“Sovetski” sakinlərini sənədə məcburi imza atdırırlar
"Yenixeber.info": “Sovetski”də vətəndaşlara, mənzillərinin sahəsi olan az olan mülkiyyət sahiblərinə “hələ gözləyin” deyiblər. Onlar hökumətdən təyin edilən məbləğin artırılmasını istəyirlər. Köçürülmə işlərinə baxan yasamal rayon İcra Hakimiyyətindən isə hələlik səs-səmir yoxdur.
Vətəndaşları sənədlərə imza atmağa məcbur edirlər
“Sovetski”də olan zaman onu da öyrəndik ki, mənzilləri plana düşənlərə zorla sənəd imzalatdırırlar. Kvadratına 1500 manat kompensasiya ilə razılaşmayan sakinlərə yenə də hədə-qorxu gəlinir. Sakinlərin dediyinə görə, Köçürmə Komitəsinin nümayəndələri qapı-qapı gəzərək, verilən kompensasiya ilə bağlı razılığı ifadə edən sənədin imzalanmasını tələb edirlər.
“Sovetski” sakinləri onu da bildirdilər ki, bu vərəqlər hər kəsə paylanılır və onu imzalamaq üçün hər kəslə fərdi qaydada söhbət aparılır, insanlar dilə tutulur.
“Yazıb, sizə bildirirəm ki, sökülmə ilə əlaqədar olaraq, mənzilimə və ya payıma düşən kompensasiya verilməsinə etiraz etmirəm” – sənəddə qeyd olunub.
Hökumət Avropa Məhkəməsinə gedən şikaytələrin qarşısını alamq üçün...
Ekspertlər hesab edir ki, hökumətin belə bir addım atmasının səbəbi vətəndaşların məhkəməyə üz tutmamasını qarşısını almaqdır. Vətəndaşlar sözügedən sənədə imza atacaqları təqdirdə hüquqi yolla öz istəklərinə çata bilməyəcəklər. Bu insanların Avropa Məhkəməsinə olan yolun da qarşısını alır. Bizimlə söhbət edən ekspertlər onu da bildirdilər ki, “Sovetski” məsələsində daha da “diqqətli” olmağa çalışır.
“Bakının ayrı-ayrı ünvanlarında evləri sökülən, bazar qiymətlərindən qat-qat aşağı kompensasiya alan vətəndaşlar son ümid yeri kimi Avropa Məhkəməsinə üz tuturdu. Elə bunun nəticəsidir ki, son illər mülkiyyət toxunulmazlığıyla bağlı Avropa İnsan Haqları Məhkəməsinə yüzlərlə vətəndaş müraciət edib. Yaxın gələcəkdə həmin müraciətlər müsbət sonluqla bitəcək. Hökumətdə bu kimi problemlərlə qarşılaşmamaq üçün çalışır ki, məsələni “hüquqi” yolla həl etsin”, - deyə ekspertlər bildirirlər.
Onu da qeyd edək ki, bu ilin fevralın 3-də Yasamal rayon İcra Hakimiyyətində Təşkilat Komitəsinin üzvləri ilə görüşdə baş nazirin müavini Abid Şərifov bildirib ki, məcburi qaydada köçürülmə olmayacağını demişdi. O, kim istəyir, köçsün, kim istəmir, sağlıqla yaşasın.
Hökumət “Sovetski”də 1120 ailənin köçmək istədiyini deyir
“1120 ailə “Sovetski”də evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyir” – bunu mətbuata Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.
Onun sözlərinə görə, 765 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 730 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.
Komissiya sədri söküntü ərazisinə düşən 2980 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 69 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb.
Mənzilinin sahəsi az olanlara hökumət “hələ gözləyin” deyib
Süleyman Rəhimov küçəsi, ev 11-də yaşayan Fuad Dərgahov deyir ki, mənzilinin sahəsi böyük olanlar hökumətin təyin etdiyi 1500 manatlıq “ədalətli” qərarla razılaşırlar.
“Kimin mənzilinin sahəsi kiçikdir, ona verilən pulla heç nə edə bilməz. Evim 16 kvadratdır. Hökumət 24 min manat kompensasiya verəcək. Bu pula hardan ev alım? Bakıda bir otaqlı mənzillər 60-70 min manata satılır? 24 minə yalnız torpaq sahəsi almaq olar. Bəs evi hansı pulla tikim? Normal pul versinlər günü sabah köçərəm”.
Fuad Dərgahov “Sovetski”dəki evlərin bazar qiyməti 4-5 min manat olduğunu bildirir: “Biz də bu məbləğdə kompensasiya tələb edirik. Mənim mənzilimin 200 metrliyində yeni yaşayış kompleksi tikilib. Orada bir kvadrat metr 4 min manatdan aşağı deyil. Bizim başqa istəyimiz yoxdur”.
Dəfələrlə aidiyyəti qurumlara müraciət etdiyini deyən “Sovetski” sakini kompensasiyanın artırılmasıyla bağlı onlara “hələ gözləyin” cavabını veriblər: “İki tələb irəli sürmüşük. Ya normal kompensasiya versinlər, ya da mənzillə təmin etsinlər. İkinci tələbimizə əvvəlcə hökumət nümayəndələri “hə” dedilər, sonra fikirlərindən daşındılar. İndi də kompensasiyanın məbləğinin artırılmasıyla bağlı Köçürülmə Komisiyasına müraciət etmişik. Deyirlər ki, hələ gözləyin. Nə vaxat qədər gözləyək? Burada 10 mindən çox ailə yaşayır. 70-80 faizinin mənzilinin sahəsi 30 kvadrat metrdən yuxarı deyil. 30 kvadrata da hökumət 45 min manat pul ödəyir. 45 min manata kim Bakıdan ev ala bilər? Evləri balaca olanlara yaxınlıqda mənzil almaq üçün pul ödənilsə heç kim narazılıq etməz”.
DİN-dən polislərə kompensasiya ilə razılaşın deyiblər?
Adının çəkilməsini istəməyən “Sovetski” sakini göndərilən bildirişlə bağlı maraqlı bir məlumat da verdi. Onun sözlərinə görə, ərazidə yaşayan hüquq-mühafizə orqanlarının əməkdaşlarına Daxili İşlər Nazirliyindən “köçün” əmri verilib.
“Yaxınlıqda yaşayan polisdən öyrəndim ki, nazirlikdən burada yaşayan bütün işçilərinə deyilib ki, hökumətin verdiyi kompensasiya ilə razılaşsınlar və bütün sənədlərə qol çəksinlər”, - deyə “Sovetski” sakini deyir.
Məsələylə bağlı DİN-dən mövqe öyrənə bilmədik.