Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avropa Birliyi regiona yeni “revizor”lar göndərir -müəmmalı qərar

Brüssel Azərbaycanla münasibətlərə xələl gətirəcək addımlara gedəcəkmi?; emissarların Azərbaycan ərazisinə də soxulmaq cəhdləri sezilir

Avropa Birliyinin (AB) Ermənistandakı mülki missiyasının şəxsi heyətinin sayının 23 nəfər artırılması planlaşdırılır. Artıq vakansiyalar elan olunub. Bu barədə AB-nin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Yenixeber.org: Məlumata görə, missiyanın yeni üzvlərinin Dərələyəzin İstisu (Cermuk), Keşişkənd (Yeqnadzor), Karvansaray (İcevan), Qafan və Martuni rayonunda fəaliyyət göstərməsi nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsindəki keçmiş Martuni, indiki Xocavənd rayonundan söhbət getmir. Martuni Qərbi Azərbaycanda, Göyçə vilayətində yer adıdır və erməniləşdirilmiş Azərbaycan ərazisidir. 

Xatırladaq ki, AB-nin missiyası bu ilin aprel ayından Ermənistanda fəaliyyətə başlayıb. Hazırda şəxsi heyətin elan edilən rəsmi sayı 100 nəfərdir. Missiyanın  Azərbaycanla həmsərdhəd bölgələri az qala üzük qaşı kimi mühasirəyə almaq cəhdi təbii ki, birmənalı qarşılana bilməz. Avropa İttifaqının müşahidə missiyasının hər iki ölkəyə göndərilməsi barədə təşəbbüs qaldırarkən Azərbaycan buna etiraz etmişdi. O zaman Ermənistan israrla öz ərazisində Avropa çinovniklərinin yerləşdirilməsinə cəhd göstərdi və əvvəlcə iki aylıq Ermənistana gələn heyətin sonradan iki illik burada qalması, həmçinin sayının artırılması rəsmiləşdirildi. Bu, Ermənistanın özünüxilas düsturu kimi düşünülmüşdüsə də, Avropa İttifaqı və digər Qərb çevrələri də bölgəyə soxulmaq fürsəti əldə etmiş oldular. İyunun 21-də Avropa İttifaqının Ermənistandakı missiyasının Zəngəzur aeroportunda  toplaşması və Laçın postuna yaxın ərazidə müşahidə məntəqəsi qurmaq barədə anlaşmanın anonsunu vermələri də sağlam niyyətdən xəbər vermir.

Ermənistan Naxçıvanla sərhəddə ABŞ-ın metallurgiya zavodu tikməsinə, Qafanda əvvəlcə İran, indi isə Rusiya konsulluqlarının açılmasına yaşıl işıq yandırıb. Növbəti qərar Avropa İttifaqı müşahidəçiləri ilə bağlıdır və onlar Laçın sərhəd qapımızadək gəlirlər. Burada sağlam niyyət ola bilməz. Həmçinin hələ sərhədlərin delimitasiya və demarkasiyası barədə anlaşma yoxdur. Növbəti üçtərəfli görüş gələn həftə ABŞ-da olacaq. Amma baş nazir Nikol Paşinyan 22 iyunda növbəti dəfə Azərbaycana ünvanlı iftiralar səsləndirib. Beləliklə, ABŞ-ın metallurgiya zavodu üzərində qaldırılan Amerika bayrağının, həmçinin digər sərhədlərdəki Avropa Birliyi bayrağının kölgəsində gizlənməklə proseslərdən uduşlu çıxmağa çalışır.

Düzdür, erməni cəmiyyəti də Aİ missiyasından narazıdır. Onlar deyirlər ki, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi adı altında Aİ regionda möhkəmlənir, üstəlik, kəşfiyyat məlumatları toplayır, habelə missiyanın vəziyyətlə bağlı Bakını məlumatlandırması xəbərindən də ciddi narazıdırlar. Erməni müxalifəti isə Aİ ilə Ermənistan arasında hələ də heç bir hüquqi baza, İrəvanla ikitərəfli razılaşma olmadığı faktını da qabardır. Zod və Dığ istiqamətində toqquşmalar baş verərkən Aİ missiyasının aradan çıxması faktı da erməniləri qəzəbləndirib.

