Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş -TƏHLİL

 

Suriya hakimiyyəti yanvarın 20-dən "Suriya Demokratik Qüvvələri"nə ("SDQ") dörd gün müddətinə atəşkəs möhləti verib. Bundan əvvəl Suriya Prezidenti Əhməd əş-Şaraa ilə "SDQ" lideri Məzlum Abdi arasında keçirilmiş görüşün mənfi nəticələnməsi səbəbindən silahlı qarşıdurma yenidən alovlanmışdı.

Yenixeber.org: Ötən gün "SDQ" atəşkəsə riayət edəcəyini bildirib. Rəsmi Dəməşq isə bununla Hasəkənin Suriyaya inteqrasiyası üçün şərait yaratmış olur. Atəşkəs dövründə Suriya hakimiyyət qüvvələri Hasəkə və Qamışlı şəhərlərinin mərkəzinə girməyəcək. Silahlı qüvvələr bu şəhərlərin ətrafında yerləşəcək.

Yeri gəlmişkən, Fərat çayının şərqində yerləşən Hasəkədə əsasən ərəblər yaşayır.

Əyalətin mərkəzi Suriya hakimiyyətinə inteqrasiyasının vaxt cədvəli və təfərrüatlarının sonradan müzakirə ediləcəyi nəzərdə tutulub.

Suriya lideri Əhmər əş-Şaraa ötən gün "SDQ" ilə imzalanmış 14 maddəlik atəşkəs sazişini açıqlayıb. Sənədə uyğun olaraq, Deyrizor, Raqqa, Hasəkə Dəməşqin tam nəzarəti altına keçir.

Suriya ordusu bazar günü ölkənin ən böyük neft yatağının nəzarətini ələ keçirdi.

Suriya Xəbər Agentliyi (SANA) elan edib ki, sazişə görə, "SDQ"nin silahlı ünsürlərinin ötən il martın 10-da qəbul edilmiş sənəddə nəzərdə tutulduğu kimi böyük ölçüdə mərkəzi orduya inteqrasiyası planlaşdırılıb.

Diqqətçəkən məsələlərdən biri də "SDQ"nin "bütün xarici PKK liderlərini və ünsürlərini Suriya Ərəb Respublikası sərhədləri xaricinə çıxarmağı öhdəsinə götürür" ifadəsinin sazişdə yer almasıdır.

Sənəddə, həmçinin Suriya hökuməti ABŞ-nin başçılığı altında İŞİD-ə qarşı koalisiyaya da qatılıdığını rəsmiləşdirir. Bundan başqa, rəsmi Dəməşq onminlərlə xarici İŞİD döyüşçüsü və ailələrinin saxlanıldığı həbsxanaların, saxlanma düşərgələrinin məsuliyyətini də öhdəsinə götürür. Çünki həmin ərazilərə indiyədək PKK qruplaşmasının qolları "SDQ", YPG/PYD nəzarət edirdi. Buna görə də xüsusən ABŞ-dən böyük məbləğdə maliyyə vəsaiti alırdı. Bu vəsaiti isə bir qayda olaraq silahlanmaya, qonşu ölkələrin, xüsusilə, Türkiyənin təhlükəsizliyinin təhdidinə xərcləyirdi.

 

Sənəddə Əhməd əş-Şaraa hökuməti kürd etnik azlığının mədəni və dil hüquqlarını tanıması ilə bağlı verdiyi vədi yeniləyib. Bu çərçivədə kürd dilinə rəsmi dil statusu veriləcək, Novruz bayramı kürdlərin milli bayramı elan ediləcək. Ancaq, deyəsən, bu yerdə tərəflər bir az irəli gedib. Çünki Novruzun kürdlərin milli bayramı kimi təqdim və elan edilməsi türklərin, yəni türkmənlərin bu istiqamətdə milli hüquqlarının tapdanmasıdır. Əslində, bu bayram daha çox türklərin, türkmənlərin milli bayramıdır. Uzun illər Türkiyədə məsələnin mahiyyətindən xəbərsizlər onu "farsların və kürdlərin bayramı" deyə təbliğ ediblər.

Odur ki, Sazişdəki bu maddədə gələcəkdə düzəlişin də edilməsinə ehtiyac olacaq. Bu, həm də türkmənlərin etnik azlıq olaraq tanınması, hüquqlarının qorunmasına təkan olar.

