səsləndirib.
Xatırladaq ki, iyunda "Yeni Ermənistan -yeni patriarx” hərəkatı Yerevanda II Qareginin istefası tələbi ilə etiraz aksiyası təşkil etmişdi. İyunun 11-də isə bütün ermənilərin katolikosu tərəfindən Surb Qriqor Lusavoriç kilsəsinin yaxınlığında keçirilən təyinetmə mərasimində ruhanilərin iştirakı ilə dava baş vermişdi.
Erməni mediası Paşinyanın "kilsəni diz çökdürəcəyi” fikri əməllicə özündən çıxarıb və onun ünvanına sərt fikirlər səslənib. Məsələn, "7or.am” saytı yazır ki, "erməni kilsəsini illər uzunu fars, Bizans, ərəblər, səlcuqlar, türklər diz çökdürmək istəyib, lakin istəkləri baş tutmayıb. Biz buna yol verməyəcəyik. Kilsəni diz üstə çökdürmək istəyənin özünü diz üstə çökdürərik”. Müəllif yazır ki, "gurultulu sözlər və yüksək ideyalar arxasında primitiv həsəd və yarımçıq şəxsiyyət durur. Paşinyanı nəzərdə tutaraq onun hər zaman belə olduğunu bildirib. Baş naziri xəstə təfəkkürlü biri adlandırıb, kəsilib atılması lazım olan şiş adlandırıb: "Pasientin diaqnozu bəllidir- şiş götürülməlidir”.
Beləliklə, baş nazirin məsuliyyətsiz açıqlamaları elə onun özü üçün ciddi problemlər yaradır. Bir tərəfdə ölkədəki etiraz aksiyaları, qalmaqallı "Amulsar” yatağı ətrafında yaşananlar, digər tərəfdən kilsə qalmaqalı onun başı üzərindən Domokl qılıncı kimi asılıb qalıb. İndi isə başqa bir problem onu narahat etməyə başlayıb. Söhbət Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyandan gedir. Belə ki, Artur Vanetsyanın son açıqlamasından sonra baş nazir narahat olmağa başlayıb.
Bu məlumatı "Past” qəzeti öz mənbələrinə istinadən yayıb. "Mənbələrimiz bildirir ki, Paşinyan Vanetsyana qarşı cinayət işinin qaldırılması imkanlarını nəzərdən keçirməyi tapşırıb. Bununla bərabər, o, Ermənistan Futbol Federasiyasına Vanetsyanın federasiyadakı vəzifəsindən uzaqlaşdırılması metodlarının tapılması barədə tapşırıq verib. Paşinyanı xüsusilə Ermənistan futbol yığmasının Avro-2020-dəki seçmə qrup mərhələsindən çıxmaq şansı və bunun Vanetsyanın reytinqinə təsir göstərəcəyi narahat edir”, – deyə o bildirib.
Qeyd edək ki, Vanetsyan istefasından sonra Paşinyanın onun yanına müxtəlif adamlar göndərdiyini və bir müddətlik susmağını xahiş etdiyini, baş nazirin özünün isə razılaşmaları pozub, populist bəyanatlar verdiyini bildirib. Onun sözlərinə görə, zaman kimin və nəyin zibillikdə olacağını göstərəcək, xalq manipulyasiyaya getməyəcək.
Paşinyan üçün ciddi bir qalmaqal da keçmiş daxili işlər naziri, general-polkonik Ayk Arutyunyanın intiharı ilə bağlı ortaya çıxa bilər. Versiyaya əsasən, general Arutyunyan ölümündən qabaq şahidlərə deyibmiş ki, baş prokuror ona 2008-ci il 1 mart hadisələrinin istintaqında Robert Koçaryanın əleyhinə yalan ifadə vermək üçün təzyiq göstərir. Ermənistanın baş prokurorunun müşaviri Qor Abramyan intihar ilə bağlı KİV-lərdə yayılmış versiyanı təkzib edib. "Belə aydın olur ki, bizim reallıqda bəzi KİV-lər üçün alçaqlığın və əxlaqsızlığın hüdudu yoxdur. Keçmiş polis rəisi Ayk Arutyunyanın ölümü haqda məlumatın dərcindən cəmi bir neçə dəqiqə sonra həmin KİV-lər hətta ölən adamın qanını da siyasi, təbliğat məqsədi ilə istifadə etməyə hazır olduqlarını nümayiş etdiriblər”,- deyə Qor Abramyan deyib. O əlavə edib ki, baş prokuror heç vaxt Ayk Arutyunyanla təmasda olmayıb. Üstəlik hansısa şahidin bu iddiaları təsdiq edə biləcək heç bir ifadəsi və hər hansı digər məlumat istintaqın əlində yoxdur.
64 yaşlı Ayk Arutyunyan 1999-2003-cü illərdə Ermənistan Daxili İşlər Nazirliyinə başçılıq edib, daha sonra struktur dəyişikliyi nəticəsində daxili işlər naziri vəzifəsi polis rəhbəri adlandırılıb və Arutyunyan 2003-cü ildən 2008-ci ilə qədər polis rəhbəri olub. 2010-2014-cü illərdə isə Ermənistan Ədliyyə Nazirliyinin Cəzaçəkmə müəssisəsinin rəisi işləyib. Onun adı 2008-ci il 1 mart hadisələrinə dair istintaqda keçirdi. (kaspi.az)