Elxan Şahinoğlu: “İstisna deyil ki, Navalnıya bu işdə daxildə və xaricdə yardım edənlər var”
Yenixeber.org: Rusiya müxalifətinin lideri Aleksey Navalnı keçmiş baş nazir, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevdən əl çəkmir.
Rusiyalı siyasətçi özünün youtube hesabında Dmitri Medvedev haqqında daha bir ifşaedici material yayıb. A.Navalnı Volqa çayının ağzındakı bir adanın keçmiş baş nazirə məxsus olduğunu iddia edib.
Onun sözlərinə görə, bütöv bir malikanə və balıqçılıq kompleksinin yerləşdiyi bu obyekt D.Medevedevə özbək əsilli milyarder Əlişir Usmanov tərəfindən rüşvət olaraq bağışlanıb.
Aleksey Navalnı bu iddialarını kanalında göstərdiyi videoçarxda açıqlayıb. Qeyd olunur ki, əsas araşdırma “Proyekt” Jurnalistlər Birliyi tərəfindən aparılıb. A.Navalnı isə onların əldə etdiyi informasiya və görüntülərə, həmçinin özünün “Korrupsiya ilə mübarizə fondu”nun materiallarına istinad edib.
Hər bir halda növbəti araşdırma Dmitri Medvedev üçün ciddi zərbə sayıla bilər. Xatırladaq ki, 2 il bundan öncə Aleksey Navalnının keçmiş baş nazir haqqında youtube kanalındakı hesabında hazırladığı “O sizin üçün Dimon deyil” adlı araşdırma süjeti böyük hay-küy doğurmuşdu.
Siyasi ekspertlər Dmitri Medvedevin baş nazir postundan getməsində həmin faktorun ciddi rol oynadığını qeyd edirlər.
Bəs Navalnını Medvedevin üstünə kim salıb? Rusiya müxalifətinin lideri nədən Medvedevi hədəf alıb? Niyə onun mal-mülkünü vaxtaşırı "tapır"? Burda üçüncü qüvvənin əli və rolu ola bilərmi?
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Aleksandr Navalnı Rusiyada korrupsiya ilə mübarizənin baş qəhrəmanı sayılır. Bunun bir neçə səbəbi var. Birincisi, Navalnı prezident Vladimir Putin və onun hakimiyyətinə müxalifətdə olan əsas simalardan biridir. Ona inananlar çoxdur: “Misal üçün Navalnı Moskva meri seçkilərində ikinci yeri tutmuşdu. Rusiyanın böyük şəhərləri olan Moskva və Sankt-Peterburqda ona dəstək böyükdür. İkincisi, Navalnı korrupsionerləri çox peşəkar səviyyədə ifşa edir. Misal üçün Navalnı Putinin ruporu sayılan “Sputnik” agentliyinin və xarici ölkələrə yayımlanan “Russia Today” televiziyasının erməni rəhbəri Marqarita Simonyanı və onun həyat yoldaşı Keosayanı faktlarla elə ifşa etdi ki, çoxlarının şübhəsi qalmadı. Navalnı internetin imkanlarından peşəkar səviyyədə istifadə edir, ifşa faktlarını görüntülərlə modelləşdirir. Sən demə erməni cütlük dövlətin pulunu və malını çapıb talayırdılar.
Navalnı qısa müddətdə onlarla şəxs haqqında ifşaedici materallar yayınlayıb. Onun növbəti hədəfinin Dmitri Medvedev olması təsadüfi deyil. Medvedev Rusiyanın prezidenti və baş naziri olub, Putinin sağ əli sayılır. Navalnı Putinə bağlı bütün şəxslər barədə məlumatlar toplayır. İstisna deyil ki, Navalnıya bu işdə daxildə və xaricdə yardım edənlər var. Çünki Navalnı təkşabına ifşaedici faktları aşkar etməkdə çətinlik çəkərdi. Rusiyanın hakimiyyət nümayəndələri özlərini təmiz göstərməyə çalışırlar. Ancaq dərinliyə getdikdə Rusiyanın yuxarı eşelonlarında korrupsiyanın miqyasının böyük olduğu aşkarlanır. Rəsmilərin və generalların Moskva ətrafındakı vilallarının qiymətləri on milyonlarla dollardır”.
Ekspert hesab edir ki, Navalnının Medvedvə və digər yüksək vəzifəli şəxslərə qarşı bu fəaliyyəti davam edəcək.(musavat)
Etibar Seyidağa