Yuxarıda qeyd etdiyimiz maddələrdə nəzərdə tutulan məsələlər Suriyanın 1946-cı ildə Fransadan müstəqilliyini qazanandan sonra kürdlərə aid hüquqların ilk dəfə rəsmi olaraq tanınması deməkdir.

Sazişin səkkizinci maddəsində Ayn-əl-Ərəbdə Suriya Daxili İşlər Nazirliyinə bağlı "yerli bir polis qüvvəsi"nin qurulacağına işarə edilib.

Suriya lideri əş-Şaraa müzakirə edilməyən və ya razılaşdırılmayan bir neçə nöqtə olduğunu bildirərək "SDQ" ilə bağlı bütün həll olunmamış problemlərin aradan qaldırılacağını da vurğulayıb.

Suriya Prezidenti Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefonla bu məsələləri müzakirə edib. Telefon danışığında Suriya torpaqlarının terrordan tamamilə təmizlənməsinin həm Suriya, həm də bütövlükdə bölgə üçün zəruri olduğu ifadə edilib. Türkiyə Prezidenti Suriyaya terrorla mübarizə başda olmaqla bir çox sahədə dəstəyini davam etdirəcəyini vurğulayıb.

ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak da yanvarın 20-də Suriyadakı son vəziyyətlə bağlı açıqlamasında bildirib ki, "SDQ" üçün "ən böyük fürsət" Əhməd əş-Şaraa hökuməti ilə əməkdaşlıqdan keçir.

 

Çünki əsədlərin hakimiyyəti dövründə kürd etnik azlığına verilməyən hüququ indiki hakimiyyət verəcəyini vəd edib. Hətta Əhməd əş-Şaraa bu etnik qrupun dilinin rəsmiləşdiriləcəyinə dair sənəd də imzalayıb. O, konstruktiv səylərə görə təşəkkürünü bildirib. Səfir bu sazişin birləşmiş bir Suriya üçün yenidən dialoq və əməkdaşlıq yolunu açdığını söyləyib: "Bu saziş və atəşkəs, köhnə düşmənlərin bölünmə yerinə ortaqlığı qəbul etdikləri önəmli bir dönüş nöqtəsidir".

Tom Barrak "SDQ"-nin Suriya hökuməti ilə problemsiz şəkildə inteqrasiya olmasını səbirsizliklə gözlədiklərini də vurğulayıb.

Barrak daha sonra sosial media səhifəsində yazıb ki, ABŞ-nin Suriyanın şimal-şərqində əsas hədəfi İŞİD-ə qarşı mübarizədir. Çünki Suriyada mərkəzi hakimiyyət olmadığından bu terror qruplaşması məğlub olduqdan sonra onun minlərlə silahlısı "SDQ"nin nəzarəti altında olan ərazidə saxlanılıb.

Barrak bildirib ki, hazırda vəziyyət dəyişib, Suriyanın mərkəzi hökuməti İŞİD-ə qarşı beynəlxalq koalisiyaya üzv olub: "Bu vəziyyət isə ABŞ-"SDQ" tərəfdaşlığının mövcudluq səbəbini dəyişdirib. "SDQ"-nin sahədəki əsas İŞİD əleyhinə qüvvə olma məqsədinin vaxtı keçib. Artıq Dəməşq bu vəzifəni yerinə yetirməkdə maraqlıdır".

Səfir ABŞ-nin bölgədə uzun müddətə hərbi qüvvə saxlamaq istəmədiyini deyərək Suriyada prioritetinin separatçılıq və ya federalizm olmadan milli birliyin gücləndirilməsi olduğunu da vurğulayıb.

Onu da yada salmaq yerinə düşər ki, bir zamanlar PKK terror qruplaşmasının adı dəyişdirilən YPG/PYD kimi dəstələri, habelə Bəşşar Əsəd rejimi ilə birlikdə Türkiyəni İŞİD-çilərlə təhdid edirdi.

Vaxtilə Türkiyə ABŞ-yə və müttəfiqlərinə "SDQ", YPG-PYD-ni silahlandırdıqlarını irad tuturdu. Hətta Fərat çayının şərq hissəsinin bu terrorçulardan təmizlənməsini istəyirdi. Rəsmi Vaşinqton onlardan İŞİD-ə qarşı mübarizədə istifadə etdiyini bildirirdi.

