Paşinyan hökuməti kommunikasiyaların açılması ilə bağlı öhdəliyi yerinə yetirmək əvəzinə, indi də yeni “plan” ortaya atır; Azərbaycanın mövqeyi aydındır: “Zəngəzur ya açılacaq, ya da...”
Rəsmi İrəvan sülhə aparan yolu uzatmaqdan ötrü növbənöv bəhanələrdən istifadə edir. Bu ölkənin rəsmi qurumları və şəxsləri son günlər növbəli qaydada anti-Azərbaycan bəyanatları və çıxışları edərək, rəngləri daha da tündləşdirməyə, status-kvonu saxlamağa, beləliklə, özlərinə sərfəli sülh sazişinin imzalanmasından ötrü uyğun zaman əldə etməyə çalışırlar.
Yenixeber.org: Azərbaycan Prezidenti bugünlərdə növbəti dəfə rəsmi İrəvana, həmçinin separatçı qruplaşmalara xəbərdarlıq etdi, faktiki olaraq onlar üçün “qum saatı”nın işə salındığını xatırlatdı. Bundan sonra həm separatçılar, həm də Ermənistan tərəf ənənəsinə sadiq qalaraq, Azərbaycanın qarasına donquldanmağa başladı, sağ-sola vurnuxaraq növbəti dəfə kölgəsinə sığınmağa qüvvə axtarırlar. Elə aprelin 20-də baş nazir Nikol Paşinyanın KTMT anonsu etməsi, həmçinin Xankəndidəki terrorçu rejimin Rusiyanı hərbi müdaxiləyə çağırması da qarşı tərəfin nə qədər məkrli və islaholunmazlığının daha bir bariz nümunəsidir. Bütün bunlar isə rəsmi İrəvanın guya sülh müqaviləsini imzalamağa hazır olduğu barədə yaydığı saxta bəyanatdan sonraya təsadüf etdi. Ermənistan “sülh bəyanatı”nın arxasında gizlənərək aqressiv siyasətini davam etdirir, bulanıq suda balıq tutmağa çalışır.
Bu məqamda qeyd edək ki, Ermənistan hökumətinin Azərbaycanla müxtəlif istiqamətlərdə aparılan danışıqlara dair açıqladığı sənəddə daha bir diqqətçəkən ifadə yer alıb: “Ermənistan kəsişməsi...” Sənəddə deyilir: “2022-ci il ərzində Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə regional iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupunun iki iclası keçirilib (qurulduğu vaxtdan bəri 11 görüş keçirilib-Y.M.) Ermənistan regionun iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır və bunu ölkə qanunvericiliyinə uyğun olaraq "Ermənistan kəsişməsi" layihəsi çərçivəsində həyata keçirməyə hazırdır. Yeni imkanlar beynəlxalq və regional sərnişin və yük daşımaları üçün “Ermənistan kəsişməsi”nin cəlbediciliyini artıracaq, Ermənistan-Azərbaycan müqaviləsi kontekstində İrəvan hökuməti üçün 29,8 min kvadrat kilometr ölkə ərazisinin təhlükəsizlik təminatlarının formalaşdırılması, müqavilənin mətni ətrafında yarana biləcək uyğunsuzluqların və mübahisələrin həlli üçün praktiki mexanizmin formalaşdırılması əsasdır. Ermənistan regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını “Ermənistan kəsişməsi” layihəsi çərçivəsində mümkün qədər tez həyata keçirməyə hazırdır". Ermənistanın mövqeyinə görə, “Erməni kəsişməsi ” konsepsiyası nəzərdə tutur ki, nəqliyyat blokunun açılmasından sonra respublika Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində bir halqaya çevriləcək. Onların qənaəti belədir ki, “kəsişmə” həm İranın Avrasiya İqtisadi İttifaqına (Aİİ) inteqrasiyası baxımından, həm də Çinin “Bir kəmər-bir yol” layihəsində mühüm rol oynaya bilər.
