“Ukrayna ... Türkiyədən dəstək alacaq”-"Rusiya ... müharibənin “Qarabağ modeli”nin uğursuz olduğunu göstərmək istəyir"
Ərəstun Oruclu: “Görünür, Kiyev öz ərazilərini işğaldan azad etmək üçün Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatı nümunə götürəcək”
Yenixeber.org: Son günlər Ukraynanın Donbassda müharibəyə hazırlaşdığı haqda iddialar çoxaqlmaqdadır. 2021-ci il daxil olandan indiyədək mütəmadi olaraq atəşkəs pozulur. Tez-tez Donetsk separatçıları silaha əl atırlar. Atəşkəsin kobud pozulması halı isə martın 7-də baş verib. Belə ki, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma “respublikalar” yaratmış separatçılar Ukrayna Ordusunun mövqelərinə ağır silahlardan zərbə vurublar.
“DXR” rəhbərliyi bildirib ki, dəfəfələrlə xəbərdarlıqlara baxmayaraq, ATƏT müşahidəçiləri “Ukrayna Ordusunun onların mövqelərinə zərbələrini gözardı etmələri” səbəbindən qabaqlayıcı zərbələr vurmağa qərar veriblər. Martın 7-nə keçən gecə Ukrayna Ordusunun mövqeləri ardıcıl top atəşinə tutulub. Rusiya mənbələri xəbər verir ki, Ukrayna Ordusu ciddi itkilər verib.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın bir sıra ictimai-siyasi xadimləri, deputatlar hökumətə əraziləri separatçılardan təmizləməklə bağlı çağırışlar etmişdilər. Ukraynanın və Rusiyanın bəzi politoloqları isə hesab edirlər ki, yaz-yay aylarında Donetskda genişmiqyaslı hərbi əməliyyatların keçiriləcəyi realdır.
Donetskdə müharibə ehtimalını AYNA-ya dəyərləndirən “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, bölgədə artıq müəyyən mövqe döyüşləri gedir: “Bəzi Ukrayna mənbələrinin təhlilləri, həmin mənbələrdən sızdırılan məlumatlar onu deməyə əsas verir ki, toqquşmalar başlayıb. Amma nə Ukrayna, nə də Rusiya tərəfi bu barədə rəsmi açıqlama verir. Əslində toqquşmaların baş verməsi gözlənilən idi. Belə proqnozlar vardı ki, yazın sonu-yayın əvvəlində Ukrayna Donbassın azad edilməsinə çalışacaq. Bu baxımdan, hesab edirəm ki, indi gedən mövqe döyüşləri gtenişmiqyaslı hərbi əməliyyatlara mütləq keçəcək. Ukrayna de-fakto Rusiyanın işğalı altında olan ərazilərini azad etməyə çalışacaq”.
“Ukrayna nə qədər uğur qazanacaq, hara qədər irəliləyə biləcək - bu, təkcə Kiyevdən asılı deyil. Əlbəttə, hərbi əməliyyatlar üçün Ukrayna müəyyən qədər hazırlaşıb. Bu ölkənin mənbələri, ekspertlərin təhlilləri onu deməyə əsas verir ki, müharibəyə hazırlıq gedib və gedir. Amma dediyim kimi, bu, tək Ukraynanın hazırlığından asılı deyil. Kiyevin xarici tərəfdaşlarının təsirindən də çox şey asılı olacaq - ilk növbədə də ABŞ və Türkiyənin. Avropa yəqin ki, bu prosesə qatılmayacaq, ən azı aktiv şəkildə qoşulmayacaq”, - deyə ekspert bildirib.
Politoloq qeyd edib ki, ABŞ-ın yeni administrasiyasının Ukrayna ilə bağlı siyasətinin konturları hələlik görünmür: “Baxmayaraq ki, Co Bayden 2 aydan çoxdur hakimiyyətdədir, bu müddətdə Ukrayna lideri Vladimir Zelenski ilə təmasa keçməyib, telefon danışığı olmayıb. Qəribə bir məqam da ondan ibarətdir ki, ötən dövrə nisbətən bu il Ukraynaya ABŞ-ın hərbi yardımı azaldılıb. Mənə elə gəlir ki, Kiyev ABŞ-ın dəstəyinə o qədər də ümid bəsləmirdi. Bu gün hərbi sahədə, sənayenin inkişafında əsas tərəfdaşı Türkiyədir. Bu, açıq-aydın şəkildə görünür”.
“Ukrayna böyük hərbi sənayesi olan ölkədir. Hazırda Türkiyənin silah istehsalçıları da orada çalışırlar. İstər “Bayraktar” olsun, istərsə də “Aselsan” olsun - Ukraynada işləyirlər. Yanılmıramsa, artıq Türkiyə ilə Ukrayna arasında raket istehsalına dair müqavilələr də imzalanıb. Bu baxımdan demək olar ki, Ukrayna gözlənilən hərbi əməliyyatlarda Türkiyədən dəstək alacaq”, - deyə Oruclu vurğulayıb.
Müsahibimizin qənaətincə, Ukrayna ərazilərini işğaldan azad etmək üçün Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatı nümunə götürəcək: “Bu gün Rusiyanın Azərbaycana qarşı təzyiqi də bu səbəbdəndir. Rusiya Azərbaycana qarşı müəyyən təxribatlar törətməklə müharibənin “Qarabağ modeli”nin uğursuz olduğunu göstərmək istəyir. Kremlin niyyəti odur ki, Qarabağda hərbi qələbə başqaları üçün nümunə olmasın. Lakin Moskva Ukraynanın ərazilərini azad etmək uğrunda mübarizəyə başlamasını dayandıra bilməyəcək. Fikrimcə, Donbassda genişmiqyaslı hərbi əməliyyatlar qaçılmazdır. Ukraya Donbass problemini həll etməlidir. Münaqişə qaldıqca, Ukrayna da inkişafdan qalır”.