Rəhim Qazıyevdən deputata sərt cavab
“1989-cu ildə Rəhim Qazıyev orduya malik deyildi, heç nəylə və heç kimə hücum edə bilməzdi və etməyib”
"Xeberinfo.com": “Müxalifət son zamanlar Leyla Yunusu dünyanın xilaskarı, sülhün və demokratiyanın carçısı edib. Ancaq Leyla Yunus Azərbaycan dövlətinə və xalqına düşmən mövqeyi sərgiləyən adamdır” - bunu publika.az-a açıqlamasında Milli Məclisin Ağcabədidən seçilmiş deputatı Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, Leyla Yunusun bütün fəaliyyəti Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd olub: “Mən Leyla Yunusu 1989 cu ildən tanıyıram. O dövrdə mən Ağcabədidə katib işləyirdim. 1989-cu ilin sonları idi. O vaxtı Leyla Yunus və Zərdüşt Əlizadə Ağcabədiyə gələrək ermənilərlə mübarizə aparmaqdan danışmaq əvəzinə, əksinə insanları hakimiyyətlə mübarizəyə səsləyən bəyanatlar verirdilər. Bunun nəticəsində isə bir neçə gündən sonra Ağcabədi sakinləri ayağa qalxdı və Rəhim Qazıyevin qoşunları ilə əhali arasında toqquşma oldu. Bunun nəticəsində isə nə qədər insan öldürüldü. Əslində, həmin dövr çox həssas dövr idi və Leyla Yunus da gəlib insanlara sülhdən, ermənilərə qarşı birgə mübarizədən və sairə danışmalı idi. O isə bunların heç birini etmədi. Əksinə, yerli əhalinin o dövrdəki hakimiyyətin üzərinə qaldırdı və rayonda hərc-mərclik baş qaldırdı. Yalnız bir neçə il sonra ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdan kimi bu hərc-mərcliyin qarşısı ağıllı yollarla alındı”.
Məsələyə münasibət bildirən 1989-cu ildə AXC İdarə Heyyətinin üzvü olan Rəhim Qazıyev deputatın dediklərinə cavab verib. O, bildirdi ki, 4 ildir varlığıyla yoxluğu bilinməyən təyinatlı deputat Tahir Rzayev iqtidara öz “sədaqətini” və “xidmətini” nümayiş etdirmək istəyir: “Adını ilk dəfə eşitdiyim Milli Məclisin təyinatlı deputatlarından biri Tahir Rzayevin özünəməxsus, uydurma yalanlarla dolu açıqlamasını oxudum. Leyla Yunusun həbs olunması məqamından istifadə edərək iqtidara öz “xidmətini” və “sadəqətini” nümayiş etdirmək üçün 25 il bundan öncə hüquq müdafiəçisinin Azərbaycan xalqına elədiyi “xəyanətin” açılması üçün münasib vaxt gəldiyini dərk edib. Tahir Rzayev iddia edir ki, 1989-cu ilin payız aylarında Zərdüşt Əlizadə və Leyla Yunus Ağcabədiyə gələrək ermənilərlə mübarizə aparmaq əvəzinə, o dövrkü hakimiyyətə qarşı xalqı qaldırmağa cəhd edib. Əlavə edir ki, onlar rayondan gedəndən qısa müddət sonra Rəhim Qazıyev öz qoşunuyla hücum edərək Ağcabədidə iğtişaşlar törətmiş və nə qədər günahsız insanlar öldürmüşdü. Mən təəccüblənmirəm, ancaq çox təəssüf edirəm ki, bu qədər “savadlı” deputatları Milli Məclisə yığmaqla iqtidar günü-gündən xalqın gözündən düşməsinin fərqinə varmır. Yəqin dəyərli oxucular bilir ki, 1989-cu ildə Rəhim Qazıyev orduya malik deyildi, heç nəylə və heç kimə hücum edə bilməzdi və etməyib. Hələ bu təyinatlı deputat bu günə kimi anlamır ki, 1989-cu ilin payız ayında SSRİ kifayət qədər güclü görsənirdi. Həmin dövrdə nəinki Rəhim Qazıyev, heç Azərbaycanda SSRİ-nin qoşunu, silahlı dəstəsi yox idi. İndi mən hakimiyyətə xoş gəlmək istəyən təyinatlı deputatın “unutduğu” məsələlərə ixtisasca riyaziyyatçı və peşəkar müəllim olaraq aydınlıq gətirmək istəyirəm”.
Rəhim Qazıyev deyir ki, 1989-cu ilin noyabrın 19-da axşam saatlarında Azərbaycan Xalq Cəbhəsinə telefonla məlumat daxil oldu ki, Ağcabədidə Avşar kəndinın sakinləriylə rayonun əhalisi arasında güclü qarşıdurma yaranıb: “AXC İdarə Heyətinin qərarıyla mən Ağcabədiyə getməli oldum. Noyabrın 20-i səhər saat 5-ə yaxın Avşar kəndinə çatdım və orada artıq barikkada qurulmuşdu. Həmin barikkada da xeyli yoxlandıqdan sonra rayonun mərkəzinə getdim. Mərkəzində rayon Partiya Komitəsinin binası qarşısındakı küçədə çadır qurulduğunu, oradakı insanların yaxşı əhval-ruhiyyədə olduğunu gördüm. Qarşıqlığa da başçılıq edənlərdən birinin həmin dövrdə Ağcabədi rayon İcraiyyə Komitəsinin yenicə seçilmiş sədri olan Əhməd Qasımovun başçılıq etdiyini müşahidə etdim. Rayonda nə baş vermişdi? Həmin dövrdə Rayon Partiya Komitəsinin birinci katibi, əslən Avşar kəndindən olan Aydın Alıyevə qarşı əhali etiraz mitinqinə qalxmışdı. Bu qarşıqlıq düşən kimi Aydın Alıyev, o dövrdə katib işlədiyini iddia edən təyinatlı deputat Tahir Rzayev və rayon prokuoru Ağcabədidən qaçıb canlarını qurtarmışdılar. Həmin dövrdə rayonda Partiya Komitəsinin üçüncü katibi, indi adı xatirimdən çıxan və hörmətli, nəzakətli bir xanım, eləcə də Rayon Milis Şöbəsinə Xanlar rayonundan yenicə Ağcabədiyə rəis təyin olunmuş polkovnik Cavanşir qalmışdı. Bu iğtişaşı yatırmaqdan ötrü rayona həmin dövrdə Mərkəzi Komitənin İnzibati Şöbənin müdiri, Dövlət Təhlükəsizlik Komitəsinin polkovniki Yasif Nəsirli və bir də DTK-nın Azərbaycan bölməsinin rəis müavini Qorolevski gəlmişdi. Onlar da əhalinin qəzəbindən ehtiyat edərək birinci katibin otağının arxasındakı xidməti otağında ev dustağıydılar. Mən üç gün Ağcabədidə qalıb qarşıdurmanın vüsət almasına imkan vermədim. Bu üç gün müddətində Mərkəzi Komitədən Kənd Təsərrüfatı naziri Nizami Abdullayev rayona göndərildi və konfrans keçirilməsi səlahiyyəti ona verildi. Həmin dövrdə kifayət qədər rayonda nüfuzlu olan insanlarla ünsiyyət bağlayıb öz doğma rayonlarının sakinləriylə qarşıdurmadan onları çəkindirməyə çalışdım. Rayonu qorxmadan idarə edib Ağcabədidən qaçmayan üçüncü katib olan o xanımı müvəqqəti olaraq birinci katib vəzifəsini icra etməsinə nail oldum. Həmin qarşıqlığın qarşısını almağa borclu olan, yerli sakinlərin önündə sinə gərib gərginliyi azaltmaq əvəzinə rayondan qaçıb gedən indiki təyinatlı deputat iqtidara xoşuna gəlmək üçün Leyla xanımı və mənim ünvanıma xəcalət çəkmədən yalan uydurur. Tahir Rzayev dediklərinə özü də inanırsa cəsarət tapıb mənimlə debata çıxsın. Hətta debata ona çox “doğma” olan YAP-ın qərargahında da çıxmağa hazıram. Zərrə qədər şəxsiyyətinə hörmət edən insan kiminsə, nəyinsə xatirinə uydurulmuş yalanları olmuş həqiqətlər kimi söyləməkdən çəkinməlidir. Son olaraq təyinatlı deputat Tahir Rzayevin diqqətinə çatdırmaq istəyirəm ki, öz zərif vücudi ilə cəbhənin həyat üçün ən təhlükəli olan yerlərində qeyrətli, cəsarətli döyüşçülərimizin igidilikləri haqqında əsl həqiqəti xalqımıza çatdırmaqdan ötrü özünü dəfələrlə real ölümlə üz-üzə qoyub. İndi ömründə əlində silah alıb bir saat belə torpağın müdafiəsində olmayan psevdovətənpərvərlərin Leyla xanımın ünvanına hədyanlar söyləməsi zərrə qədər vicdanı və vətəpərvərlik hissi olan hər bir vətəndaş da ikrah və nifrət hissi doğurur”.