Göründüyü kimi, Ermənistan hökuməti kommunikasiyaların açılması ilə bağlı öhdəliyi yerinə yetirmək əvəzinə, indi də “Ermənistan kəsişməsi” adlı planı ortaya atır. Ermənistan hökuməti reallaşmasına müsəlman qonşusunun fitnə-feli ilə cəhd göstərdiyi Zəngəzur dəhlizinin adını belə çəkməməkdən ötrü yeni yaz nağılına başlayıb: “Erməni kəsişməsi”nə. Bundan əvvəl rəsmi İrəvan bir neçə dəfə Laçından Gorusa, oradan da Ermənistanın içərisi ilə gedib Şahbuz rayonuna çıxmaqla nəqliyyat rabitəsinin yaradılmasını, köhnə əlaqələrin bərpasını təklif edib. Təsəvvür edin, ölkənin içərisindən keçməyə razılıq verilir, amma bir kənarından keçəcək layihəyə qarşı müqavimət davam edir. Məqsəd bəllidir, Zəngəzur qorxusu var, həm də İranla sərhəd bölgənin əldən çıxa biləcəyindən ehtiyatlanırlar. Həm də tarixi Zəngəzur adının ümumişlək termin kimi səslənməsini əngəlləyib, qondarma Ermənistan adını ortaya atmaq niyyəti var burada. Şübhəsiz, Ermənistan reallıqdan uzaq olan bu terminləri Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərdən yayınmaq üçün ortaya atır. Bəs ekspertlərimiz nə düşünür, bu termin hansı anlama gəlir, Zəngəzur dəhlizi əvəzinə, “Ermənistan kəsişməsi” nə deməkdir?
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, “Erməni kəsişməsi” ifadəsi baş nazir Nikol Paşinyanın yeni icadıdır: “O, bir neçə gün əvvəl parlamentdəki çıxışında Azərbaycanın bölgədə artan rolundan danışarkən, ölkəmizin regional enerji və nəqliyyat layihələrinin kəsişməsində yerləşdiyini xatırladıb. Bununla Paşinyan etiraf edib ki, Ermənistan Azərbaycanın bölgədə artan gücü ilə hesablaşmalıdır. Onun digər etirafı isə bundan ibarətdir ki, Azərbaycanın bölgədə yeri və rolu artığına görə heç bir dövlət rəsmi Bakıya təzyiq etmir”.
E.Şahinoğlu qeyd edib ki, Paşinyan bu fikirlərində haqlıdır: “Bəli, Azərbaycana müəyyən təzyiqlər olsa da, nəticə vermir. Misal üçün, Rusiya və İran Azərbaycanın Ermənistandan güclü olmasını və Azərbaycanın Qarabağa bütövlükdə nəzarət etməsini istəmir. Bu iki ölkədən müxtəlif formalarda təzyiqlərlə üzləşsək də, nəticə vermir. Biz doğru bildiyimiz yolumuza davam edirik, həm Ermənistanla təmas xəttində möhkəmlənirik, həm də Qarabağın tamamına nəzarət etmək siyasətimizi davam etdiririk. Paşinyan bunu anladığından Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması zərurətindən danışır”. Politoloqun sözlərinə görə, problem ondadır ki, Paşinyan dediklərini reallaşdırmağa tələsmir: “Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, ölkəmizin ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır. Bu baş vermədiyinə görə də gərginlik azalmır. Paşinyanın və onun hökumət üzvlərinin ortaya atdıqları "Ermənistan kəsişməsi" ifadəsi isə “Zəngəzur dəhlizi” ifadəsinə “əvəz” kimi qiymətləndirilir. Beynəlxalq aləm məhz “Zəngəzur dəhlizi” ifadəsinə üstünlük verir. Ad dəyişməklə mahiyyət dəyişmir. Ermənistan regional nəqliyyat layihələrində iştirak etmək istəyirsə, dəhlizi açmalıdır. Ancaq Paşinyan sülh sazişi məsələsində olduğu kimi, bu məsələdə də addım atmır. Dəhlizin və ya onun təbirincə desək, haqqında danışdığı “kəsişmənin” reallaşması üçün heç nə etmir".
Analitik qeyd etdi ki, Azərbaycan nəqliyyat layihələrinin reallaşmasında Çinin imkanlarından istifadə ediləcəyinə ümidlidir: “Çin müxtəlif yollarla Avropa bazarlarına yüklərini daşıyır. Bunlardan biri də Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan üzərindən keçən yoldur. Bakı-Tiflis-Qars dəmir yolu da buna xidmət edir. Təəssüf ki, Çin bu marşrutla hələ kifayət qədər məhsul daşımır. Zəngəzur dəhlizinin açılması Çin məhsullarının Avropa bazarlarına çıxışı üçün yeni imkanlar açacaq. Ancaq Ermənistan bunu gecikdirir”. E.Şahinoğlu xatırlatdı ki, Ermənistanın Çinlə sıx münasibətləri var. Odur ki, Pekin Zəngəzur dəhlizindən gələcəkdə istifadə edilməsində maraqlıdırsa, bu mövzuda İrəvanla danışıqları intensivləşdirməlidir: “Çünki Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, Çin, Mərkəzi Asiya ölkələri, Türkiyə, Rusiya və eləcə də Ermənistanın özü üçün əhəmiyyətlidir. Ancaq dəhlizin vacibliyi məsələsindən əsasən Bakı və Ankara danışır, digərləri, o cümlədən Pekin gözləmə mövqeyindədir”.
