Yenixeber.org: Azərbaycan-İran münasibətlərinin kifayət qədər pisləşməsi fonunda Rusiya ilə İran arasında iqtisadi əlaqələri daha sürətlə və daha kütləvi şəkildə həyata keçirməyi təmin edə biləcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin seqmentlərindən birinin – Azərbaycan ərazisindən keçəcək dəmir yolunun gələcəyi şübhəli görünür.
Ümumilikdə götürəndə, bu layihə Azərbaycan üçün xüsusi əhəmiyyət daşımır. Xüsusən də, İranın ardınca ötən il işğalçı Rusiyaya da sanksiyalar və məhdudiyyətlər tətbiq olunandan sonra. Yəni, bu iki ölkə beynəlxalq aləmdə öz çirkin əməllərini davam etdirdiyi bir zamanda, yaxşı yaşamalarını davam etdirmələri üçün onlara kömək etmək ideyası o qədər də yaxşı fikir deyil.
Azərbaycanın bəxti onda gətirib ki, Moskvanın bütün səylərinə baxmayaraq, İran Şimal-Cənub dəmir yolunun Rəşt-Astara hissəsinin tikintisini tez bir zamanda başa çatdırmağa həvəsli görünmür. Tehranın bu məsələdəki motivləri tam aydın deyil. Lakin görünür, Kreml başa düşüb ki, yaxın zamanlarda İranı öz dəmir yolu şəbəkəsini Azərbaycanın dəmir yolu şəbəkəsi ilə birləşdirməyə razı salmaq mümkün deyil. İndi də onlar başqa varianta əl atıblar – Şimal-Cənub marşrutunu Xəzər dənizi vasitəsilə həyata keçirməyə. Yəni, Rusiya və İran arasında yüklərin Azərbaycan ərazisindən yan keçməklə, birbaşa dəniz vasitəsilə daşınmasına.
İRNA xəbər verir ki, İranın yol və şəhərsalma naziri Mehrdad Bazrpaş və Rusiya prezidentinin köməkçisi İqor Levitin şənbə günü hava, dəniz, dəmir yolu, avtomobil və “multimodal daşımalar” sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər.
Bazrpaş bu görüşdə Xəzər dənizi vasitəsilə yüklərin tranziti imkanlarından istifadə etməyə çağırıb.
İranlı nazir Rusiyanın RORO tipli yük gəmisinin 21 ildən sonra ilk dəfə İranın Noşəhr limanına gəlməsinə qeyd edərək, bu cür daşımaları İran və Rusiya arasında dəniz ticarətində böyük addım adlandırıb.
Nazirin sözlərinə görə, Xəzər dənizində İran və Rusiya arasında gəmiqayırma müqavilələri vacibdir və ötən il Şimal-Cənub Beynəlxalq Dəhlizi çərçivəsində Rusiyanın ilk tranzit yüklərinin gəlişi ilə “multimodal daşımaların” inkişafı daha səmərəli nəqliyyat əməkdaşlığı vəd edə bilər.
“Şərq-Qərb dəhlizləri də daxil olmaqla, Xəzər dənizinin dəhlizləri vasitəsilə dəniz marşrutunun tranzit imkanlarının genişləndirilməsi Qafqazda quru nəqliyyatın intensivliyini azaltmaqda effektiv ola bilər”, – Bazrpaş əlavə edib.
O qeyd edib ki, Rəştdən Xəzər limanına qədər olan 35 km-lik dəmir yolunun tikintisinin başa çatması ilə Kaspian limanı, Ənzəli limanı və Xəzər limanlarının dəmir yolu şəbəkəsi vasitəsilə ölkənin Fars körfəzindəki cənub limanları ilə, xüsusən də Bəndər Abbasla birləşdirməsi başa çatacaq. “Bu, Xəzər dənizinin şimalındakı Rusiya limanları ilə multimodal daşımalarda mühüm hadisə olacaq”, – nazir vurğulayıb.
Yəni, iranlılar Rusiyadan yük daşınmasında Xəzərdəki gəmilər və limanlara üstünlük verirlər. Bunun Azərbaycanın maraqlarına uyğun olduğunu söyləmək olar. Yəni, bütün hallarda beynəlxalq təcriddə olan bu irticaçı ölkələrlə əlaqə və əməkdaşlıq bir qədər azalacaq. Baş verənləri Azərbaycanın maraqları baxımından necə qiymətləndirmək olar?
Suallarımızı beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah cavablandırıb.
O, ilk növbədə qeyd edib ki, Şimal-Cənub dəhlizi tarixi Şərq-Qərb TRASEKA dəhlizinə alternativ olaraq meydana çıxdığından bir çox Qərb dövlətlərinin marağına səbəb olmayıb.
“Rusiya-Ukrayna müharibəsinin başlaması ilə bu dəhlizin beynəlxalq statusu ümumiyyətlə sual altındadır. Hətta Rusiyanın Qərbin sanksiyaları altında olduğu bir vaxtda bu sazişi ratifikasiya edən Bolqarıstan, Türkiyə və Ukrayna kimi dövlətlər indi bu dəhlizə marağı tamamilə itiriblər. Yəni, bu saziş ən yaxşı halda regional səviyyədə fəaliyyət göstərə biləcək.
Bu saziş çərçivəsində Rusiya ilə İran arasında Xəzərdə nəqliyyat ticarətinin intensivləşdirilməsi məsələsində Azərbaycanın suveren maraqlarına birbaşa zidd olan heç nə yoxdur. Belə ki, Xəzəryanı ölkələrin 2018-ci ildə imzaladığı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya əsasən, Xəzər göl deyil, dəniz sayılır və 15 mil məsafə hər bir dövlətin milli zonası müəyyən edilir. Balıq ovu üçün məsafə isə 10 milə kimidir. Qalan hissələr gəmiçilik və digər məqsədlər baxımından ümumi istifadə üçün nəzərdə tutulub. Bu baxımdan, Xəzər dənizi vasitəsilə Rusiya-İran ticarətində heç bir problem yoxdur. Güman edirəm ki, Azərbaycan və İran xarici işlər nazirləri arasında son telefon danışığında da bu məsələ müzakirə olunub və Xəzərdə nəqliyyat əlaqələrinin gözlənilən intensivləşməsi barədə Bakıya məlumat verilib. Beləliklə, bu ticarətdə Azərbaycanın iqtisadi maraqlarına xələl gətirəcək xüsusi heç nə yoxdur”, – Elman Fəttah hesab edir.(pressklub)
Rauf Orucov