Ermənistanın sosial şəbəkə istifadəçiləri arasında hüquq müdafiəçisi Leyla Yunusun həbsi ətrafında qızğın müzakirələr gedir
"Xeberinfo.com" Ermənistan mətbuatına istinadən xəbər verir ki, erməni bloggerlər və sosial şəbəkə istifadəçiləri bu həbsə qəzəbli şəkildə etirazlarını bildirir və Azərbaycan hakimiyyətini “Ermənistan, Azərbaycan və Artsax üçün çox işlər görmüş bu görkəmli və nəhəng qadının təqib olunmasına görə” ittiham edirlər. L.Yunusun şəxsiyyətinin və xidmətlərinin şişirdilib təriflənməsi Azərbaycan hakimiyyətinin ünvanına qəzəbli şərhlərlə müşayiət olunur.
Burada çox maraqlı, hətta sensasion sayılacaq qeyri-adi məqam odur ki, əksər erməni bloggerlər Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini, erməni ordusunun çoxsaylı diversiya cəhdlərini Leyla Yunusun həbsinə görə intiqam aksiyası kimi qiymətləndirirlər.
Uzağa getməyək. Ermənilərin aparıcı “Novosti Armenii” saytı belə bir sərlövhə altında yazı dərc edib: “DQR Müdafiə Nazirliyi: Bakının təbliğat maşını fantaziyalarını davam etdirir”.
Erməni bloggerlər bu xəbər ətrafında dərhal müzakirə açaraq cəbhə xəttindəki son hadisələrə qiymət veriblər. Ermənistan və Azərbaycan qoşunları arasındakı döyüş ətrafındakı müzakirələr sonradan Leyla Yunus mövzusunun müzakirəsinə çevrilib.
Fəal erməni bloggerlərinin yazdıqlarına özünüz qiymət verin.
Blogger Aram Davidyan yazır: “Azərbaycanda hüquq müdafiəçisi Leyla Yunusu həbs ediblər. Bu nəhəng insan bizim Artsaxın azadlığı üçün çox iş görüb. Eybi yoxdur, biz tezliklə Bakını da azad edərik. Onda Leyla da azadlıqda olacaq. O, Artsaxın bütün ordenlərin layiqdir. Bu, Leylaya görə qisas idi. Azərbaycanlılar (erməni blogger burada xalqımız haqda təhqiramiz “azərbaranlar” ifadəsini işlədib-red.), siz Leylanı nə qədər türmədə saxlasanız, bizim tərəfdən də bir o qədər çox güllə və raket alacaqsınız. Başa düşdünüz?”
Erməni bloggerin sözlərindən belə çıxır ki, cəbhədə bizim əsgərlərə atılan güllələr “Artsaxın bütün ordenlərinə layiq olan görkəmli qadın” Leyla Yunusun həbsinə görə qisas aksiyası imiş.
A.Davidyanın digər həmkarı Sərkis Xaçatryan da onun dediklərini təkrarlayır: “Leylanı nəyə görə həbs etdilər? Ona görə ki, onun damarlarından erməni qanı axır. Leyla bizi bu lənətə gəlmiş Azərbaycan hakimiyyətindən xilas etmək üçün əlindən gələn hər şeyi etdi. Nə qədər ki Əliyev hakimiyyətdədir, o, istədiyini edəcək. Müharibə də edəcək. Leyla isə bunu hamıya başa salmaq, izah etmək istəyirdi ki, Azərbaycanı, Ermənistanı, Artsaxı xilas etmək lazımdır... Biz bütün artsaxlılar Leylaya minnətdarıq ki, o, bizə sülh gətirmək istəyirdi. Amma onu həbs etdilər. Bu ... Əliyev (erməni bloggerlər burada Azərbaycan prezidentinin ünvanına təhqiramiz ifadə işlədiblər-red.) Leylanı azad etməyənə qədər bizim əsgərlər azərbaycanlılara güllə atmalıdırlar. Hətta Bakını və Leylanı azad etməlidirlər. Leyla Barseqyana azadlıq!!!”
Beləliklə, Ermənistanda L.Yunusa əsl dəstək kampaniyası gedir və onu nəyə görəsə qəhrəman erməni qadını və sülh və barışıq uğrunda mübariz kimi qələmə verirlər. Deyirlər ki, ermənilər L.Yunus azad edilənə qədər azərbaycanlılara güllə atmalıdır. Bu zaman Leyla Yunusu da nəyə görəsə Leyla Barseqyan adlandırırlar. Halbuki bizə məlumdur ki, Leyla Yunusun əri Arif Yunusovun anasının soyadıdır. Azərbaycan hakimiyyəti isə Arif Yunusovu həbs etməyib.
Burada suallar yaranır: özünü guya iki xalqın barışığı, sülh yolunda qurban verən L.Yunusun qəhrəmana çevrilməsi nə ilə bağlıdır? Azərbaycana qarşı son diversiya əməliyyatlarının L.Yunusun həbsinə görə qisas aksiyası olması fikri erməni ictimai rəyinə nəyə görə belə ciddi-cəhdlə yeridilir? Burada hansı əlaqə ola bilər? L.Yunus bütün bu illər ərzində ermənilər üçün doğrudanmı bu qədər çox işlər görüb? Yoxsa ermənilər L.Yunus məsələsindən həm Azərbaycanda, həm də Ermənistanda ictimai fikri çaşdırmaq üçün istifadə etməyə qərar veriblər?
Bu suallar açıq qalır...