Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gürcüstan yenə çalxalanır-Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı? -TƏHLİL

 

Gürcüstanda "Xarici təsir haqqında" qanun layihəsi ilə bağlı yaşanan gərginlik davam edir. Bir neçə gündür ki, bu layihə ətrafında siyasi polemikalar, bəyanatlar, müxalifətin aksiyaları, aksiyalarda toqquşmalar, həbslər yaşanır. Qanun layihəsi artıq ikinci oxunuşda da qəbul edilib və 2 həftədən sonra bununla bağlı yekun səsvermənin keçirilməsi nəzərdə tutulur.

Yenixeber.org: Bəs, bu qanun layihəsində nə var ki, belə təlatüm yaradıb? “Xarici təsir haqqında” qanun layihəsinə əsasən, maliyyəsinin 20%-dən çoxu xarici mənbələrdən olan QHT, KİV, hüquqi və fiziki şəxslər Gürcüstanda xarici agent kimi qeydiyyatdan keçməlidirlər.

Qanuna əməl etməməyə görə inzibati cərimə ilə yanaşı, 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulur.

Hakim “Gürcü Arzusu” partiyası, partiyanın parlamentdəki fraksiyası və hökumət üzvləri qanun layihəsinin qəbul olunmasında sona qədər qətiyyətli görünür.

“Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili qanunun qəbulunu onunla əsaslandırır ki, hazırda xarici maliyyədən Gürcüstanda xeyriyyə işlərindən daha çox QHT-lərin özlərini gücləndirməsi, bu yolla onların gələcəkdə hakimiyyətə gətirilməsi, yeni inqilabın planlaşdırılması üçün istifadə olunur.

Ölkənin əsas müxalif partiyası olan “Vahid Milli Hərəkat” partiyası və Qərb ölkələri isə "Xarici təsir haqqında" qanun layihəsinə qarşı çıxır, onu Gürcüstanda demokratiyaya zərbə adlandırır, vətəndaş cəmiyyətinin hakimiyyəti tənqid etməməsi üçün susdurmaq metodu sayır. Bu zaman istər müxaliflər, istərsə də Qərb mediası qərarın Rusiyanın təsiri ilə qəbul edildiyini iddia edirlər.

Gürcüstanda mütləq əksəriyyət QHT və digər təşkilatların Qərbdəki müxtəlif maliyyə institutlarından, fondlardan maliyyələşdiyi sirr deyil. İqtidar isə qərarı vətəndaş cəmiyyəti və QHT sektorunda xarici maliyyə mənbələrinin şəffaflaşdırılması hesab edir.

Aydın məsələdir ki, qanun layihəsinin qəbul edilib-edilməməsi Gürcüstanın daxili işidir. Məsələnin qəribə olan tərəfi Qərb ölkələrinin "Xarici təsir haqqında" qanun layihəsinə kəskin reaksiyası və etirazıdır.

ABŞ və Avropa İttifaqı müstəqil dövlətin demokratik yolla seçilmiş siyasi hakimiyyətinin qəbul etmək istədiyi qərarın ləğv edilməsinə çalışır və bunu gizlətmir. Hətta bunun üçün siyasi və diplomatik təzyiqlər, iqtisadi sanksiya xəbərdarlıqlarından da istifadə olunur. Sanki Qərb təşkilat və qurumlara nəzarətsiz maliyyə vəsaitləri göndərilməsinə nəzarət olunmasını istəmir.

Halbuki Gürcüstan hökumətinin məqsədi yalnız ölkə xaricindən maliyyələşən QHT-in maliyyə mənbələrinin şəffaflığını təmin etməkdir.

Buna cavab olaraq Gürcüstan hakimiyyəti, xüsusən “Gürcü Arzusu” partiyası ciddi təzyiqlər altındadır. Aprelin 26-da ABŞ Senatının 14 senatorunun Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə ünvanladığı açıq məktubunda qanun qəbul ediləcəyi təqdirdə Vaşinqtonun Gürcüstanla bağlı siyasətini nəzərdən keçirməli, Gürcüstan rəsmilərinə sanksiya tətbiq etməli olacağı barədə xəbərdarlıq bu təzyiqin sadəcə bir detalıdır.

Amma rəsmi Tbilisi də geri çəkilmək niyyətində deyil və ölkənin daxili işlərinə qarışmağa cəhdlərə adekvat addımlar atır.

