Qərb Türkiyəni Rusiyanın müttəfiqinə çevirir
5 paytaxtın gözü Obamada: “soyqırım” deyəcəkmi?; ABŞ prezidenti Roma Papasının, Avropa Parlamentinin səhvini təkrarlayarsa, Türkiyə-Qərb münasibətləri uzun müddətə korlana, Ankara geridönməz şəkildə Moskvaya yaxınlaşa bilər; Ağ Ev başçısı bu prosesi durduracaqmı?
"Xeberinfo.com": Roma papasının (ona “ermənilərin Papası”, “xaç atası” da deyirlər) ardınca Avropa Parlamenti Türkiyə ilə bağlı ədalətsiz və ən çox da Qərbin ziyanına işləyəcək yanlış addım atdı: qurum Vatikan kimi vaxtilə uydurma erməni soyqırımı məsələsində qəbul elədiyi qərarı (1987) təzədən təkrarladı. Bununla da olduqca həssas bir dövrdə ocağa yağ tökdü, türk-erməni münasibətlərinin normallaşması şanslarını sıfırladı.
Məsələ də ondadır ki, Roma papası məlum bəyanatı, Avropa Parlamenti isə 24 aprelin Avropa Birliyi ölkələrində “erməni soyqırımı” günü kimi qeyd edilməsi haqda qərarı ilə Qərbə “ayı xidməti” göstərmiş oldular. Hər halda, bu kimi qərarlardan sonra qardaş ölkənin Avropa Birliyinə can atacağını gözləmək absurd olardı.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ qərardan öncə verdiyi mesaj bir daha təsdiqləyir. Ərdoğan bildirib ki, Avroparlament nə qərar çıxarsa, “bir qulağımızdan girər, digərindən çıxar, çünki Türkiyə üzərində soyqırımın kölgəsi belə yoxdur”.
Türkiyə Xarici İşlər Nazirliyi də qərara kəskin reaksiya sərgiləyib. Orada deyilir ki, Avroparlament ciddi xətaya yol verib: “Avropa Parlamenti qəbul etdiyi bu qərarla, bir zamanlar da beynəlxalq hüquqa zidd olaraq və səlahiyyət həddini aşaraq həyata keçirtdiyi səhvi təkrarlayıb”.
Öz növbəsində Türkiyənin Avropa naziri Volkan Bozkır qərarın tarixi gerçəkliklərlə üst-üstə düşmədiyini bəyan edərək vurğulayıb ki, “belə qərarlar Türkiyə üçün yox kimidir”. “Parlamentlərin vəzifəsi tarix yazmaq deyil. 1915-ci il hadisələrinə ”soyqırımı" demək iftiradan başqa bir şey deyil" - əlavə edib nazir.
* * * * *
Türkiyə rəsmilərinin “ermənilərin Xaç atası”nın “soyqırım” bəyanatına və Avropa Parlamentinin qərarına sərt reaksiyaları rəsmi Ankaranın Avropa siyasətinə ciddi düzəlişlər edəcəyinin, üzünü bir az da çox Şərqə, Çinə, Rusiyaya tutacağının anonsu sayıla bilər. Çətin ki, Qərbin böyük bir regionda yeganə və əvəzolunmaz müsəlman tərıfdaşının, NATO üzrə müttəfiqinin bu şəkildə incidilərək itələnməsi Qərbin, Avropa Birliyinin maraqlarına cavab versin.
Ərdoğanın açıqlamalarından da görünür ki, Qərb xeyli dərəcədə Rusiyanın maraqlarına işləyən, Ankara-Moskva müttəfiqliyini bir az da möhkəmləndirəcək bu cür qərarların altını çox tezliklə çəkməyə başlayacaq.
* * * * *
Papadan, Avropa Birliyindən sonra kim qaldı indi? Əlbəttə ki, ABŞ prezidenti Barak Obama. 5 paytaxtın (Ankara, Bakı, Moskva, İrəvan, Brüssel) gözü indi Obamaya dikilib. Bəzi Qərb şərhçilərinə görə, Papa və Avroparlamentin mövqeyi Amerika prezidentini də analoji addıma həvəsləndirə bilər. Biləcəkmi? Ağ Ev başçısı Türkiyəni zorla Rusiyanın müttəfiqinə çevirmək prosesini durduracaqmı?
