"ERMƏNİSTANIN NƏFƏS ALMASINA İMKAN VERMƏK OLMAZ!" -"Hamı bir nəfər kimi Qarabağ üçün vuruşmağa hazırdır"
Vahid Əhmədov: "Bu müharibənin əsas dönüş nöqtəsi Suqovuşan oldu. Suqovuşanı aldıqdan sonra erməni ordusu müharibəni uduzduğunu başa düşdü"
Yenixeber.org: Azərbaycanın sentyabrın 27-dən etibarən başladığı Böyük Vətən müharibəsinin gedişatında fərqli proseslər müşahidə olunmaqdadır. Müsbət məqam odur ki, müharibə Azərbaycanın maraqlarına uyğun olaraq davam edir.
Belə bir mərhələdə bizi nələr gözləyir, müharibənin gedişatı necə olacaq?
Bu Milli Məclisin deputatı Vahid Əhmədov müsahibəsində bu suallar ətrafında danışıb. Müsahibəni təqdim edirik:
- Vahid müəllim, Ermənistan bir daha sübut etdi ki, bu ölkə ilə nə danışıqlar, nə də atəşkəs mümkün olmayacaq. Son hadisələrlə bağlı nə deyərdiniz?
- Atəşkəsə gediləndə mən o qədər də inanmırdım ki, Ermənistan buna riayət edər. Ötən 26 ildə atəşkəsi hər zaman Ermənistan pozub, Azərbaycan bir dəfə də atəşkəsi pozmayıb. Ona görə də, bu dəfə də Ermənistan eyni cür davrandı. Onlar iyulda da atəşkəsi pozdular, kəndlərə hücum etdilər, 27 sentyabrda da təxribat etdilər. Ümumiyyətlə, ermənilər özləri öz dövlətlərini idarə etmirlər. Bu dövlət faktiki olaraq, Rusiyanın bir əyalətidir.
Fikir verirsinizsə, ötən gün dövlət başçısı İlham Əliyev də dedi ki, Rusiya Ermənistana kifayət qədər silah-sursat verir, hər cür yardım edir, elektrik enerjisi, qaz verir, sərhədlərini qoruyur. Faktiki olaraq, Ermənistan Rusiyanın bir əyalətidir. Son bir neçə gündə hər gün Fövqəladə Hallar Nazirliyinin təyyarələri oraya gəlib-gedir, silah-sursat daşıyırlar. Biz faktiki olaraq, Ermənistanla yox, bir neçə dövlətlə müharibə aparırıq. Cənab prezident yenə humanist addım ataraq atəşkəsə gedilməsinə icazə verdi.
Bu onlar üçün çox böyük şans idi. Onlar bu şansdan istifadə edib Gəncəni vurdular, dünən gecə Tərtər və Ağdamı vurublar. Gəncədəki hadisə çox ağır hadisədir, Xocalı soyqırımına bərabər hadisədir. 40-a yaxın insanın yaralanması, 9 nəfərin ölümü çox ağırdır. Ermənilər öz köhnə əməllərindən əl çəkmirlər və çəkən deyillər. Ona görə də, yeganə çıxış yolu müharibədir. Cənab prezident “Haber Global”a müsahibəsində də dedi ki, biz onlara şans verdik, onlar bu şansdan bizim əleyhimizə istifadə etdilər. Dinc əhalini qırdılar. Onların xisləti budur, çünki müharibəni uduzduqlarını görürlər. Azərbaycan torpaqlarını azad etməkdə israrlıdır, hamı bir nəfər kimi dövlət başçısı İlham Əliyevi müdafiə edir.
Heç kim tərəddüd etmir. Onlar ortalığı qarışdırmaq üçün Bərdəni, Gəncəni vurmağa çalışırlar. Bununla, başqa dövlətləri müharibəyə qoşmaq, əhatə dairəsini genişləndirmək fikrindədirlər. Əsas məsələ budur. Əlbəttə, biz buna gedən deyilik. Beynəlxalq aləmdə bu məsələyə baxılmalıdır. Dinc əhalinin öldürülməsi, onların yaşadığı yerlərə raket atılması, insanları qırmaq nə deməkdir? Bu silahların hamısı Rusiyadan gəlib, hamısı bahalı bombalardır. O səbəbdən ermənilərlə danışığa getmək mənasızdır. Burada Rusiyanın da günahı var. Əgər atəşkəslə bağlı çağırışı Rusiya edirsə, o zaman onlar atəşkəsə cavabdeh olmalı idilər. Niyə indi öz mövqelərini bildirmir, Ermənistanı tənqid etmirlər.
Əksinə, Ermənistanın xarici işlər naziri yenidən Lavrovun – öz qohumunun yanına qaçıb ki, görək Moskva nə deyir? Burada bizim bir məqsədimiz var – Azərbaycanın torpaqlarını işğaldan azad etmək. Daha dünya nə deyəcək, beynəlxalq güclər nə deyəcək məsələsinə baxmaq lazım deyil. Prezident də dedi ki, artıq nə status-kvo , nə də təmas xətti yoxdur, bunlar dağılıb. Orada sonradan hansı siyasi qərarların qəbul ediləcəyi sonrakı məsələdir. Biz dövlət olaraq öz torpaqlarımızı geri qaytarmalıyıq, bizim dediyimiz qəbul olunmalıdır. Dövlət başçısının arxasında da bütün millət, xalq dayanıb. Ona görə də, bizdə heç bir problem ola bilməz.
- Xalq demişkən, Azərbaycan Böyük Vətən müharibəsində ikən cəmiyyətin hazırkı ruhunu, duruşunu necə qiymətləndirirsiniz?
- Cəmiyyətdə çox yüksək əhval-ruhiyyə var. Son illərdə mən bu dərəcədə ruh yüksəkliyi və milli birlik görməmişdim. İstər siyasi rəqiblər, istər siyasi partiyalar, istərsə də cəmiyyət- hamı eyni mövqedədir ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad etməlidir. Hamı cənab prezident, Ali Baş Komandanın ətrafında sıx birləşməlidir, ona yardımçı olmalıdır. Bu, hər yerdə müşahidə olunmaqdadır, istər rayonda, istər şəhərdə. Ermənilər müəyyən saytlarında irqi söhbətləri qabardırlar, guya qeyri-türk olan azərbaycanlılar müharibəyə getmirlər. Bu yalan söhbətdir. Mən sentyabrın 27-dən sonra savaş gedən rayonların hamısında olmuşam. İstər ləzgilər, istər tatlar, istər yəhudilər, istərsə də digər millətlərin nümayəndələri - hamı bir nəfər kimi Qarabağ üçün vuruşmağa hazırdır. Son vaxtlar vətən müharibəsində müəyyən uğurlar, qələbələr qazanıldı. Yəqin ki, növbəti günlərdə yeni qələbələrin şahidi olacağıq. Mən hesab edirəm ki, müharibənin artıq ən çətin mərhələsi geridə qalıb. Çünki düşmən artıq qaçmağa başlayıb, texnikanı qoyub qaçırlar, Ermənistan vətəndaşları orduda xidmət etmək istəmirlər. Suriyadan, Livandan , Yunanıstandan gətirilmiş muzdlu insanlar var ki, onlar bunkerlərdə vuruşurlar, çalışırlar ki, aldıqları vəsaitin əvəzini verə bilsinlər.
Azərbaycan ordusu ilə bağlı çoxlu qarayaxmalar var ki, onların heç biri qəbul olunan deyil. Azərbaycanın son vaxtlar apardığı siyasət çox yüksək səviyyədə tətbiq olundu. Bu siyasət bütün dünyaya çatdrıldı. Ali Baş Komandanın xarici kanallara verdiyi müsahibədə dövlət başçısı açıq-aydın öz mövqeyini bildirdi. O cümlədən, yaxşı bir misal da gətirdi ki, müharibənin ən yaxşı cəhəti bizə dostumuzu və düşmənimizi tanıtmasıdır. Doğrudan da belə oldu, Azərbaycanı müdafiə edən dövlətlər üzə çıxdı, Azərbaycanın əleyhinə olan dövlətlər də bu müharibədə bilindi. Ruh yüksəkliyi çox böyükdür.
- Hansı mərhələdən sonra, sizdə müharibənin nəticəsi ilə bağlı əminlik yarandı?
- Mən hesab edirəm ki, bu müharibənin əsas dönüş nöqtəsi Suqovuşan oldu. Suqovuşanı aldıq, orada ermənilərin çox ciddi istehkamları, yeraltı tunelləri, böyük anbarları və ehtiyatları var idi. Suqovuşanı aldıqdan sonra erməni ordusu müharibəni uduzduğunu başa düşdü. Əslində, erməni ordusu da demək olmaz, heç orada ordu da yoxdur. Qonşu dövlətlərin münasibəti, İran prezidentinin “Azərbaycan dostumuz, Ermənistan isə qonşumuzdur” deməsi onu göstərdi ki, Vətən Müharibəsi Azərbaycanın xeyrinə qurtaracaq.
- Sizcə, müharibə tam olaraq Dağlıq Qarabağ probleminin köklü həlli ilə yekunlaşacaqmı?
- Mən diqqət edirəm, müəyyən danışıqlar prosesi gedir. Cenevrədə bu cür danışıqlar oldu, daha sonra Moskvada oldu. Xarici işlər nazirləri görüşdü. Bu müharibədə atəşkəsin elan olunması üçün Azərbaycan bütün torpaqlarını azad etməlidir. Ondan sonra hansısa müqavilədən söhbət gedə bilər. Bu müqavilə təkcə ATƏT-in Minsk qrupunun və Rusiyanın iştirakı ilə deyil, həm də Türkiyənin iştirakı ilə baş tutmalıdır. Ermənistana vaxt vermək olmaz, nəfəs almasına imkan yaratmaq olmaz, onlar bunu texnika və xaricdən muzdlu döyüşçülərin gətirilməsi üçün istifadə edəcəklər. Bütün torpaqlarımızdan çıxsınlar, biz sərhədlərimizi qoyaq, ondan sonra digər məsələlər öz həllini tapacaq.
- Vahid müəllim, hər zaman terrorçuluqla mübarizədən danışan dövlətlər indi Ermənistanın Cənubi Qafqazı terror yuvasına çevirməsinə göz yumurlar. Bunun səbəbi nədir?
- Biz bu dövlətlərin iç üzünü onsuz da bilirdik. Türkiyənin dostluğu da məlum idi. Qardaş ölkənin istər prezidenti, istər xarici işlər naziri açıq-aşkar Azərbaycanı müdafiə etdilər və bu gün də müdafiə edirlər. Qeyd edirlər ki, Azərbaycan öz torpaqlarını son qarışına qədər azad etməlidir. Pakistan, Əfqanıstan, Macarıstan və digər dövlətlər də dəstək verdilər. Fransa kimi dövlətlər isə Azərbaycanı masa arxasında oturmağa vadar etmək istəyirlər. Ancaq cənab prezident şərtləri deyib. Hamımız eyni fikirdəyik ki, Ermənistanla atəşkəsə getmək olmaz. Azərbaycan ordusu qalib ordudur. Torpaqlarımızı axıra qədər azad etdikdən sonra bu məsələlərə qayıtmaq olar.
- Sizcə müharibədən sonra, Dağlıq Qarabağın statusu və orada birgəyaşayış məsələsi necə olacaq?
- Hələ birinci baxmalıyıq ki, ermənilərdən orada qalan olacaqmı. Bəlkə ermənilər tamamilə köçüb getdilər və Qarabağ da adi rayonlar, şəhərlər kimi Azərbaycanın tərkibinə qatıldı. Lakin ermənilərə heç zaman inanmaq olmaz. Hərbçilərimizin əsir tutduğu erməni qadına burada mətbuat konfransı keçirildi. Orada dedi ki, mağazada işləyirmiş və ermənilər onu atıb gediblər. Halbuki sonradan məlum oldu ki, o, hərbidə tibb bacısı işləyirmiş.
- Ermənistan sanki Azərbaycanı təhrik edir ki, müharibə Dağlıq Qarabağdan kənara çıxsın və biz də Ermənistan ərazilərini bombalayaq? Bununla bağlı daxildən çağırışlar da var. Nəticəsi necə ola bilər?
- Ermənistan müharibənin əhatə dairəsini genişləndirmək istəyir. İstəyirlər ki, onlar bizim ərazilərimizə raket atdığı kimi, biz də Ermənistanın ərazisinə ataq, daha sonra burada müharibə böyüsün. Rusiya , Türkiyə və digər dövlətlər də bu müharibəyə qarışsınlar, burada böyük bir həngamə yaratsınlar. Bu mümkün olan məsələ deyil. Müharibə Azərbaycanın üstünlüyü ilə gedir. Yəqin ki, yaxın zamanda azad olunmuş ərazilərdə dövlət başçısı tərəfindən bayraqlar sancılacaq. Ona görə də, erməni təxribatlarına uymaq lazım deyil. Dünya ictimaiyyəti guya heç nə olmamış kimi davranır. Beynəlxalq təşkilatlar da susur. Hətta İnsan Hüquqları Məhkəməsi dünən insan hüquqlarının qorunması ilə bağlı bəyanat verdi. Bəs 30 ildir harada idilər, məgər xəbərləri yox idimi baş verənlərdən? Bunlar boş şeylərdir. İnanıram ki, ordumuz qalib ordu olacaq və Azərbaycan prezidenti bayraqları Şuşaya , Xankəndinə sancacaq.
- Dağlıq Qarabağın azad olunması iqtisadi baxımdan Azərbaycan üçün nə deməkdir?
- Çox böyük əhəmiyyəti var. Diqqət edirsinizsə, bir neçə gündür Suqovuşanın azad olunması ilə bağlı rayonların su ilə təminatında necə irəliləyiş oldu, problemlər aradan qalxdı. Bu, həm də həmin bölgələrdə kənd təsərrüfatının inkişafı deməkdir. Bu rayonlar turizm baxımından kifayət qədər əhəmiyyətlidir. Mənzərəsi gözəl, dağ-meşə, çayları var. Azərbaycan dövlətinin kifayət qədər valyuta ehtiyatı var, bu rayonların infrastrukturunu tikib düzəldəcək. Bunun Azərbaycan iqtisadiyyatına böyük təsiri olacaq.
- Bəs, dəymiş iqtisadi ziyan?
- Bildiyiniz kimi, baş prokurorun rəhbərliyi altında xüsusi istintaq qrupu yaradılıb. O vurulan şəhərlər və rayonlarla bağlı araşdırmalar aparılır, cinayət işləri qaldırılır, istintaq aparılır. Bizə dəyən ziyanın hamısı araşdırılır və gələcəkdə bununla bağlı beynəlxalq məhkəmə çəkişmələri olacaq. 30 ildə bizə nə qədər ziyan dəyibsə bunlar hamısı beynəlxalq məhkəmədə araşdırılmalıdır.