Tərk-silah edilən diaspora, kilsə və lobbi: Ermənistanın əsas problemi -TƏHLİL
Ermənistanın əsas dayaqlarından biri kilsədirsə, o biri də diaspordur. Hər iki baza türk düşmənliyi, Azərbaycan, Gürcüstan, İran və Türkiyə torpaqlarının ələ keçirilməsi kimi saxta ideyalara əsaslanaraq erməniləri ətrafında birləşdirib.
Yenixeber.org: Kilsə-diaspor cütlüyü 200 ildən artıqdır müxtəlif ölkələrdəki erməni icmalarını öz çürük düşüncəsinin əsiri edib.
Azərbaycan torpaqlarını işğaldan azad etməklə həm də bu cütlüyün pərən-pərən düşməsinə təkan verib.
Kilsəyə ilk zərbəni Ermənistanda 2018-ci ilin mayında hakimiyyətə gələn yeni qüvvələr, indiki baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hökumət vurdu. O, kilsənin imtiyazlarını ləğv etməklə yanaşı ondan özünü maliyyələşdirməsini tələb etdi. Sonradan məlum oldu ki, II Qaregenin başçılıq etdiyi ümumerməni kilsəsi ianələri dələduzluq yolu ilə mənimsəyirmiş. Bu, hətta, İsraildə erməni icmasının torpaqlarının yerli kilsə rəhbərliyi tərəfindən satılmasında da özünü göstərib. İndi erməni icması iddia etdiyi kilsə torpaqlarını geri qaytara bilmir.
Yeri gəlmişkən, Paşinyan diaspor komitəsini ləğv edəndə kilsə ona qarşı çıxdı. Ümumerməni katalikosu ona açıq məktub ünvanlayaraq erməni diasporunun fəaliyyətini yüksək qiymətləndirmiş, komitəyə ehtiyacın olduğunu vurğulamışdı. Paşinyan Diaspor Komitəsinin ləğv edilib, onun yerinə Hökumət yanında diaspor üzrə komissarlıq yaradıb.
Kilsə ilə diaspor arasında da ziddiyyət yaşanır. Hələ bir neçə il əvvəl Rusiyadakı erməni icması bu ölkədəki Erməni Apostol kilsəsini tamahkarlıq, avtoritarlıq və diaspor nümayəndələri arasında qarşıdurma yaratmaqda ittiham edirdi.
II Qareginin qardaşı, 24 ildir Rusiyadakı ermənilərin arxiyepiskopu kimi fəaliyyət göstərən Yezras kilsə qanunlarını pozmaqda günahlandırılırdı.
Diaspor iddia edirdi ki, kilsənin əsas hədəfi pul toplamaqdır. Onlar uşaqların xaç suyuna salınmasını belə bu səbəbdən gecikdirirlər.
Kemerovo vilayətinin Novokuznes şəhərindəki erməni kilsəsi bağlanmışdı. Yeparxiya dini ayinlərin icrasının qiymətini qaldırdığından icma kilsəyə getməkdən imtina edirdi.
Təsadüfi deyil ki, Nikol Paşinyan kilsəni “nüfuz casusu” adlandırmış, bu məsələni birdəfəlik həll edəcəyini vurğulamışdı: “Ruhanilər nüfuz agenti olanda ermənilər təcrübəli idi”. O əlavə edərək bildirib ki, görünür bu istiqamətdə dəyişiklik yoxdur: “Biz bu məsələni bir iki-aya həll edərik”. Hökumət başçısı bununla həm də ölkədə “etiraz yürüşü” keçirən Baqrat Qalstanyana və ətrafında din adından alver edənlərə də ismarış göndərib.
2018-ci ilin məlum may hadisələrini erməni diasporu demək olar ki, dəstəkləyib.
Ermənistanın baş naziri yanında diasporla iş üzrə baş komissarı Zare Sinanyan parlamentdəki çıxışında bildirib ki, son zamanlar kilsənin təsiri nəticəsində xaricdəki erməni icmaları rəsmi İrəvana etiraz edirlər. Onun sözlərinə görə, müxtəlif ölkələrdəki erməni icma təşkilatları soydaşlarını dövlət proqramlarını boykot etməyə çağırır. Z. Sinanyan əlavə edib ki, bəzi diaspor təşkilatlarında Ermənistanın dövlət proqramlarına qarşı ajiotaj daha da güclənib: “Biz artıq 4 ildir bu cür koordinasiyalı kampaniyaların şahidi oluruq. Bir sıra təşkilatlar ictimaiyyət nümayəndələrini tədbirlərimizi boykot etməyə çağırır”.
Komissar bildirib ki, erməni icmalarının bəzi rəhbərliyi də diasporla iş üzrə icma müvəkkillərinin yeni təsisatına etimad göstərməyib. Bildirib ki, Diasporla İş üzrə Komissarlıq Ermənistan hökumətinin gündəmini icmalara çatdırmaq üçün 2021-ci ilin noyabrında könüllülük əsasında bu vəzifəni təsis edib: “Ancaq iki ilə yaxındır heç bir təyinat olmayıb”.
Bu onu göstərir ki, 44 günlük müharibədən sonra diasporda da Ermənistanla bağlı planlara etimadsızlıq yaranıb. Kilsə ilə diaspor arasında ittifaqın əsasında Paşinyana qarşı nifrət durur.
Məlumdur ki, Ermənistan iqtisadiyyatı həm də ianələrdən asılıdır. Odur ki, hər il müxtəlif devizlər adı altında dünya ermənilərindən ona ianələr toplanır. Kilsə iddia edir ki, diaspor Ermənistanı yedizdirməkdən bezib.
Diasporun topladığı ianələri bir qayda olaraq Ermənistan hökuməti ehtiyac duyduğu sahələrə xərcləyir. Son illər diaspor təşkilatlarında da maliyyə fırıldaqları olduğu aşkarlanıb. Ümumdünya Erməni Konqresi və Rusiya Erməniləri İttifaqının başçısı Ara Abramyanın adı müxtəlif maliyyə fırıldaqlarında hallanır. O, Baqratın aksiyasının dəstəkləyənlərdəndir.
Ermənistan diasporu əvvəllər pulları Azərbaycan torpaqlarını işğal altında saxlaması, yaxud yeni ərazilərin işğalı kimi cinayət əməlləri üçün də toplayırdı. İndi bu faktoru Azərbaycan aradan qaldırıb. Elə kilsə qarışıq erməni diasporunun silkələyən və tərksilah edən ən başlıca məsələ də budur.
Onlar yeni fırıldaqlar etmək, xaricdəki diaspor nümayəndələrinin aldatmaq üçün ideyasız qalıb. İndi telemarafonları, xeyriyyə tədbirlərini hansı ad altında keçirəcək? Rəsmi İrəvan isə xaricdə yaşayan ermənilərin ölkə iqtisadiyyatına sərmayə qoymalarını istəyir.
Başqa bir məsələ isə xaricdə yaşayan ermənilərin ölkəyə qayıdışı, repatrasiyasının təşkilidir. İndiyədək ölkə bu haqda qanun qəbul etməyib. Çünki həmin qanunun qəbulunu Ermənistan indiki şərait üçün uyğun görmür. Əgər belə bir qanun qəbul edilərsə, o zaman 300 min qərbi azərbaycanlının da öz torpaqlarına dönməsinə imkan və şərait yaradılması gündəliyə gələcək.
Beləliklə, Ermənistan hökuməti və cəmiyyəti yeni dövlət, konstitusiya ilə yanaşı yeni kilsə sistemi, diaspor təşkilatı da qurmaq problemi ilə də üz-üzədir. Bu həm də yeni lobbi hərəkatıdır. Əvvəlki türk düşmənliyi ideyası ilə “işləyən”, fəaliyyət göstərən lobbinin də dəyişməsi vacibdir. Çünki onların fəaliyyəti Ermənistandan daha çox Fransanın xeyrinə olur.
Azərbaycan torpaqlarını azad etməklə erməni diasporunu saxta ideyaların boyunduruğundan və mənasız yerə ianələr verməkdən də xilas edib.(Report)