Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

ECO sammiti: Xankəndi qlobal məsələlərin müzakirə meydanına çevrilir -ŞƏRH

 

Azərbaycanın yürütdüyü müstəqil və balanslı xarici siyasət, beynəlxalq əməkdaşlığa verdiyi töhfələr öz bəhrəsini verməkdədir. COP29-un (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ardınca daha bir beynəlxalq tədbir Azərbaycanda reallaşdı. Bu dəfə işğaldan azad edilən Qarabağın mərkəzində - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi.

Yenixeber.org: COP29-nun keçirildiyi günlərdə dünya Azərbaycanın mədəniyyətini, inkişafını və yüksək təşkilatçılıq bacarığını bir daha yaxından görmüşdü. Qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirmişdi. Bir sözlə, COP29 Azərbaycanın həm qlobal miqyasda mövqeyini, həm də daxili sabitliyini daha da möhkəmləndirən tarixi bir hadisəyə çevrilmişdi.

ECO-nin 17-ci Zirvə görüşü ilə dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəldi. Bu görüşü daha da önəmli edən məsələ odur ki, tədbir işğaldan azad edilən, separatçı ermənilərin uzun illər terror yuvası kimi istifadə etdiyi Xankəndidə keçirildi. İştirakçılar arasında Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, İran, Şimali Kipr Türk Cümhuriyyətinin prezidentləri, o cümlədən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Baradar, Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu və digər rəsmi şəxslər vardı. Belə mötəbər tədbirin məhz Xankəndidə həyata keçirilməsi Azərbaycanın ciddi uğurudur.

 

ECO sammiti Azərbaycanın siyasi, iqtisadi və mədəni baxımdan regionun aparıcı aktorlarından biri olduğunu göstərir. Xankəndidə keçirilən sammit bütün dünyaya Azərbaycanın yalnız öz inkişafını deyil, həm də qonşu və tərəfdaş xalqların rifahını düşünən, əməkdaşlıq yaradan bir ölkə olduğu mesajını verir. Bu zirvə yalnız İƏT-in ənənəvi tədbiri deyil, həm də regionda yeni bir dövrün başlanğıcıdır: sülh, rifah və məsuliyyətli liderlik dövrü.

Prezident İlham Əliyev Zirvə görüşündə bu məsələyə də toxunub: “Bu tədbirin Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var”.

Yeri gəlmişkən, Prezidentin çıxışında “Qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz” sözləri olduqca təsirli idi. Dövlət başçısı vurğuladı ki, Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilib. 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü və s.

 

Azərbaycan liderinin sözlərini qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da təsdiq etdi.

“Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram. Sammitin Xankəndidə keçirilməsi buna ayrı məna və önəm qatır”, - Ərdoğan vurğuladı.

Ardınca sammitin yüksək səviyyədə təşkil olunduğunu bəyan edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə tədbirin uğurla təşkil olunması üçün təşəkkürünü bildirib:

 

“Tarixi və gözəl Xankəndidə bizə göstərilən diqqət və səmimi qonaqpərvərliyə görə Prezidentin bütün komandasına təşəkkür edirəm".

Qeyd edək ki, Azərbaycanla ECO-nu çoxillik əməkdaşlıq telləri bağlayır. 1992-ci ildən təşkilata üzv olan Azərbaycanı digər üzv ölkələrlə iqtisadi, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlıq bağlayır. Bura mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyət də daxildir. Rəsmi Bakı bunu yüksək qiymətləndirib. Azərbaycan Prezidenti İlham Əliyev bu əməkdaşlığı belə qiymətləndirib:

"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik".

Azərbaycan bu illər ərzində ECO çərçivəsində “yaşıl enerji” təşəbbüslərinə də böyük diqqət yetirib. ECO-ya üzv Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə sənəd imzalanıb. Bu təşəbbüs regionda alternativ enerji mənbələrinin səmərəli istifadəsini, enerji təhlükəsizliyinin artırılmasını və dayanıqlı inkişafın təmin olunmasını hədəfləyir. Bakıda ECO regionu üçün Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı aparılan müzakirələr də Azərbaycanın bu sahədəki liderlik iddiasını bir daha ortaya qoyur.

 

Göründüyü kimi, Qarabağın mərkəzində keçirilən ECO sammiti ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqi olmaqla yanaşı, Azərbaycanın təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunun təsdiqidir. Bu, həm də Bakının regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyinin sübutudur.

Sonda qeyd edək ki, Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Qələbə ilə regionda yeni geosiyasi reallıq yaradıb və bu, ECO çərçivəsində əməkdaşlıq üçün də yeni perspektivlər açır. Xankəndidə keçirilən ECO sammiti dünyanın diqqətini Qarabağda gedən müsbət dəyişikliklərə də yönəldəcək. Hər kəs, beynəlxalq ictimaiyyət bölgənin artıq münaqişə deyil, sülh, sabitlik və iqtisadi dirçəliş məkanı olduğunu görəcək. Liderlərin görüşündə aparılan müzakirələr və qəbul edilən qərarların da bütövlükdə region üçün strateji nəticələri olacaq.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam