Füzulidə Həmrəylik Günü və Yeni il belə qeyd olundu-FOTOLAR
Yenixeber.org: Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rayon ərazisində, o cümlədən Bakı və Sumqayıtda məskunlaşmış füzulili məcburi köçkünlərlə görüş keçirilmiş, bayram süfrəsi açılmışdır. Görüşlərdə şəhid ailələri, Qarabağ müharibəsi veteranları, imtiyazlı ailələr və ziyalılar iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə rayon sakinlərini təbrik etmiş, bol ruzi-bərəkət və əmin-amanlıq arzulamışdır.
Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan Alı Alıyev Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd etmişdir.
Alı Alıyev bildirmişdir ki, respublikamızda olduğu kimi 2017-ci ilin nəticələri rayonumuzda da ürəkaçan olmuş, bütün sahələrdə inkişaf, tərəqqi, irəliləyiş əldə olunmuş, əhalimizin həyat səviyyəsi yüksəlmişdir.
-“Görülmüş işlər, əldə olunmuş nəticələr füzulilərin Prezident cənab İlham Əliyevin sosial-iqtisadi və siyasi dəst-xəttinə sadiq olduqlarını, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun çalışdıqlarının göstərmişdir.”-deyə Alı Alıyev vurğulamışdır.
Rayonda keçirilən bayram şənliyində şəhid atası Vəliəhd Abdullayev, şəhid anası Şəfiqə Orucova, Qarabağ müharibəsi əlili, Azərbaycan bayrağı ordenli Sevindik İsmayılov çıxış edərək respublikada və Füzuli rayonunda şəhid ailələrinə Qarabağ müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Sonra bayram süfrəsi açılmış, rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı olmuşdur.