“Sovetski” sakinləri ayağa qalxdı
“Əgər tələblərimiz qarşıdakı 10 gün ərzində yerinə yetirilməsə, hər bazar günü yox, hər gün aksiya keçirəcəyik”
xeberinfo.com: “Sovetski” sakinləri 173 saylı məktəbin həyətində etiraz aksiyası keçirdi. Səbəb isə mənzillərinin sökülməsinə görə onlara təklif edilən kompensasiyanın azlığıdır. Vətəndaşlar bir kvadrat metrə görə verilən 1500 manatın bazar qiymətlərindən aşağı olduğunu söyləyirlər. Dəfələrlə aidiyyəti qurumlara üz tutan sakinlərin haqlı tələblərinə heç kim diqqət etmədi. Bu üzdən də ötən həftədən aksiya keçirəcəklərini bəyan etdilər.
İcra hakimiyyətinin sözçüsü vəd verdi
Saat 14:00-a təyin olunan aksiya bir saat tez başladı. Hüquq-mühafizə orqanlarının əməkdaşları mitinqdən hələ bir neçə saat öncədən ərazidə idilər. Ancaq aksiya iştirakçıları yaxşı təşkilatlanmışdılar. Bayraqlar, Heydər və İlham Əliyevlərin plakatlarının hazırlanması, çıxışı üçün mikrafonun gətirilməsi, aksiya keçiriləcəkləri ünvana gələnə qədər yolun bağlanmaması, sürücülərin fəaliyyətinə mane olmamaları onların mitinqə hazırlıqlı gəldiklərini göstərirdi.
Polis öncə onların qarşısını almağa cəhd etsə də, bu heç bir səmərə vermədi. Axının davam etməsi hüquq-mühafizə orqanlarının əməkdaşlarını geri çəkilməyə məcbur etdi.
Çıxış edən sakinlər problemlərini dilə gətirdilər. Bildirdilər ki, onlara təklif edilən kompensasiya bazar qiymətlərindən qat-qat aşağıdır.
Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov aksiya keçirilən əraziyə gəldi. O, “Sovetski” sakinləri qarşısında çıxış edərək vəd verdi ki, heç kimin evi öz razılığı olmadan sökülməyəcək.
“Təkliflər paketi formasında ölkə rəhbərliyinə təqdim olunacaq. Sakinlər tam razı salınamaya qədər heç kim köçürülməyəcək”. Bu çıxışdan sonra o tribunanı tərk etdi. Vətəndaşlar isə bu vədə inanmadıqlarını bildirdilər. Qeyd etdilər ki, mənzillər hissə-hissə sökülür.
Sakinlər çıxış edib öz tələblərini hakimiyyət nümayəndələrinin diqqətinə çatdıran zaman polislə aksiya iştirakçıları arasında qısa müddətli qarşıdurma yarandı. Polis aksiyaya müdaxilə etməyə cəhd göstərdi. Ancaq bu ifrat güc tətbiqinə keçmədi.
“Sovetski” camaatı deputat Ülvi Quliyevin verdiyi vədə əməl etməsini istəyirlər
İzdihamın gedikcə artdığını görən hökumət rəsmiləri ər əlavə polis qüvvələrinin cəlb olunmasına göstəriş verdi. Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov, Yasamal rayon polis idarəsinin rəisi İsmayıl Əsədov da hadisə yerində idi.
İsmayıl Əsədov polislərin müşaiyətilə tribunaya qalxdı və sakinlərlə söhbət etdi.
“Sovetski” şüarları səsləndirən etirazçılar kompensasiyanın daha böyük olmasını, yaxud onlara mənzillərin verilməsi tələbini irəli sürdülər: “Biz bayır şəhərlilərik. Bura kənardan gəlməmişik. Bizim babalarımız burda yaşayıb. İndi bizi evimizdən çıxartmaq istəyirlər. Ya bizim mənzilimizin dəyərində kompensasiya versinlər, ya da yerində ev versinlər. Biz hər kvadratmetrə 1500 manat verilməsinə etiraz edirik”.