AB-nin müşahidəçi missiyası ilə Azərbaycan arasında bu istiqamətdə açar fiqur  Aİ-nin region üzrə xüsusi nümayəndəsi Toivo Klaardır.  Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritter də bu yaxınlarda verdiyi müsahibəsində bunu təsdiqləmişdi.  M.Ritter deyib ki, sərhəd bölgəsində patrul aparmaqla bağlı planları haqda bir həftə öncə Bakıya məlumat verirlər. “Bu məlumatlar Aİ-nin region üzrə xüsusi nümayəndəsi Toivo Klaar vasitəsilə ötürülür. Məqsəd anlaşılmazlığın və xoşagəlməz hadisələrin qarşısını almaqdır. Bizim Azərbaycanla ünsiyyətimiz bu cür qurulur”, - missiyanın rəhbəri deyib.

Maraqlıdır ki, Klaar bugünlərdə Bakıda olub və danışıqlar aparıb. Məlumdur ki, Prezident İlham Əliyev Toivo Klaar vasitəsilə missiyanın Ermənistanın şimalındakı Azərbaycan anklavlarına səfər etməsi xahişini çatdırıb. Toivo Klaara da deyib ki, bu kəndlər delimitasiya-demarkasiya prosesinin bir hissəsidir. “Esklavlar hər iki tərəflə müzakirə olunub və onların sərhəd danışıqlarında potensial problemə çevrilə biləcəyi üçün missiyanın oraya səfəri vacib hesab olunub”, - Klaar qeyd edib. Amma indi AB missiyası gözlənilmədən dəqiqləşdirilməyən, şərti sərhədlər boyunca bir missiya üçün vakant yer elan etməsi maraq doğurur, həmçinin narahatlıqları artırır. Bəs Kərki kəndi, yaxud Qazağın kəndləri? Bu məsələlər Bakı ilə razılaşdırılıbmi? Eyni zamanda AB-nin Azərbaycan ərazisinə missiya göndərməsi istiqamətində də iştahlı açıqlama və çağırışlar vaxtaşırı ortaya çıxır. Ermənistan hər vəchlə buna nail olmağa çalışır. Eyni zamanda separatçılarla birbaşa əlaqəsi kəsilən avropalı emissarlar da çox canfəşanlıq edirlər.

Ceyhun Məmmədov - YouTube

         Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov bildirdi ki, Avropa Birliyinin mülki missiyası bir müddətdir Azərbaycan-Ermənistan sərhədində müşahidələrini davam etdirir: “Əslində Ermənistan hakimiyyəti və cəmiyyəti bu missiyaya böyük ümid bəsləyirdi. Ancaq Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi bütün bu ümidləri puça çıxardı. Ermənistan anlamalıdır ki, onun nicatı Azərbaycanla konstruktiv danışıqlardadır”. Mülki missiyanın Azərbaycanın Qarabağ bölgəsində, konkret olaraq Xocavənddə fəaliyyətə başlaması barədə iddialara gəldikdə, millət vəkili əminliklə bildirdi ki, bu, Azərbaycanın icazəsi olmadan baş tuta bilməz: “Ermənistan uzun müddətdir buna çalışırdı. Əsas hədəf mərhələli şəkildə mülki missiyanın bura daxil olması və Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasıdır. Avropa İttifaqı və Ermənistan unutmamalıdır ki, bu ərazilər Azərbaycan əraziləridir. Burada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Azərbaycanın icazəsi olmadan bura heç kim daxil ola bilməz”.

Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan Arazdəyən istiqamətində ABŞ-a zavod tikmək imkanını tanıyır, Qafanda İran və Rusiya konsulluğuna yaşıl işıq yandırır, Laçın postu yaxınlığında isə Aİ müşahidəçilərini yerləşdirir. Sərhədlər dəqiqləşdirilmədiyi halda, bu üsullarla ətrafını çəpərləyir. Kərki və digər əraziləri qaytarmamağa çalışır. Bəs düşmənin bu məkrli planı onun işinə yarayacaqmı? C.Məmmədov: “Düşünürəm ki, xeyr. Beynəlxalq hüquqa əsasən bu ərazilər bizimdir, gec-tez bizə qayıdacaq. Bu prosesin qabağın heç kim ala bilməz. Ermənistan eyni işləri Qarabağda da edirdi. Nəticə göz qabağındadır”.

