Kiyev müharibəyə hazırlaşır -Müttəfiqlər dəstək verəcəkmi? - TƏHLİL
Donbasda separatçı qüvvələrin Ukrayna ordusunun mövqelərini artilleriya atəşinə tutmasından sonra vəziyyət gərgin olaraq qalır.
Yenixeber.org: Yerli medianın verdiyi məlumata görə, Avdiivka və Lebedinski qəsəbəsi yaxınlığında Rusiya Federasiyasının silahlı birləşmələri Ukrayna bölmələrin mövqelərinə Minsk razılaşmaları ilə qadağan olunmuş 120 və 82 kalibrli minaatanlardan, həmçinin tank əleyhinə qumbara atıcıdan atəş açıb.
Opıtnoye kəndində Ukrayna ordusunun mövqeləri qumbaraatanlardan Pivdennoe yaşayış məntəqəsi yaxınlığında isə atıcı silahlardan və tank əleyhinə raketlərdən atəşə tutulub. Qeyd edək ki, martın 6-dan başlayaraq qondarma Donetsk və Luqansk respublikalarının ərazisindən Ukrayna ordusunun mövqeləri top atəşinə məruz qalıb. Ən azı 20 nəfər Ukrayna əsgərinin həlak olduğu, 25 nəfərin yaralandığı xəbər verilir.
Rəsmi Kiyev atəşkəsin ağır artilleriyadan hücum faktını təsdiqləsə də itkilərlə bağlı açıqlama verməyib. Eskalasiyanın baş verməsi Donbasda müharibənin başlayacağına dair ehtimalları gündəmə gətirib.
Çünki Ukraynanın Donbasda işğal altında qalmış əraziləri geri qaytarmaq üçün müharibəyə hazırlaşdığına dair məlumatlar xeyli müddət idi yayılırdı. 2020-ci il dekabrın 9-da rəsmi Kiyevin münaqişənin sülh yolu ilə həlli üçün “Normand formatı” çərçivəsində Paris görüşündə verdiyi bir illik möhlət başa çatıb. Ona görə də müharibə hər an gözlənilən hesab edilir. Eyni zamanda, Ukraynanın Türkiyə ilə hərbi sahədə əməkdaşlığı genişləndirməsi də müharibəyə hazırlıq kimi şərh edilir.
Ötən ildən başlayaraq Ukrayna Türkiyədən “Bayraktar TB-2” və ən son model “Bayraktar Akıncı” zərbə PUA-ları alır. Ukrayna hərbi hava qüvvələri yüksək rütbəli türk zabitləri tərəfindən yeni nəsil PUA-lara uyğunlaşdırılır. Bu isə Ukraynanın Donbasda Azərbaycanın 44 günlük müharibə zamanı həyata keçirdiyi təcrübəni tətbiq edəcəyinə dair məlumatların ortaya çıxmasına səbəb olub.
Bu səbəbdən martın 6-da başlanan döyüşlərdən sonra Ukrayna SQ-nin dronlarla əks-hücuma keçəcəyinə dair müzakirələr gündəmə gəlib.
Qeyd edək ki, geniş miqyaslı hərbi əməliyyatlara başlamaq üçün prezident Vladimir Zelenskinin fərmanı və Ali Radanın qərarı lazımdır. Lakin rəsmi Kiyev məsələyə səbrlə yanaşaraq müharibəyə başlamağa tələsmir. Ukraynanın hücuma keçəcəyi proqnozlaşdırılsa da hərbi əməliyyatara ilk olaraq Rusiyadan dəstək alan separatçılar başlayıb. Yəni Kreml müharibənin alovlanmasında maraqlı tərəf kimi görünür.
Müharibənin bərpası Rusiyanın Mariupol şəhərini işğal etmək planlarına daxildir. Ukrayna tərəfi də sonsuza qədər gözləmək niyyətində olmadığına dair xəbərdarlıq edib. Ukrayna Daxili İşlər nazirinin müavini Valeri Patseluykonun yerli mətbuata açıqlamasından belə görünür ki, rəsmi Kiyev hərbi əməliyyatlara başlamaq üçün əlverişli hava şəraitini gözləyir.