Böyük ehtimalla, hə. Çünki əks halda, bu, əvvəla, Qərb üçün siyasi intihar, Türkiyə kimi mühüm bir strateji tərəfdaşı qeyri-müəyyən müddətə itirmək, türk-erməni münasibətlərini normallaşdırmaq ümidlərini basdırmaq, Kremlin Güney Qafqazda möhkəmlənmək imkanlarını artırmaq demək olardı.
İkincisi, Obama ona görə “soyqırım” deməyəcək ki, Vatikan və Avropa Parlamentindən fərqli olaraq, ABŞ saxta soyqırımı heç vaxt dövlət səviyyəsində tanımayıb. Dövlət başçısı kimi prezident dövlətin mövqeyinə sayğısızlıq edə bilməz.
Üçüncüsü, Amerika bu kimi məsələlərdə bir qayda olaraq Avropadan fərqli mövqe sərgiləməklə böyük divident götürməyi bacarır və yenə də belə bir fürsət yaranıb; Vaşinqton yaşananlar fonunda Türkiyənin gözündə xeyli yüksəlmək şansına malikdir ki, bu da ən birinci elə Amerikanın mənafeyinə uyğundur.
Dördüncüsü, son hadisələrə reaksiyalar göstərdi ki, Türkiyədə saxta soyqırım məsələsində iqtidar-müxalifət, toplum söhbəti yoxdur. Hamı eyni mövqedədir. Yəni tanınma təxribatları ilə qarşıdakı parlament seçkilərində hakim AKP-nin səslərini azaltmaq mümkün deyil. Əksinə - türk seçicisi açığa AKP-ni daha güclü dəstəkləyə bilər.
Beşincisi, Türkiyəni incitmək avtomatik şəkidə Amerikanın digər strateji tərəfdaşı Azərbaycanı da incitmək, Bakını Rusiyaya tərəf itələmək demək olardı.
Altıncısı, Obama artıq üçüncü müddətə prezidentliyə namizəd olmayacaq və onun üçün amerikalı erməni seçicilərinin səsləri önəm kəsb eləmir.
Ən əsası, “soyqırım” sözündən imtinanı Rusiya ilə “soyuq savaş”ın məntiqi, sanksiyalar məsələsində Türkiyəni Rusiyadan aralamaq imperarativi diktə edir.
Qısası, Obama “genosid” deməyəcək. Bəlkə də yeni soyuq savaş olmasaydı, ABŞ prezidenti buna gedərdi. Ancaq indi - yox!.. Bu mənada ermənilərin bəxti gətirməyib...
* * * * *
Son olaylardan ən çox uduşda olan tərəf kimi isə Rusiya görünür. Heç şübhə yox ki, Vatikanın və Brüsselin qərarları ən çox Moskvada məmnunluq yaradıb. Obama da eyni səhvi təkrarlasa, Kremlin 24 apreli Qərb üzərində çox mühüm siyasi və mənəvi qələbə günü kimi qeyd etməyə haqqı çatacaq.
Bu arada bəlli olub ki, Rusiya öz vədini tutaraq Çanaqqala mərasimlərində yüksək səviyyədə təmsil olunmaq qərarı verib. Rusiyanı Dövlət Dumasının spikeri, ölkənin 4-cü şəxsi Sergey Narışkin təmsil edəcək.
Narışkin variantı barədə “Yeni Müsavat” yazmışdı. Kremlin 24 apreldə İrəvana göndərəcəyi rəsmin şəxsin isə baş nazir Dmitri Medvedyev olacağını da qeyd eləmişik. Roma Papası və Avroparlamentin qərarlarından sonra bu ehtimal güclənib: Putin İrəvana getməməklə, Türkiyəni incitməməklə onu indi özünə daha da yaxınlaşdırmış olacaq.
Əfsus ki, Çanaqqala törəninə ABŞ-dan yüksək səviyyəli qonaqların iştirak etməyəcəyi ehtimalı var. Bakıdakı səfir Robert Sekuta bunun səbəbini ölkəsinin 1-ci Dünya müharibəsində iştirak etməməsi ilə izah dib. Hərçənd, onu da əlavə edib ki, yekun qərarı Ağ Ev başçısı verəcək. Bu qərar “soyqırım” məsələsindəki mövqe ilə sinxronluq təşkil edib onu tamamlayacaqmı?
Bircə həftə gözləyək.
Musavat.com