Qardaşdan bacısına qarşıŞOK ƏMƏL - Tərtərdə
Tərtər rayonunda qısqanclıq zəminində bacısının öldürməyə cəhd etməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Taleh Alızadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Yenixeber.org: Taleh Alızadənin bacısı Cəmilə Tərtər rayonunun Evoğlu kəndində yaşayan Şahin Quliyev ilə rəsmi nikahda olub. Onunla birlikdə yaşayıb.
Cəmilə Şahin Quliyevlə yaşasa da, qonşu kəndə yaşayan Şamil Süleymanlı ilə münasibət saxlayıb. Onunla gəzməklə, ərinə xəyanət edib.
Xəyanət və qısqanclıq
Cəmilə istifadəsində olan mobil telefonla mütəmadi olaraq tanışı Şamil Süleymanlı ilə danışıb. Taleh Alızadə bacısının Şamil Süleymanovla danışmasını bilib və onun həyat yoldaşına xəyanət etməsindən şübhələnib.
Taleh Alızadə bacısının onların ailəsinin namusuna xələl gətirməsini və camaat arasında qınaq ediləcəklərini düşünüb. Bu məqsədlə o, qısqanclıq zəminində qisas almaq niyyəti ilə bacısını qəsdən öldürmək qərarına gəlib.
Bacısı evinə qonaq gələn qardaş
Bu məqsədlə Taleh Alızadə 14 iyul 2016-cı il tarixdə, saat 12.30-da Cəmilənin yaşadığı Tərtər rayonunun Evoğlu kəndində yerləşən evinə gəlib. O, evin mətbəxində olan bıçağı götürərək köynəyinin altında gizlədib.
Bundan sonra Taleh Alızadə bacısını söhbət etmək adı ilə evin yataq otağına aparıb. Cəmilə yataq otağına keçən kimi ailə üzvlərinin içəriyə keçib onun hərəkətlərinə müdaxilə etmələrinin qarşısını almaq məqsədilə otaqda olan güzgülü tumbanı giriş qapısının arxa hissəsinə itələyib, qapını arxadan bağlayıb.
Yataq otağında bacısının boğazını kəsdi
Daha sonra Taleh Alızadə köynəyinin altında gizlətdiyi bıçağı çıxararaq qəsdən öldürmək məqsədilə Cəmilənin boğaz nahiyəsinə bir dəfə bıçaqla zərbə vurub.
Taleh Alızadə bacısının boyunun ön səthinin kəsilmiş-deşilmiş yarası, qırtlağın və qida borusunun daxilə keçən deşilmiş yaraları xarakterli sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirib.
Qayınatası və əri xilas etdi
Bundan sonra bıçaqla Cəmiləyə bir daha zərbə vurmaq istəyib. Həmin vaxt qışqırıq səsini eşidən Cəmilənin qayınatası Eldəniz yataq otağa girib.
Eldəniz Quliyev onu itələyərək əlindəki bıçağı alıb və kənara atıb, həmçinin xəsarət almış Cəmilə əri Şahin Quliyev tərəfindən dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada həkimlərin vaxtında tibbi müdaxiləsi nəticəsində Cəmilənin həyatı xilas edilib.
Bacım namusumuzu ləkələyib
İstintaq orqanı tərəfindən Taleh Alızadəyə Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub. Onun barəsində toplanan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Birinci instansiya məhkəməsinin hökmü
Təqsirləndirilən şəxs qismində ifadə verən Taleh Alızadə bildirib ki, bacısı onun namusunu ləkələdiyi üçün onu öldümək qərarına gəlib: "Bu məqsədlə bacımı bıçaqla vurdum. Bacımın boğazından bir dəfə vurdum. Düşdüm ki, artıq bacım ölər, ona görə də ona əlavə zərbələr vurmadım".
Cinayət işini araşdıran hakim heyəti daha sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Taleh Alızadə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Taleh Alızadənin vəkilləri apelyasiya şikayəti verib. Vəkillər müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini istəyiblər. Vəkillər müvəkkilinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmasını tələb ediblər.
Cəza dəyişdirildi: 3 il
Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Taleh Alızadənin barəsində təyin edilmiş hökm dəyişdirilib. Məhkəmənin qərarı ilə Taleh Alızadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə Taleh Alızadənin cəzası 3 ilə qədər endirilib.
Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror protestində Gəncə Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyasına göndərilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkilləri də kasasiya şikayəti verib. Vəkillər şikayətində prokurorun protestinin təmin edilməməsini istəyiblər. Onlar müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasını istəyiblər.
Hökmün ləğvi: İş yenidən araşdırılacaq
Tərəflərin şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə qərar açıqlanıb.
Qərara görə, təqsirləndirilən şəxsin vəkillərinin kasasiya şikayətləri təmin olunmayıb. Məhkəmə prokurorun protestini təmin edib.
Gəncə Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar verilib.
Bu səbəbdən cinayət işinin materialları araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılıb. Yaxın günlərdə bu iş üzrə apelyasiya instansiyasında yenidən araşdırma başlanacaq.