PUTİN POMPEONU SOÇİDƏN ƏLİBOŞ YOLA SALDI-Trampın ümidləri suya düşür: Kreml ABŞ-la niyə uzlaşmaq istəmir?
ABŞ dövlət katibi Mayk Pompeo Soçidə Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb. Birləşmiş Ştatlarda xüsusi prokuror Robert Müllerin araşdırması başa çatan kimi Rusiya və ABŞ yenidən münasibətləri düzəltməyə çalışır. Yeri gəlmişkən, həmin araşdırma Rusiya ilə Tramp komandası arasında hər hansı sövdələşmənin olmadığını ortaya qoydu.
Yenixeber.org: Mayın əvvəlində Tramp və Putin arasında bir saatdan artıq davam edən telefon söhbəti oldu. Rusiya prezidentinin sözlərinə görə, söhbət zamanı onda belə bir təəssürat yarandı ki, Birləşmiş Ştatlar iki ölkə arasında münasibətlərin düzəlməsinə köklənib. Bununla yanaşı, ABŞ prezidenti deyib ki, “Böyük iyirmiliyin” bu ilin iyununda Yaponiyada keçiriləcək sammitində Putinlə görüşəcək. Bu söhbətdən sonra Tramp ABŞ dövlət katibi Mayk Pompeonu Rusiyaya göndərdi.
Pompeo dövlət katibi kimi Rusiyaya ilk dəfə gəlirdi. ABŞ rəsmisi Rusiya XİN rəhbəri Lavrovla üç saatlıq danışıq apardı. Bu görüşdən sonra onu prezident Vladimir Putin qəbul etdi. Və ikilinin görüşü bir saat yarım çəkdi.
“Bugünkü görüşlər irəliyə atılmış nikbin addım idi. ABŞ və Rusiya açar məsələlərlə bağlı birgə fəaliyyət göstərə biləcəklərini keçmişdə nümayiş etdiriblər. Hər iki millətin xeyri üçün Rusiyanı münasibətlərin trayektoriyasını dəyişməyə, bizimlə əməkdaşlığa çağırırıq”, – deyə Pompeo görüşdən sonra “Twitter” hesabında yazdı.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə danışıqları belə qiymətləndirdi: “Düzdür, hələlik irəliləyiş yoxdur. Amma ABŞ tərəfinin əməkdaşlığa kökləndiyi hiss olunur”.
“Mayk Pompeo deyir ki, Soçiyə prezident Trampın ABŞ-Rusiya münasibətlərini düzəltmək tapşırığı ilə ilə gəlib. Lakin gecəyə yaxın prezident Vladimir Putinin rezidensiyasında məlum olub ki, Pompeo yalnız bir şeyə ümid edə, Soçidən yalnız bir razılaşma ilə gedə bilər – hər kəs öz mövqeyində qalacaq”, – deyə Pompeonun səfərini şərh edən “The Washington Post” yazıb.
Venesuela, İran, Suriya, Şimali Koreya və Ukrayna mövzularının müzakirə olunduğu danışıqların yekununda hər hansı razılıq əldə olunmayıb. Görüşün nəticələrinə dair nə Putin, nə də Pompeo mətbuat konfransı keçirib.
Lakin ABŞ dövlət katibi bildirib ki, müzakirələr olduqca produktiv olub və əsasən Suriya məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Əsas məqsəd isə ortaq məxrəcə gələ bilmək olub.
Pompeo deyir ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə əlaqələrin yaxşılaşmasına üstünlük verir. Lakin dövlət katibi Rusiyaya ABŞ-dakı 2020-ci il seçkiləri ilə bağlı açıq xəbərdarlıq etməkdən də çəkinməyib.
Putinlə görüşdən əvvəl – Lavrovla söhbət zamanı dövlət katibi ölkəsinin mövqeyini açıq şəkildə ortaya qoyub: “Əgər bu, (seçkiyə müdaxilə-red:) 2020-ci ildə baş verərsə, o zaman bizim münasibətlərimiz daha pis olacaq”. Və əlavə edib ki, Moskva belə addımlara son qoyduğunu nümayiş etdirməlidir.
İran və Venesuela məsələsində də iki ölkənin mövqeyi tam fərqlidir.
“Venesuela prezidenti Nikolas Maduronun getmək vaxtı çatıb. Venesuela xalqının iztirabları başa çatmalıdır. Ümid edirik ki, Rusiya Venesuelaya dəstəyini dayandıracaq”, – deyə Pompeo Lavrovla birgə keçirdiyi mətbuat konfransında qətiyyətlə bildirib.
Soçi danışıqlarından sonra ABŞ dövlət katibi onu da qeyd edib ki, Ağ Ev və Kremlin Rusiya-Ukrayna münaqişəsinin həlli prosesinə də yanaşması fərqli olaraq qalır: “Elə məqamlar var ki, yanaşmalarımız çox fərqlidir”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Pompeo ilə Putinin görüşündə Ukrayna məsələsi qaldırılmayıb. “Ukrayna mövzusu olmayıb. Ümumiyyətlə olmayıb”, – Uşakov da təsdiqləyib.
Bununla belə, Pompeo görüşdən sonra bəyan edib ki, Vaşinqton Moskvanın Ukraynanın yeni hökuməti ilə anlaşa biləcəyinə, Kerçdə saxlanılan ukraynalı dənizçilərin azad ediləcəyinə ümid edir: “İstəyirik ki, Rusiya Ukraynanın yeni hakimiyyətinə əl uzatsın ki, vəziyyətdən çıxış yolu tapılsın. Biz həmçinin Rusiyanı Kerçdə saxlanılan ekipaj üzvlərini azadlığa buraxmağa çağırırıq”.Tərcümə: Strateq.az