Belə ki, yaz aylarında Donbasın azad edilməsi əməliyyatına başlanıla bilər. Patselyuko qarşı tərəfə ağır zərbənin endiriləcəyini istisna etməyib:
“Ancaq indi orada olduqca çətindi. Qar əriyib, mübarizə aparmaq əlverişsizdir. Sahələrin və hər yerin quruması lazımdır”.
“Əməlli-başlı yaz gəlidkdən sonra biz tərəflərin fəallaşmasından danışa bilərikmi” sualına nazir müavini belə cavab verib: “Ola bilər. Biz bunu öyrənirik. Sizi əmin edirəm ki, biz hərtərəfli işğala da cavab verməyə hazırıq”.
Nazirin sözlərinə görə, ruslar tərəfindən geniş hücum olarsa, bu onlar üçün dağıdıcı olacaq. Valeri Patseluyko bildirib ki, Rusiya öz aviasiyasından Donbasda istifadə edə bilməz. Əks təqdirdə, bu, Rusiyanın təcavüzdə açıq iştirakını təsdiqləyə bilər.
O, Donbasın azad edilməsi strategiyasının hazır olduğunu deyib. Nazir müavini bildirib ki, Ukrayna dövləti 2019-cu ildə hazırlanmış bu strategiyanı həyata keçirməyə hazırdır. Sadəcə olaraq, buna müəyyən vaxt lazımdır.
“Bunun tezliklə baş verəcəyinə ümid edirik. Bu əraziləri qaytarmağa hazırıq. Hər cür tədbirin orada keçirilməsini təmin etməyə hazırıq, amma bir şərtlə: Əvvəlcə ruslar qoşunlarını, kontingentlərini geri çəkirlər, biz daxil oluruq, dövlət sərhədinə nəzarət edirik, sonra istədiyimizi orada həyata keçiririk”-nazir müavini deyib.
Buna baxmayaraq, hərbi əməliyyatlar başlayacağı təqdirdə, Rusiyanın buna reaksiya verməyəcəyini düşünmək olmaz. Ona görə də rəsmi Kiyev ilk növbədə, Moskvadan gözlənilən təhlükəni aradan qaldırmağın yollarını axtarır. Zelenski administrasiyası ABŞ-ın hərbi dəstəyinin artırılmasına nail olmağa və Rusiyaya qarşı sanksiyaların sayını artırmağa çalışır. Ukrayna Prezidenti Aparatı rəhbərinin müavini Yulia Sviridenkonun sözlərinə görə, Kiyev Vaşinqtonla “hər hansı yeni hərbi təcavüzün qiymətini artırmaq” üçün hərbi əməkdaşlığı gücləndirmək istəyir. Eyni zamanda, Ukrayna rəhbərliyi köhnə müttəfiqi prezident Co Baydenin Rusiyaya qarşı təzyiqlərinə ümid edir.
Ukrayna prezidentinin ofisinin rəhbərinin müavini Yuliya Svidirenko bəyan edib ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi qadağalar “Şimal axını-2” qaz boru kəməri layihəsi ilə məhdudlaşmamalıdır. Bayden administrasiyası Rusiyanı daha ağır sanksiyalara məruz qoymalıdır.
“ABŞ Ukraynadakı müharibə bitənə qədər yeni hərtərəfli sanksiya rejimi tətbiq etməyi düşünsə çox minnətdar olardıq. Və bu sanksiyalar əslində şərq əraziləri və Krım tamamilə Ukraynanın nəzarəti altına qaytarılıncaya qədər qüvvədə qalmalıdır”-deyə Svidirenko bildirib.
Göründüyü kimi, Ukrayna hərbi əməliyyatlara başlamazdan öncə ABŞ-ın hərbi və siyasi dəstəyini qazanmağa səy göstərir. Bu Kiyevə Rusiyanı Donbas müharibəsindən kənar tutmaq üçün əlavə təsir vasitəsi kimi lazımdır.
(Cebhe.info)