Maraqlıdır ki, proseslər Gürcüstanın cəmi 4 ay əvvəl Avropa İttifaqına üzvlüyə namizədlik statusu alması fonunda baş verir.

Bu kontekstdə Qərb-Gürcüstan xəttində keçmişdə baş verən bəzi hadisələr də hazırkı gərginlik fonunda yavaş-yavaş üzə çıxır. Belə ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-ın bu ölkədəki sabiq səfiri Kelli Deqnanı 2023-cü ildə Gürcüstanda inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib. Kobaxidze 2023-cü ildə QHT-lərin inqilab cəhdlərinin xarici mənbələrdən maliyyələşdirildiyini də əlavə edib.

Bu, Qərblə Gürcüstan arasında münasibətlərin heç də hamar olmamasından xəbər verir. 2003-cü ilin noyabrında gerçəkləşən “Qızılgül inqilabı”ndan bu yana 20 ildən çoxdur ki, avrointeqrasiya yolu tutan Gürcüstan cəmiyyəti bu müddətdə müəyyən məyusluq yaşayıb. Bu sırada istər 2008-ci ildə Rusiya ilə “5 günlük müharibə” zamanı Qərbdən bəyanatlardan savayı heç bir dəstək almaması, istər Cənubi Osetiya və Abxaziya regionlarını geri qaytarması üçün Qərbdən ciddi dəstək görməməsi, istərsə avrointeqrasiyanın sosial durumun ciddi şəkildə yaxşılaşmasına təsir etməməsi var.

Seçkilər yolu ilə formalaşan hökumətin fəaliyyətinə, ölkə qanunvericiliyinə müdaxilə də bu illərdə müşahidə olundu. Avropa Gürcüstan üçün Rusiya bazarını, şimal qonşusu ilə ticarətdə qazandığı dividendləri əvəz edə bilmədi.

Digər yandan, məsələyə paradoksallıq verən amil Gürcüstanda “Xarici təsir haqqında” qanun layihəsinin arxasında “Rusiya izi” axtaran ABŞ-ın özündə də analoji qanunun olmasıdır. 1938-ci ildə qəbul olunmuş “Xarici Agentlərin Qeydiyyatı Aktı” (Foreign Agents Registration Act - FARA) qanunu xarici hökumətləri və Amerika siyasətində xarici fiziki və hüquqi şəxsləri təmsil edən xarici agentlərdən öz fəaliyyətlərini və maliyyə mənbələrini açıqlamağı tələb edir.

Qanun Rusiya və Gürcüstanda bu yöndə qəbul edilmiş qanunlarla müəyyən hüquqi aspektlərdə və detallardakı fərqləri çıxmaq şərti ilə eyni mahiyyəti daşıyır. Göründüyü kimi, bu nümunədə ikili standartlar, “mənə olar, sənə olmaz” prinsipi özünü ən qabarıq şəkildə büruzə verir. Nəinki ABŞ, xarici agentlərlə bağlı müvafiq qanunverici aktlar bir çox Qərb ölkələrində qəbul edilib.

Gürcüstandakı vəziyyəti narahatlıqla izlədiklərini, “Xarici təsir haqqında” qanun layihəsinin müzakirəsindən sonra etirazçılara qarşı zorakılığı pislədiklərini açıqlayan Fransa da belə qeyri-səmimi və riyakar ölkələrdən biridir.

Belə ki, Gürcüstana qanun layihəsi ilə bağlı çağırış edən Fransanın özündə də oxşar layihənin qəbulu final mərhələsinə daxil olub. Ölkənin Aşağı Palatasının qəbul etdiyi, Senatın isə bu ay təsdiqləyəcəyi gözlənilən, “xarici təsirlərin qarşının alınması haqqında” qanun layihəsi öz radikallığı ilə seçilir. Layihədə Fransada lobbiçilik, kommunikasiya və ianə toplamaqla məşğul olan bütün əcnəbilərdən xüsusi yaradılmış xarici agentlərin reyestrində qeydiyyatdan keçmək tələb olunur. Şəxsi məlumatları, fəaliyyəti və qurduğu əlaqələr barədə informasiya verməyən fiziki şəxsləri 45 min avro cərimə, yaxud 3 ilə qədər həbs cəzası gözləyir.