Mitinqə qatılan sakinlər ərazidən deputat seçilən Ülvi Quliyevin onların yanlarında olmamasından şikayətləndilər. Bildirdilər ki, 2010-cu ildə parlament seçkiləri zamanı “Sovetski” əhalisilə görüşən Ülvi Quliyev vətəndaşlara vəd verib: “Seçki zamanı bir-bir qapılara düşüb bizdən kömək istəyirdi. Vədlər vermişdi, problemimiz olanda həll edəcəyini söyləmişdi. Bəs nə oldu? Niyə xalqın yanında yoxdur? Millət vəkili bu gündə seçiciyə lazımdır. Əgər indi bizə kömək etmirsə, sözümüzü lazımı yerlərə çatdırmırsa daha hansı gündə bizə gərək olacaq? İşləri düşəndə bir-bir görüşürlər, problemləri həll olunandan sonra məsələ bitdi”.
“Buranı sökən adamlar özləri kvadratı 1500 manata mənzil tapa bilərlərmi?”
“Belə məmləkət, bu cür öbaşınalıq olar? Məmurlar qanımızı içir. Camaata zülm edirlər. “Atletiko Madrid”in köynəyinə 20 milyon avro pul verirlər. Nə var, nə var orda “Azərbaycan” sözü yazılacaq. Gül bayramına 70 milyon pul xərclənir. Bəs biz “Sovetski” camaatını niyə didərgin edirlər? Hökumətdən vəzifə istəmirik, öz hüquqlarımızın təminini istəyirik. Bunu etsinlər”, - deyə etirazçıalr bildirdilər.
12 kvadrat metrlik mənzildində 10 nəfərlə yaşadığını deyən “Sovetski” sakini bildirdi ki, onun problemlərindən Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da xəbərdardır: “Dəfələrlə Hacıbala Abutalıbovun qəbulunda olmuşam. Ona problemləri sadalamışam. Sağ olsun, heç bir köməklik etməyib. İncimirəm, ancaq indi heç olmasa haqqımızı məmurlar yeməsin. Bu qədər insanı niyə narazı salırlar? İstəsələr bu qədər camaatı bir anın içərisində yola salarlar”.
Aksiya iştirakçıları Bakıda bir otaqlı orta təmirli mənzilin 50-60 min manat olduğu halda, onlara 20-30 min manatın verilməsi ədalətisizlik adlandırıblar: “Pis-yaxşı dolanırıq. 30 kvadrat metrlik evdə 2-3 ailə yaşayır. Hökumətin isə verdiyi pul bizi kirayədə yaşamağa sövq edəcək. Burada elə ailələr var ki, evinin sahəsi 10 kvadrat metrdir. Buna görə ev sahibinə 15 min manat kompensasiya ödəniləcək. 15 min manata harada ev tapmaq olar? Normal pul verilməlidilər ki, özümüzə bir gün ağlayaq. Şəhərin mərkəzindən köçəsi deyilik ki? Hətta köçmək istəsək belə, verilən kompensasiyaya mənzil tapmaq mümkün deyil. Buranın real bazar qiyməti 3-4 min manat arasındadır. Buranı sökən adamlar özləri kvadratı 1500 manata mənzil tapa bilərlərmi? Günü-gündən qiymətlər qalxır”.
Etirazçıların tələbləri 10 günə yerinə yetirilməsə...
İki saata yaxın davam edən mitinqdə qismən də olsa razılaşma əldə olundu. Aksiyaçılar bildirdilər ki, onlar tərkibi 5-10 nəfərdən ibarət Təşkilat Komitəsi yaradacaqlar: “Biz tələblərimizi icra hakimiyyəti nümayəndələrinə bildirəcəyik. Əgər tələblərimiz qarşıdakı 10 gün ərzində yerinə yetirilməsə, hər bazar günü yox, hər gün aksiya keçirəcəyik. Biz hakimiyyətlə dava etmirik. Davamız özbaşınalıq edən məmurlarladır”.
Təşkilat Komitəsi yaradılacağı təklifindən sonra aksiyaçılar dağılışdılar.