Gürcüstan üçün yeni Qarabağ ssenarisi: böyük kəmərlərə təhlükə
Bölgədəki erməni separatizmi və işğal problemi Azərbaycan və Gürcüstanı tale ortaqlarına çevirib; “Cavaxetiya kartı”nı işə salmaq istəyənlərin hədəfi nədir? Böyük kəmərlərə təhlükənin arxasındakı əsas güc...
Yenixeber.org: Ermənistanın Azərbaycanla yanaşı, qonşu Gürcüstan və Türkiyəyə qarşı da ərazi iddialarının olduğu təzə məsələ deyil. Aydındır ki, Dağlıq Qarabağ konflikti üzündən sərt blokada şəraitində olan işğalçı ölkə xaricə əsas çıxış yolu kimi qalan Gürcüstana ərazi iddiası sürməkdən çəkinir. Ancaq bu, o demək deyil ki, torpaq iddiası gündəmdə deyil və ya gündəmdən həmişəlik çıxarılıb.
Söhbət Gürcüstanın əsasən ermənilərin məskunlaşdığı Cavaxetiya bölgəsindən gedir - harada ki, bu yaxınlarda Qarabağda mülki azərbaycanlı əhaliyə qarşı cinayətlər törətmiş erməni qulduruna “20 Yanvar”ın ildönümündə (!) büst qoymuş və bununla da Tiflislə Bakının arasını vurmağa çalışmışdılar. Yeri gəlmişkən, Azərbaycanda və Gürcüstandan olan etirazlara rəğmən, terrorçunun büstü hələ də sökülməyib. Ona görə yox ki, Tiflis belə istəyir, daha çox ona görə ki, mərkəzi hökumətin Cavaxetiya ermənilərinə təsir gücü yetərli deyil. Yaxud gürcü hökuməti “milçək yuvası”na çöp salmaqdan ehtiyatlanır.
İstənilən halda, bu, yaxşı siqnal deyil. İlk növbədə də Gürcüstanın dövlətçiliyi və hakimiyyəti üçün. Çünki erməni xislətinə bələd olanlar bilirlər ki, onlar harada çoxluqdadırsa, oranı gec-tez “qədim erməni məkanı” elan edib ya öz dövlətlərini qurmaq, ya da “ana Ermənistana” birləşmək sevdasına düşürlər. 30 ildir alovlanan Dağlıq Qarabağ konflikti görkdür.
*****
Belə görünür, Cavaxetiya da istisna olmayacaq. Gələn məlumatlara görə, çoxdan və altdan-altdan gedən hazırlıqlar artıq sürətlənib. ABŞ-da Cavaxetiyanın “etnik individuallığı”nı qorumaq üçün telemarafon start götürüb. Guya toplanan vəsait bölgədəki erməni əhalinin mədəni, sosial-iqtisadi ehtiyaclarına yönəldiləcək. Ötən əsrin 80-cı illərində Dağlıq Qarabağla bağlı da oxşar proseslər və pul yığmalar olmuşdu. Belə “erməni qardaşlığı”nın nə ilə sonuclandığı məlumdur. Həmin pul-paralar ən əvvəl gizli, qanunsuz silahlı qrupların yaradılmasına yönəldilmişdi.
Odur ki, Gürcüstan hökuməti nə qədər gec deyil, “Keşikçi dağ” monastrı ətrafında mənasız iddialardansa, Qarabağ konfliktinin tarixinə nəzər salsa, həm özü üçün, həm də bölgə üçün yaxşı olar.
Şübhə yox ki, NATO-ya israrla can atan Gürcüstana qarşı yeni Qarabağ təhdidi ən çox Rusiyaya lazımdır. O Rusiya ki, həmsərhəd ölkələrdə “separatçı kart”dan əfsus ki, məharətlə istifadə edə bilir. Yoxsa ki, Ermənistanın daha bir qonşu ölkə ilə sərhədlərinin bağlanması məntiqlə İrəvanın marağında görünmür. İstisna deyil ki, Cavaxetiya təhdidi ilə Ermənistan Gürcüstandan hansısa iqtisadi və başqa divident qoparmaq niyyəti güdür. Məsələn, İrəvanın marağında olan Abxaziya dəmir yolunun açılması.
Buradaca yada salaq ki, Cavaxetiya ərazisindən Azərbaycanın neft-qazını Avropaya daşıyan strateji əhəmiyyətli boru xətləri (Bakı-Tiflis-Ceyhan və s.), habelə təzəcə istifadəyə verilmiş Bakı-Tiflis-Qars dəmiryolu keçir. Gələn il işə düşəcək və Avropanın Rusiya qazından asılılığını azaldacaq Cənub Qaz Dəhlizi də oradan keçir. Bütün bunlar əlbəttə ki, ən çox Rusiyanı qıcıqlandırır. Rusların bölgədəki ən etibarlı “maşası” isə ermənilərdir...
Gürcüstan hakimiyyəti sübhə yox ki, öz ərazisində “rusun barmağı” ilə artmaqda olan erməni separatçılığını neytrallaşdırmaq üçün hərəkətə keçə və bu zaman Qərbin, ABŞ-ın tam dəstəyini ala bilər. Həm də o səbəbə ki, yeni bir Qarabağ konflikti Gürcüstanın bu ərazisinə Rusiyanın müdaxilə imkanlarını artıra bilər. Bəlkə də Cavaxetiya ermənilərinin əhəmiyyətli qismi artıq Rusiya pasportları daşıyır. Təbii ki, o halda ərazidən keçən neft-qaz və dəmir yolu xətlərinin təhlükəsizliyi sual altına düşəcək.
*****
“Bu regionda (Cavaxetiya - ”YM") Dağlıq Qarabağdakı kimi tam miqyaslı konflikt qızışa bilər. Prinsip etibarilə Ermənistandakı bəzi siyasi qüvvələrin təmsilçiləri belə bir hədəf güdürlər ki, Cavaxetiya üstündə Gürcüstanla münaqişə yaradıb erməni dövlətinin ərazisini böyütsünlər".
Məlumata görə, bu sözləri rusiyalı siyasi icmalçı Denis Kortkodinov Cavaxetiya ətrafında son baş verənləri şərh edərkən deyib. Ekspert əmindir ki, bölgə üçün telemarofonun keçirilməsində məhz siyasi çalar var və bu, təşkilatçıların elan elədiyi hədəflərdən xeyli fərqlənir.
“Xüsusilə təhlükəlidir ki, bir sıra siyasi qruplar telemarafon mövzusundan yerli toplumda milliyyətçi əhvalı qızışdırmaq üçün destruktiv element qismində istifadə edib millətlərarası münasibətləri gərginləşdirməyə, Gürcüstanın ərazi bütövlüyünü pozmağa səy edir”, - deyə politoloq əlavə edib.
*****
Baş verənlər bir daha erməni separatizmi və işğal faktının Azərbaycan və Gürcüstanı tale ortaqlarına çevirdiyinə şübhə yeri saxlamır. Onsuz da bir-birinə bağlı olan iki ölkə bundan sonra ortaq təhlükəyə qarşı daha sinxron, daha çevik hərəkət etmək zorundadır. Azərbaycan-Gürcüstan sərhədinin hansısa hissəsində hansısa məbədə görə çəkişmə zamanı deyil. Bu çəkişmənin və onun körüklənməsinin hansı güc mərkəzinin marağında olduğunu xatırlatmağa yəqin ki, lüzum qalmır...(musavat)