Göründüyü kimi, öz ölkələrində QHT sektoruna xaricdən gələn maliyyə mənbələrinə dördgözlə nəzarət edən, bu sahədə məhdudlaşdırıcı və cinayət məsuliyyəti nəzərdə tutan qərarlar qəbul edən Qərb postsovet ölkələrində analoji qanunların qəbul olunmasına aqressiv reaksiya verir, QHT-nin maliyyə mənbələrinin şəffaflığı üçün atılan addımlara anti-demokratik don geyindirir, ölkənin daxili işlərinə açıq müdaxilə edir və bunu heç gizlətmir də...

ABŞ-ın Gürcüstandakı səfiri, xanım Robin Danniqan da mayın 2-də hədə tonunda yaydığı bəyanatında Gürcüstan hökumətinin ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina etdiyini bildirib, bunun yolverilməz olduğunu deyib.

Xanım diplomat vurğulayıb ki, səfirlik bu yaxınlarda Gürcüstan hökumətinin ali səviyyəli üzvlərini ABŞ-ın ən yüksək səviyyəli liderləri ilə strateji tərəfdaşlıq və ABŞ-ın yardımları ilə bağlı istənilən narahatlıqları birbaşa müzakirə etməyə dəvət edib, Gürcüstan tərəfi isə bu dəvəti qəbul etməyib.

Səfir Gürcüstan hökumətinin son həftələrdə ölkəni Avro-Atlantik gələcəyindən uzaqlaşdıran seçimlər etdiyini qeyd edib, hakim partiyanın "Xarici təsir haqqında" qanun layihəsini irəli aparmaqda qətiyyətli görünməsindən təəssüfünü dilə gətirib.

Daha sonra 32 ildə Gürcüstan üçün etdiklərini sadalayan xanım səfir bəyan edib ki, gürcü xalqına və Gürcüstanın gələcəyinə - daha çox sülh və rifah gətirəcək Avropalı gələcəyinə olan güclü öhdəliliklərini dəyişmək niyyətində deyillər.

“Bizim sərmayə və proqramlarımızın bəhrəsini görən hər bir gürcü bunu bilir”, - deyə səfir Danniqan qeyd edib. Xanım səfirin bəyanatından belə nəticəyə gəlmək olar ki, bu illər ərzində Gürcüstan üçün etdiklərinin əvəzində hazırkı hakimiyyət Qərbin iradəsindən kənar hər hansı addım ata bilməz.

ABŞ-ın Gürcüstanda "Xarici təsir haqqında” qanun layihəsindən dərin narahatlıq duyduğunu Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi də bəyan edib.

"Biz bu qanunvericilikdən - onun müxalif fikirləri və söz azadlığını boğmaq baxımından nə edə biləcəyi barədə çox narahatıq. Orada (Gürcüstanda) canlı vətəndaş cəmiyyəti var", - deyə cənab Kirbi vurğulayıb.

ABŞ tərəfinin bu açıqlamaları ilə bağlı Gürcüstan XİN-in bəyanatı isə bəzi məsələlərə işıq salır. Gürcüstan XİN-in bəyanatından Gürcüstan Baş nazirinin ABŞ-a getməkdən niyə imtina etdiyi aydın olur. Belə ki, ortada Vaşinqtonun “Xarici təsir haqqında” qanun layihəsinə baxılmasını dayandırmaq tələbi varmış.

“Gürcüstanın Baş naziri ABŞ-a səfərə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Bu şərt qarşılığında səfərin həyata keçirilməsi isə qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib”, - deyə Gürcüstan XİN-in bəyanatda deyilir.

Göründüyü kimi, ABŞ və Qərb hər hansı ölkənin, indiki halda isə Gürcüstanın onun orbitindən çıxması ilə razılaşmaq istəmir.

Xatırlatmaq yerinə düşər ki, Gürcüstanda “Qızılgül inqilabı”ndan sonra keçirilmiş seçkilər istər ABŞ, istərsə də Qərb ölkələri və institutları tərəfindən demokratik, ədalətli hesab olunub. Gürcüstanda seçkilərin saxtalaşdırıldığı barədə onlardan hər hansı bəyanatlar eşidilməyib. “Gürcü Arzusu” partiyası da məhz xalqın iradəsi ilə seçkilərdə qalib gəlib və hazırda hakimiyyətdədir. ABŞ və Qərbin davranışlarından isə belə anlaşılır ki, onlar gürcü xalqının iradəsinə, seçiminə də hörmət etmək niyyətində deyilər, öz maraqları naminə xalqların, ölkələrin seçimini tapdalamağa hazırdırlar.(APA) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam