Prezidentin tapşırığı: Ləmbəranskinin kəndinə...- Foto
Prezident İlham Əliyevin tapşırığına əsasən, Bərdənin qazlaşdırılması prosesi başa çatmaq üzrədir
Yenixeber.org: Açılış mərasimini millət vəkili Zahid Orucun etdiyi Ləmbəran kəndində 933 ailə qazla təmin olunub.
Tədbirdə SOCAR prezidenti, millət vəkili Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və digər müvafiq qurumların rəhbər nümayəndələri, həmçinin yüzlərlə kənd sakini iştirak edib.
SOCAR prezidenti Rövnəq Abdullayev çıxışında regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində əksər ərazilərdə bu il də büdcədən ayrılan vəsaitlər çəriçivəsində qazladırılma işinin başa çatdırılması yönündə atılacaq addımların daha sistemli xarakter daşıyacağını bildirib.
Tədbirin əhəmiyyətini xüsusilə qeyd edən millət vəkili Zahid Oruc bildirib ki, Bərdənin qazlaşdırılması prosesi başa çatarkən rayon mərkəzindən ucqar ərazidə yerləşən Lənbəran kəndinin də isti ocaq probleminin öz həllini tapması mühüm hadisədir:
“Qarabağ bölgəsi məlum işğal hadisələrindən sonra Azərbaycanın hər zaman diqqət və qayğısı altında olub. Bunun da özünəməxsus səbəbləri var. Bu ərazi bütövlükdə döyüş bölgəsi, səngər və istehkam anlamını daşıyır. Orada yaşayan hər bir insan Qarabağ uğrunda savaşın bir hissəsidir. O üzdən həmin məkanda görülən tədbirlər hərbi əhəmiyyətli sayıla bilər. Ən önəmlisi isə Ləmbəran - Azərbaycanın tarixində və Bakının quruculuğunda paytaxtın simvolları olan mühüm obyektlərin tikintisində böyük əməyi olan və tarixə qurucu bir insan kimi düşmüş Əliş Ləmbəranskinin doğulduğu kənddir. Orada həyata keçirilən tədbirlər həm də bu mənada o insanın ruhu qarşısında görülən işlər sayıla bilər. Bildiyiniz kimi dövlət rəhbəri məhz Lənbəranskinin yubiley mərsaiminin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı xüsusi sərəncam imzalayıb. Cənab prezident hər zaman dəfələrlə səfər etdiyi Bərdədə bütün bu infrastruktur problemlərinin həllini tapması ilə bağlı ən yüksək səviyyədə tapşırıq və göstərişlərini verib”.
Millət vəkili vurğulayıb ki, isti ocaq, eyni zamanda, Bakıya axının qarşısının alınması deməkdir:
“Bölgələrdə aqrar sektorda həyata keçirilən müxtəlif tədbirlər, baramaçılıq, pambıqçılıq və digər müxtəlif sahələrdə görülən işlər bu tədbirlərlə möhkəmləndirilməlidir. Hər zaman yalnız bir əqidəyə xidmət etməyə çalışmışıq ki, ölkəmizin hazırkı həyatına, onun quruculuğuna yüksək töhfələr verən Bərdə camaatı qarşısında bu məsələlər yerinə yetirilsin. Çünki mahiyyət etibarilə bu, ölkənin siyasi, təhülkəsizlik və milli həyatının ayrılmaz bir hissəsidir. Qarşıda Bərdənin cəmi 2 kiçik kəndinin də qazlaşdırılması prosesi önəmli məsələlərdəndir. Hansı ki həmin kəndlər başqa icra nümayəndəliklərinə daxildir və sayca cəmi 350 evdən ibarətdir”.