Vüqar Bayramov
Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov şübhə etmir ki, yeni “termin” əslində bəhanə funksiyasını yerinə yetirir: “Ermənistan bir tərəfdən üçtərəfli anlaşmada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməməyə çalışır. Digər tərəfdən isə əslində manipulyasiya edərək özünü həm də sülhdə maraqlı ölkə kimi təqdim etməyə çalışır. Yəni praktik olaraq nəzərə alsaq ki, əslində Zəngəzur dəhlizi əvəzinə, Ermənistanın yeni layihə təklif etməsi rəsmi İrəvanın danışıqlarda manipulyasiya aparması anlamına gəlir. Çünki praktik olaraq İkinci Qarabağ müharibəsindən sonra aparılan danışıqlarda müzakirə olunan mövzulardan biri məhz Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Əslində birinci mərhələdə bu istiqamətdəki müəyyən müzakirələr nəticəsində Ermənistan bu məsələyə tam razılıq verməsə də, sözügedən məsələ ilə bağlı müzakirələrdə iştirak edirdi. Hətta məsələyə müəyyən qədər pozitiv yanaşması hiss olunurdu. Amma sonradan, xüsusilə də son bir ildə Ermənistanda ritorika dəyişib”. V.Bayramov qeyd etdi ki, bir tərəfdən revanşist qüvvələrin daha da aktivləşməsi, digər tərəfdən, Ermənistanın danışıqları uzatmağa çalışması, əslində sülhdə maraqlı olmaması faktı ortadadır: “Ona görə də bütövlükdə Qafqazda sülhün əldə edilməsinin yeganə yolu ölkələrin ərazi bütövlüyünün tanınması, eyni zamanda kommunikasiyaların bərpa edilməsi, o cümlədən üçtərəfli anlaşmada nəzərdə tutulduğu kimi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyat əlaqəsinin bərpa edilməsidir”. Deputat qeyd etdi ki, bütövlükdə Zəngəzur dəhlizi həm də regionun inkişafı baxımından vacibdir: “Bu, Qafqazda sülhün əldə edilməsinə xidmət edəcək bir layihədir. Bu baxımdan da Ermənistana bu layihəni daha qısa müddətdə dəstəkləməsi bütövlükdə Qafqazda sülhün əldə edilməsi baxımından vacib bir addım olardı”.
Hələlik rəsmi Bakı Ermənistanın yeni bəhanəsinə reaksiya verməyib. Amma əslində söz deyilib, dövlət başçısının qəti mövqeyi var: Zəngəzur dəhlizi açılmalıdır! Bir neçə gün əvvəl isə Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun müəllifi olduğu məqalədə bildirilmişdi ki, Qarabağ münaqişəsinin yaratdığı reallıqların töhfələri səmimi tərəfdaş olmaq istəyən bütün dövlətlərin bəhrələnməsinə imkan yaradır. “Məsələn, Zəngəzur dəhlizi yalnız Azərbaycanın strateji maraqlarını əks etdirmir. Eyni zamanda Orta dəhliz adı almış Çin-Avropa tranzitinin ən təhlükəsiz marşrutuna çevrilə bilər və bu layihə onlarla ölkənin ehtiyaclarını ödəyər, böyük mənfəətini təmin edər. Təkcə bu bölgədə yerləşən ölkələrin layihə reallaşandan sonra əldə edəcəkləri mənfəət Zəngəzur dəhlizinin qlobal miqyasda necə böyük əhəmiyyət kəsb etdiyini göstərir. Eləcə də ərazi bütövlüyünü təmin edən Azərbaycanın regionda yaratdığı möhkəm təhlükəsizlik sistemi Avropanın ən böyük probleminə çevrilən enerji təminatına böyük yardım göstərəcəkdir. Azərbaycanın karbohidrogen ehtiyatları və ərazimizdən tranzitlə ötürülə biləcək digər ölkələrin enerji resursları gələcək onilliklər boyu bütövlükdə Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə olacaqdır”, - Azərbaycanın Təhlükəsizlik Şurasının katibi qeyd edib. Kifayət qədər aydın mövqedir. Bundan sonra nə “kəsişmə?!” Yaxud hansı “kəsişmə?!”(musavat.com)
E.PAŞASOY