Putinlə Zelenski əsirləri dəyişirlər – Yeni prezident vədini yerinə yetirdi
Artıq bir neçə ildir Rusiya ilə Ukrayna arasında yaşanan hərbi qarşıdurma nəticəsində tərəflərin əsir götürdükləri şəxslərin dəyişdirilməsi prosesi nəhayət ki, başlayıb.
Yenixeber.org: İlk olaraq, Ukrayna tərəfinə təhvil verilməli olan bütün şəxslər məşhur Lefortovo həbsxanasına gətiriliblər.
Əsirlərin dəyişdiriləməsinə başlandığı barədə məlumatı ilk olaraq, Ukrayna Radasının əməkdaşı Anna İslamova öz sosial şəbəkə səhifəsində yazıb. Bundan sonra ölkənin yeni baş prokuroru Ruslan Ryaboşapka da həmin məlumatı paylaşıb. Prosesin artıq ötən gecə saat 2 radələrindən başladığı bildirilir. Hətta KİV-lər yazırlar ki, saat 05.00-da Rusiyada əsirlikdə saxlanılan 24 hərbi dənizçi də daxil olmaqla, 28 ukraynalını daşıyan xüsusi reysli təyyarə Kiyevə eniş edib. Azad olunanlar arsında hələ 2015-ci ilin avqustunda həbs olunaraq, 20 il müddətinə azadlıqdan məhrum edilən ukraynalı rejissor Oleq Sentsov da var. Rusiya tərəfi onu terror təşkilatı yaratmaqda və Sevastopol şəhərində partlayışlar törətməkdə ittiham etmişdi.
Ukrayna tərəfinin Rusiyaya kimləri təhvil verdiyi isə dəqiq bilinməsə də, onlardan ikisinin Ukrayna ordusunda xidmət aparmasına baxmayaraq, məlum hərbi əməliyyatlar zamanı Rusiya tərəfinə keçmiş hərbçilər olduğu qeyd edilir. Həmçinin, siyahıda Rusiya FTX-nin bir əməkdaşının da adının olduğu bildirilir.
Maraqlıdır ki, tərəflər əsirlərin dəyişdirilməsi prosesini mümkün qədər gizlətməyə çalışırlar. Məlumatın dərc edildiyi hazırkı ana qədər nə Kiyev, nə də Moskva bununla bağlı heç bir rəsmi açıqlama verməyib.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenskinin seçki öncəsi əsas vədlərindən biri əsirlərin geri qaytarılması idi. Proses V.Zelenskinin V.Putinlə telefon danışıqlarından sonra, avqustun ortalarında aktivləşməyə başlamışdı. Bu işdə həmçinin, Fransa prezidenti Emanuel Makronun da rolu olduğu bildirilir.