 

Belə çıxır ki, qruplaşma ABŞ-nin məqsədini yanlış anlayıb. Yaxud yaranmış vəziyyəti Suriyanın ərazi bütövlüyünün pozulmasına, azından federallaşmasına yönəltməyə çalışıb. Barrakın Suriyanın federallaşmasının prioritet olmamasını vurğulaması da bunu təsdiqləyir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat zalında "Amerikanın ən sadiq tərəfdaşları olan kürdlər Suriya hökuməti daxilindəki bəzi tərəflərin hücumları ilə üzləşirlər. Kürdlərin hüquqlarının qorunmasından əmin olmaq üçün nə edəcəksiniz? Çünki kürdlər sizi müttəfiqlərini tərk etməyən bir prezident kimi görürlər" sualına cavabında deyib: "Kürdləri sevirəm. Amma bunu anlamalısınız ki, kürdlərə çox, həm də çox pul verildi, onlara neft və başqa şeylər də verildi. Kürdlərlə münasibətlərimiz yaxşıdır və kürdləri qorumağa çalışırıq".

Tramp mətbuat toplantısını tez bitirərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla vacib danışığı olduğunu bildirib. Bu görüşün verilən sualdan daha vacib olduğu qənaətinə də gəlmək olar. Çünki Donald Tramp "Ərdoğanı çox sevirəm" deməklə Türkiyə liderinə simpatiyasını gizlətməyib.

Doğrudan da ötən illər ərzində ABŞ hərbçiləri Suriyadakı zəngin neft yataqları olan ərazilərə PKK, yaxud "SDQ" və YPG/PYD qüvvələri birlikdə nəzarət edir, eyni halda İŞİD-ə qarşı birgə mübarizə apardıqlarını bildirirdilər. Başqa sözlə, "SDQ" və onun ətrafında olan qruplaşmaların Suriya mərkəzi hakimiyyətinə inteqrasiyadan başqa yolu olmadığı bir daha isbatlanmaqdadır. Çünki onların hədəfi Suriyanın parçalanmasıdır.

Belə bir vəziyyət isə Yaxın Şərqin təhlükəsizliyinin, region ölkələrinin, xüsusən, ərəb dövlətlərinin ərazi bütövlüyünün təhdididir. Bu, həm də ABŞ-nin bölgədəki tərəfdaşı olan ölkələrlə münasibətlərinin gərginləşməsi, hətta, pozulması ilə nəticələnə bilər.

Odur ki, Ağ Ev regional maraqlarını bir qruplaşmanın istəyindən üstün tutur.

 

Neft yataqları olan bölgələr artıq Suriya hökumətinin nəzarətinə keçir. Bu isə ABŞ-nin və başqa maraqlı tərəflərin qruplaşma ilə deyil, Suriya hakimiyyəti ilə neft sahəsində əməkdaşlıq etməsinə yol açır. Ərəb Respublikası "qara qızılının" Əsədin, terrorçuların vaxtında olduğu kimi, "qara bazar"a yolunu bağlayır.

Düzdür, kürdlərin mədəni və dil hüquqlarının tanınması məsələsinə inanmayanlar da var. Onlardan biri PYD qruplaşması "rəhbərlərindən" olan Salih Müslümdür. O, hələ ötən ilin martında muxtariyyət tələb etmədiklərini söyləyirdi. Qruplaşmanın aparıcı fiqurlarndan olan Müslüm Əhməd əş-Şaraaya "etibar etmədiyini" söyləyib.

Bu, Suriyanı parçalamaq istəyən, Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edən qüvvələrin vəziyyətinin, məsələyə yanaşmasının da göstəricisi sayılır. Onların səbatsızlığı, müharibəyə üstünlük verdiklərini nümayiş etdirir. Görünür, müharibə, silahlı qarşıdurma ilə həmin qisim daha çox diqqət mərkəzində olur, daha çox pul qazanırmışlar. İndi belələri üçün Suriya neftinin "qara bazar"a yolu bağlanır.

Rəsmi Dəməşqin əldə etdiyi razılaşma və atəşkəs Suriya cəmiyyətinin Əhməd əş-Şaraa hökumətinə inamının artmasına, habelə, ölkədə sabitliyin nəhayət bərpa olunacağına ümidləri artırır. Bu, ölkədəki başqa etnik qrupların, dini azlıqların, o cümlədən türkmənlərin də milli mədəni hüquqlarının tanınmasına əsas verə bilər. Odur ki, növbəti addım Suriyanın yeni konstitusiyası və bu kimi məsələlərin əsas qanunda təsbitidir. Yeni Suriya, yeniləşən Suriya Yaxın Şərqdə sülhə, əməkdaşlığa, təhlükəsizliyə, ərazi bütövlüyünə yardım edə bilər.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam