“Qarabağ münaqişəsinin alovlanması təhlükəsi var”
Postsovet məkanında mövcud olan “dondurulmuş” münaqişələr Rusiya sərhədləri yaxınlığında silahlı toqquşmaların meydana çıxması riski yaradır.
"Xeberinfo.com": Məlumata görə, bu barədə Moskvada keçirilən təhlükəsizlik konfransında çıxışı zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib.
V.Gerasimovun dediyinə görə, bu münaqişələr Rusiyanın təhlükəsizliyini təhdid edir. Üstəlik general münaqişələrin Qərb tərəfindən qızışdırıla biləcəyinə eyham vurub.
Sitat: “SSRİ-nin parçalanmasından sonra 20 ildən artıqdır ki, Moldovanın Dnestryanı bölgə ilə, Gürcüstanın Cənubi Osetiya və Abxaziya ilə münaqişəsi, habelə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağın statusuna görə münaqişə öz həllini tapmayıb. Rusiya Federasiyasının ABŞ və Avropa ilə münasibətlərinin kəskinləşməsi fonunda bu münaqişələr sərhədlərimizin yaxınlığında silahlı toqquşmaların meydana çıxması riski yaradır”.
General Gerasimov bildirib ki, hazırda Gürcüstan hakimiyyəti Abxaziya və Cənubi Osetiyanın güc yolu ilə respublikanın tərkibinə geri qaytarılması niyyətinin olmadığını bildirir. Ancaq Rusiyanın bu respublikaları tanıması və onlarla əlaqələr yaratması rəsmi Tiflis tərəfindən “ilhaq” kimi qəbul edilir.
V.Gerasimov qeyd edib ki, son vaxtlar Moldova Ukraynanın yeni hakimiyyətinin dəstəyi ilə Dnestryanı bölgədən rus sülhməramlılarının çıxarılmasında tez-tez israr edir, bu tanınmamış “respublikanı” iqtisadi blokadaya almaq səylərini dayandırmır.
Moskvada bu gün işə başlayan beynəlxalq təhlükəsizlik konfransı sayca dördüncüdür. Orada Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu da çıxış ediblər.
Nazirlərin çıxışlarında əsas diqqət NATO ilə Rusiya arasında gərginləşən münasibətlərə həsr edilib. Şoyqu deyib ki, NATO durmadan yeni geosiyasi məkan zəbt etməyə çalışır və Şərqi Avropadakı hərbi potensialını ardıcıl olaraq gücləndirir, Rusiya sərhədlərinə doğru yaxınlaşır.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxışında prezident Vladimir Putinin konfrans iştirakçılarına göndərdiyi məktubu oxuyub.
V.Putin məktubunda Yaxın Şərqdə yaranan “İslam Dövləti”nin qlobal terror təhlükəsi xarakteri aldığını qeyd edib: “Suveren dövlətlərin daxili işlərinə müdaxilə, müxtəlif rəngli inqilablar ssenarisinin həyata keçirilməsi bu məkanda zorakılıq və xaosun genişlənməsinə gətirib çıxarır. “İslam Dövləti” kimi fenomenin ortaya çıxması terror təhlükəsinin artıq qlobal xarakter aldığını və planetin daha sabit regionlarını bu barədə düşünməyə vadar edir”.
Konfransda Ermənistan müdafiə naziri Seyran Ohanyan da iştirak edir.
Azərbaycanı konfransda müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edir.
Konfrans 79 ölkənin müdafiə nazirləri və hərbi heyətləri dəvət olunublar.
Virtualaz.org