Yenixeber.org: Rusiyalı müxalifətçi və bloger Aleksey Navalnı koma vəziyyətində xəstəxananın reanimasiya şöbəsində müalicə olunur. O, süni tənəffüs aparatına qoşulub.
Müxalifətçinin səhhətinin ağırlaşması barədə bu gün səhər ilk olaraq onun mətbuat katibi Kira Yarmış “Twitter”də məlumat verib. K.Yarmış Tomsk şəhərindən Moskvaya qayıdarkən təyyarədə Navalnının halının pisləşdiyini və təyyarənin Omsk şəhərinə təcili eniş etdiyini yazıb: “Alekseydə toksik zəhərlənmə var. Biz indi təcili yardım maşını ilə xəstəxanaya gedirik”.
Bir az sonra K.Yarmış yazıb ki, Alekseyin çayına atılmış hansısa maddə ilə zəhərləndiyini güman edir: “Bu, onun səhərdən bəri içdiyi yeganə maye idi. Həkimlər deyir ki, toksin isti maye ilə tez müddətdə qana keçib. İndi Aleksey huşsuz vəziyyətdə reanimasiyadadır”.
K.Yarmışın sözlərinə görə, təyyarə havaya qalxdıqdan sonra Navalnı özünü pis hiss etdiyini deyib və ondan salfet istəyib: “O, tərləmişdi. Xahiş etdi ki, onunla söhbət edim, çünki səsinin vəziyyətini yoxlamaq istəyirdi. Tualetə getdi və huşunu itirdi”.
Omsk vilayəti Səhiyyə Nazirliyindən bildirilib ki, həkimlər A.Navalnının durumunu ağır qiymətləndirirlər:
“Onun vəziyyəti ağırdır. Diaqnozu müəyyənləşdirmək və nə baş verdiyini aydınlaşdırmaq üçün bütün sahələr üzrə mütəxəssislər işləyir. Bütün analizlər götürülüb, bütün müayinələr aparılıb”.
Omsk 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko hazırda simptomatik müalicə apardıqlarını söyləyib: “İstisna edilən və təsdiq prosesində olan diaqnozlar var. Konsiliumlar keçirilir. Gün ərzində dəqiq diaqnoz qoyulacaq. Zəhərlənmə versiyalardan biridir. Lakin digər kəskin reskiyalar da ola bilər. Tədqiqatlar aparılır”.
Bir qədər sonra ilkin diaqnoz kimi A.Navalnıda “müəyyən olunmamış psixodisleptik vasitəsilə kəskin zəhərlənmə” baş verdiyi bildirilib.
Xəstəxana güc strukturları tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, Aleksey Navalnı Rusiyanın sistem xarici müxalifətinin ən parlaq simasıdır. O, tez-tez yüksək vəzifəli şəxslərin korrupsiya əməllərini üzə çıxarmaq üçün araşdırmalar aparır. Onun ifşaedici təhqiqatlarını “YouTube”da milyonlarla insan izləyir. Navalnı seçkilərdə tətbiq etmək üçün “ağıllı səsvermə” metodunu işləyib hazırlayıb. Metodun mahiyyəti bundan ibarətdir ki, partiya mənsubiyyətindən asılı olmayaraq, seçki dairəsində ən şanslı müxalifətçi və ya müstəqil mövqeli namizəd kimdirsə, hakimiyyətdən narazı seçicilər həmin namizədə səs versinlər. Bu metod Moskva şəhər Dumasına ötən il keçirilmiş seçkilərdə qismən nəticə verib və hakim partiya “Yedinaya Rossiya”nın namizədləri bir çox seçki dairəsində məğlub olub. Bu il bəzi regionlarda yerli hakimiyyət orqanlarına, gələn il isə Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək. Həmin seçkilərdə də Navalnı “ağıllı səsvermə” metodundan yararlanmağı təklif edib. O, artıq regionlarda görüşlərə başlamışdı və Sibir regionuna səfərə getmişdi…
Sosial şəbəkələrdə rusiyalı müxalifətçilər A.Navalnının başına gələnləri sui-qəsd kimi qiymətləndirirlər. Hakimiyyət tərəfdarları isə onun narkoman olduğunu iddia edirlər.(pressklub)