Vaşinqtondan Azərbaycanla bağlı təhlükəli proqnoz
“Rusiya separatizmi dəstəkləməklə qonşu ölkələrin ərazisində anklav bölgələrin yaradılmasına nail olur. Bu gün regionda Moskva tərəfindən dəstəklənən dondurulmuş münaqişələr var. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna bundan əziyyət çəkir. Lakin hazırda Azərbaycan üçün ikinci konfliktin yaranması təhlükəsi var”
"Xeberinfo.com": Məlumata görə, bu barədə ABŞ-ın “The Hill” nəşrinin araşdırmasında iddia olunur.
Vaşinqtonda Con Hopkins adına Beynəlxalq Tədqiqatlar Universitetinin mütəxəssisi, Sovet problemləri üzrə müstəqil analitik Josua Noonanın qələmə aldığı məqalədə Rusiyanın sakit formada hərəkətə keçdiyini iddia edir: “Rusiya Cənubi Osetiya və Abxaziyada, eləcə də Krım anklavında, Ermənistandakı hərbi bazasında, Sevostopolda yerləşən Qara dəniz hərbi donanmasında sakit formada hərbi gücünü möhkəmləndirir. Beləliklə, dondurulmuş münaqişələr qızışır, ayrılmaq istəyən separatçılar aktivləşir. Moskva həmişə separatçılara silah və digər dəstəklə yardımçı olub. Bu baxımdan, bir sıra ölkələr təqib olunur. Əgər onlar Moskvanın əleyhinə addım atırsa, o zaman dondurulmuş münaqişə yenidən qızışır”.
“The Hill” Dağlıq Qarabağ münaqişəsini region üçün ilk təcrübə adlandırıb.
“1980-ci illərin sonlarında Ermənistan və Azərbaycan arasında münaqişə başladı. Ermənistan Azərbaycanın cənub-qərb torpaqlarına iddia edirdi. Halbuki Qarabağın Azərbaycan torpaqları olması danılmaz faktdır. Sadəcə olaraq, bu regionda yaşayan etnik ermənilər vasitəsilə anormal vəziyyət yaradıldı. Ermənilərin bölgəyə gəlişi və demoqrafik vəziyyətin dəyişməsi də Moskvanın məhsulu idi. Hələ XIX əsrin sonunda çar Rusiyası bura erməniləri köçürməklə demoqrafik mənzərəni dəyişmişdi.
Məhz vaxtilə köçürülən ermənilərin hesabına bölgədə separatizm qızışdırıldı və işğal olundu. 1994-cü ildə burada qondarma rejim yaradıldı və birbaşa Ermənistan tərəfindən idarə olunur. 1990-cı illərdə eyni mənzərə Moldovada yaşandı. Dnestryanı ərazilərdə separatçılar qızışdırıldı və Moskvanın dəstəyi ilə bura dondurulmuş münaqişə regionuna çevrildi. 2008-ci ildə Gürcüstan avqust müharibəsi ilə qarşılaşdı. Tiflis Avropa Birliyi və NATO-ya qoşulmaq niyyətini elan edəndə Rusiyanın dəstəyi ilə Cənubi Osetiya və Abxaziya münaqişəsi peyda oldu, burda anklav bölgə yaradıldı. 2014-cü ilin baharında Krımın ilhaqı ilə Ukraynada daha bir dondurulmuş münaqişə yarandı. Bu Kiyevdə nümayişçilərin Avropa Birliyi yolunu seçərək Yanukoviçi hakimiyyətdən devirəndən sonra baş verdi. Bu gün Ukraynanın Şərqində separatçıların hərəkətləri növbəti dondurulmuş münaqişənin “müjdəsini” verir”- nəşr belə qeyd edir.
Nəşrin iddiasına görə, Azərbaycanda da ikinci dondurulmuş münaqişə təhlükəsi var. İddialar Rusiyanın Azərbaycanda etnik separatizmə dəstək verməsi haqdadır: “Azərbaycanda etnik, yaxud dini azlıqların problemi yoxdur. Bu ölkə tolerantlığı ilə dünyaya nümunədir. Lakin hər zaman separatçılığa meyilli olan şəxslər peyda olur və onlar vasitəsilə çox gözəl görünən mənzərələrə xələl gətirilir. Misal üçün, ölkənin cənub-şərqində yaşayan talışlar ruslar üçün potensial separatizm ocağı ola bilər. Halbuki, talışlar əsrlərdən bu ölkənin azad vətəndaşı kimi yaşayır və onlar mərkəzi hökumətə qarşı getmirlər. Sadəcə olaraq, onların da arasından kimlərsə çıxır. Hansı ki, bu 1993-cü ildə baş vermişdi və qısamüddətli münaqişə yaşanmışdı. Hazırda eyni ssenarilər işə düşə bilər. Geosiyasətlə məşğul olan alimlər də Rusiyanın Cənubi Qafqazın əsas dövlətində etnik separatizmi qızışdıracağına və yeni anklav yaradacağına dair ehtimalları dəstəkləyir”.
Nəşr yazır ki, ikinci dondurulmuş münaqişə Moskvaya Azərbaycan üzərində nəzarəti gücləndirməyə kömək edə bilər: “Neft-qaz potensialından düzgün istifadə edən hakimiyyət Azərbaycanı regionda güclü dövlətə çevirib. Moskva bu ölkəyə iqtisadi təzyiq edə bilmir. Halbuki, regionun başqa ölkələrinə qarşı Rusiya iqtisadi rıçaqlarını işə salır. Misal üçün, qazı kəsməklə hədələyir. Azərbaycan qazını Avropa bazarına çıxarmaqda israrlıdır və bunun üçün Avropanın xilası hesab olunacaq layihə irəli sürdü. Bu layihəyə görə, Azərbaycanın mavi yanacağı 2019-cu ildə Avropaya çıxarılacaq. Bakı Qərb və Rusiya arasında ağıllı manevrlər edir və balans siyasətini qoruyur. Lakin görünür bu balans siyasəti Rusiyaya xeyir etmir. Xüsusilə, Bakını Gürcüstan və Türkiyə ilə sıx əməkdaşlığı, həmçinin güclü strateji düşüncə ilə Avropaya yol tapmasıKremlin geostrateji maraqlarına ziddir. Halbuki Azərbaycan müstəqil siyasətinə sadiq olduğu üçün bu addımları atır və heç kimə qarşı olmadığını bəyan edir. Lakin Moskvada belə düşünmürlər və onlar üçün daha az müstəqil addım ata bilən Azərbaycan sərfəlidir.
Bu kontekstdə Rusiya Strateji Tədqiqatlar İnstitutunun bu yaxınlarda Talış xanlığının mövcudluğu ideyasının gündəmə gətirməsi diqqət çəkir. Separatçılığın dəstəklənməsi fəaliyyətinin böyük qismi Rusiyanın müttəfiqi, Azərbaycanın düşməni olan Ermənistan tərəfindən həyata keçirilir. Hazırda İrəvan Dövlət Universitetində Talış Tədqiqatları Proqramı var. Proqrama əsasən konfranslarda talışların problemi qaldırılır, talış dövləti ideyası gündəmə gətirilir. Ötən həftə Moskvada yaşayan talış separatçısı Fəxrəddin Aboszodənin Rusiya mediasına müsahibəsi də bu cəhdlərdən xəbər verir. Aboszodə Strateji Tədqiqatlar İnstitutunun dəstəklədiyi və gündəmə gətirdiyi Talış xanlığı haqda eyni arqumentlərlə çıxış etdi. Ola bilsin ki, bu şəxs öz cəfəng ideyalarını sırıyır. Amma ümumi proseslər onun Kremlin siqnalı ilə hərəkət etdiyini göstərir”.
Vacib qeyd: Vaxtilə Rusiyanın ssenarisi əsasında gündəmə gələn Milli Şuranın sədri Cəmil Həsənli bu günlərdə Talış xanlığının Azərbaycan tarix dərsliyinə salınması məsələsini gündəmə gətirdi. ABŞ nəşrinin iddiaları fonunda tarixçi-siyasətçi Cəmil Həsənlinin bu fikirləri diqqət çəkir.
“The Hill” daha sonra Moskvanın Azərbaycanda etnik separatizmi qızışdırmaqda məqsədlərini araşdırır.
“Əsas məqsəd Qərb və Rusiya arasında balanslı siyasətin təzahürü olan müstəqil siyasətin qarşını almaqdır. Bununla ölkənin stabil inkişafına zərbə vurula və regionda dünyanın ümumi maraqları təhlükə yarana bilər” - deyə məqalədə vurğulanır. (publika.az)