Bəzi məqamlar hələ də açıq qalır”-İlyas Hüseynov

          İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov hesab edir ki, Avropa İttifaqının regiona mülki missiya göndərməsi Ermənistanı ilhamlandırsa da, zaman-zaman məyusluğa da uğradıb: “Azərbaycanla şərti sərhəddə mövqelərimizi tez-tez atəşə tutan Ermənistan Avropa İttifaqının missiyasından qalxan kimi istifadə etməyə çalışır. Eskalasiya ilə Aİ-nin missiyasının tərkibini genişləndirir və müşahidə məntəqələrinin sayını artırmağa cəhd edir”. İ.Hüseynov da hesab edir ki, Azərbaycan ərazisinə hansısa  missiyanın yeni üzvlərinin cəlb edilməsi istəyi mütləq Azərbaycan dövləti ilə razılaşdırılmalıdır, bunun alternativi yoxdur: “Aİ Ermənistanın əli ilə Rusiyanın mövqelərinin regionda zəiflədilməsinə çalışsa da, regionumuzun geosiyasi mübarizə poliqonuna çevrilməsi arzuolunan deyil”. Politoloq qeyd etdi ki, Ermənistan maksimum dərəcədə regiona müxtəlif geosiyasi aktorları cəlb etmək istəyir: “Rəsmi İrəvan Qarabağ erməniləri ilə danışıqlarda beynəlxalq mexanizmin təmin olunmasını görmək niyyətindədir. Ermənistan açıq anti-Rusiya siyasi kursu onlar üçün fiasko ilə nəticələnə bilər və sanki bu arzunu da reallaşdırmaq istəyirlər”.   

Politoloq 25 ilin deputatına qarşı mübarizə aparacaq - Namizəd oldu

 Məhəmməd Əsədullazdə

Politoloq Məhəmməd Əsədullazdə isə qeyd etdi ki, Avropa İttifaqının mülki missiyasını Ermənistan-Azərbaycan şərti sərhədində yerləşməsi effektli nəticə vermədi: “Ermənistan istədiyi vaxt hərbi təxribatlara əl atır və danışıqları sabotaj edir. Demək olar ki, Avropa İttifaqının mülki missiyasını Ermənistan tərəfindən də Azərbaycanla əməkdaşlıqda günahlandırırlar. Ermənistan hesab edirdi ki, Avropa İttifaqının mülki missiyasını ölkəyə gətirməklə Azərbaycana qarşı Avropa İttifaqında mənfi rəy formalaşdıracaq. Azərbaycanı təcavüzkar kimi qələmə verdirəcək. Amma proseslər tam əksinə oldu. Ermənistan rəhbərliyi çalışır ki, beynəlxalq və regional qurumlar onların anti-Azərbaycan siyasətində yer almalı və işğalı dəstəkləməlidirlər. Avropa İttifaqı ilk növbədə iki ölkə arasında vasitəçidir. Belə bir qurumun qərəzli mövqe tutması Brüsselin siyasətinə kölgə sala bilər”.

M.Əsədullazadə də bu mövqedədir ki, Aİ-nin Azərbaycan ərazisinə hansısa müşahidə missiyası göndərmək istəməsi və bununla əlaqədar vakansiya elan etməsi sıradan bir proses deyil: “Azərbaycan nəzarət buraxılış məntəqəsi qurub və dövlətimiz razılıq verməlidir ki, həmin missiya sərhəddən keçsin. Azərbaycanın bu fonda rəsmi mövqeyi yoxdur. Bu mənada ölkəmizin ərazisinə Aİ müşahidəçilərinin gəlmək planı qəbuledilməzdir! Buna şərait yaratmaq və icazə vermək olmaz. Bura Azərbaycan ərazisidir. Azərbaycan razı olsaydı, sərhəddə müşahidə missiyasını yerləşdirərdi. Düşünürəm ki. Azərbaycan razı olmamalıdır. Hər halda, rəsmi Bakı açıqlama verməlidir”.

Məsələ ilə bağlı XİN-in mövqeyini almaq istiqamətində israrlı cəhdlərimiz nəticə vermədi. Yəqin ki, rəsmi Bakı mövzu ilə bağlı mövqeyini açıqlayacaq. Hər halda, Brüssel unutmamalıdır ki, danışıqlarda moderatorluq edən tərəflərdən biridir və hansısa ehtiyatsız davranışlar, qərarlar ona olan etimadı zədələyə bilər...(musavat.com)

E.Paşasoy


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam