Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ombudsman -Ermənistanın təxribatı ilə bağlı bəyanat yayıb

Ombudsman Ermənistanın təxribatı ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan tərəfinin Azərbaycanın dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atmasına etiraz olaraq bəyanat yayıb.

Yenixeber.org: Bəyanatda deyilir:

"Rəsmi məlumatlara əsasən, 2021-ci il mayın 27-də saat 03:00 radələrində Ermənistan silahlı qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş terror-təxribat fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.

Təcavüzkar və sülhə təhdid olan siyasətindən hələ də əl çəkmək istəməyən Ermənistanın həmin kəşfiyyat-diversiya dəstəsinin üzvləri Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən müvafiq əməliyyat tədbirləri nəticəsində aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərksilah edilərək saxlanılıb.

Daha sonra səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilmişdir. Lakin Azərbaycan Ordusu tərəfindən görülən müvafiq tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınmışdır.

Ermənistan tərəfindən artıq bir müddətdir ki, iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçərək minalama və digər diversiya cəhdləri beynəlxalq hüquqa əsasən terror-təxribat əməli kimi qiymətləndirilir.

Ermənistanın vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində basdırdığı minaların xəritələrinin verilməsindən imtina etməsi ilə bağlı tərəfimdən dəfələrlə beynəlxalq təşkilatlara narahatlığımızı bildirməyimizə baxmayaraq, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri beynəlxalq hüquq və humanitar hüququn norma və prinsiplərinin yenidən kobud şəkildə pozulmasıdır. Bu fakt Azərbaycan hərbçilərinin və mülki şəxslərin həyatı üçün ciddi təhlükə yaratmaqla bir daha Ermənistanın insan hüquqlarına qarşı açıq hörmətsizliyini nümayiş etdirir.

Qeyd etmək istərdik ki, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonu və digər ərazilərində Ermənistan ordusu tərəfindən işğal dövründə basdırılmış minalar hələ də insanların həyat və sağlamlığına ciddi təhlükə olaraq qalmaqdadır. Belə ki, həmin ərazilərdə pərakəndə şəkildə yüz minlərlə mina basdırılıb və cavabdeh ölkə olan Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi regionda vəziyyəti gərginləşdirir, sülhün və birgəyaşayışın təmin olunması prosesinə ciddi zərbə vurur, hərbçilərin və mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnir.

Buna görə də Ermənistanın hazırkı siyasi və hərbi rəhbərliyinin beynəlxalq hüquq qarşısındakı öhdəliklərini dərk etməsi və insan hüquqlarına hörmətlə yanaşması üçün beynəlxalq səviyyədə təxirəsalınmaz tədbirlərin görülməsi olduqca vacibdir.

Təəssüflər olsun ki, Ermənistanın bu və ya digər hüquq pozuntuları ilə bağlı tərəfimizdən dəfələrlə beynəlxalq insan hüquqları təşkilatları qarşısında məsələ qaldırılmasına baxmayaraq, çoxsaylı müharibə, sülh və insanlıq əleyhinə cinayətləri və terror əməlləri törətməklə beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozan təcavüzkar Ermənistan dövlətinə qarşı beynəlxalq səviyyədə hər hansı bir formada təsirli tədbirlərin görülməsi hallarına rast gəlmirik.

Bütün bunları nəzərə alaraq, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini Ermənistanın növbəti hərbi təxribatlara yol verməməsi, sülhü təhdid edən cəhdlərindən çəkinməsi, minalanmış ərazilərin xəritəsini mümkün olan qısa müddət ərzində verməsi, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatın bütün şərtlərinə dönmədən əməl etməsi üçün təsirli tədbirlərin görülməsini təmin etməyə çağırırıq".

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam