İcra Hakimiyyətində insident
""Göynük mafiyası"nın arxasında Abid Şərifov dayanıb"
"Xeberinfo.com": Məlumata görə, bir neçə gün öncə Şəki şəhər İcra Hakimiyyətində insident baş verib. Belə ki, şəhər sakini, II qrup əlil Rəhimə Novruzəliyeva fiziki zorakılığa məruz qalıb.
Bu barədə Arqument.az-a Şəki rayonu, M.Ə.Rəsulzadə prospekti, bina 168, mənzil 21-də yaşayan, ikinci qrup əlil Rəhimə Novruzəliyeva özü məlumat verib.
Onun sözlərinə görə, iyul ayının 10-da icra başçısının qəbuluna gedib, ancaq "sürpriz"lə qarşılaşıb: "İyulun 10-da Şəki İcra Hakimiyyətində polis zorakılığı ilə üzləşdim. Mən rayon sakini olaraq icra başçısı Elxan Usubovun rəsmi qəbuluna getmişdim. Növbəmi gözləyən zaman gözləmə otağına bir dəstə polis gəldi və heç bir izahat vermədən məni (daha bir qadın da var idi. R.N) ta 1-ci mərtəbəyə qədər sürüdülər. Daha sonra zorla polis maşınına oturtdular. Sanki mitinqdəymiş kimi davrandılar. Baxmayaraq ki, mən indiyə qədər heç bir mitinqdə iştirak eləməmişəm, ancaq televiziyada görmüşəm belə şeyləri. Polis dəstəsinin konkret kim tərəfindən çağırıldığını deyə bilmərəm, amma həmin vaxt Elxan Usubovun iki köməkçisi Ziya və Daşqın orada idilər. Anlaşılan bu oldu ki, polisi elə bunlar Elxan Usubovun və ya Həsən Həsənovun əmri ilə çağırıblar. Bəli, bu gün "mənim polisim" məni sürüdü özü də icra başçısının kabinetinin qapısında".
Vətəndaş icra başçısı və müavinini rayonda dözülməz vəziyyət yaratmaqda və qanunları pozmaqda ittiham edib. O, rayonun "Göynük mafiyası" tərəfindən idarə olunduğunu iddia edib: "Əgər rayon sakinlərinin müraciətləri hansısa icra əməkdaşının vasitəsilə "hörmət" əsasında həll olunursa, icra başçısının 1-ci müavini Həsən Həsənovun "xeyir-duası" olmadan heç bir sakinin problemi həllini tapmırsa və ən başlıcası, Şəki "Göynük mafiyası"nın qanunları ilə idarə olunursa, bəs qanunlar nə üçündür? Elxan Usubov bu mafiyanın öhdəsindən gələ bilmirsə, niyə indiyədək o postda oturub? Niyə bu iki şəxs vəzifəsindən uzaqlaşdırılmır? Bunları əvəzedəcək kadrmı yoxdur? Nə vaxta qədər Elxan Usubov və Həsən Həsənov rayon camaatına qənim kəsiləcək? Görünən budur ki, qəbula gələn rayon sakinlərinin haqlı tələbini yerinə yetirə bilməyən icra başçısı çox zəif fiqurdur. "Göynük mafiyası"nın arxasında isə Abid Şərifov dayanıb, onlar baş nazir müavinin həmkəndliləridir. Əgər icra başçısı və müavini qəbula gələn vətəndaşların üstünə polis dəstəsi gətirəcəkdilərsə, niyə qəbul keçirdirdilər? Elxan Usubov prezidenti aldadır, yoxsa rayon sakinlərini? Şəki rayonunu Həsən Həsənova kim satıb?".
R.Novruzəliyevanın sözlərinə görə, icra başçısının birinci müavini Həsən Həsənov onunla düşmənçilik edir: "Mən 2-ci qrup əliləm. 50 manat əlil pensiyası alıram. Bu pulla yaşamaq mümkün deyil. Ona görə də qanuna uyğun olaraq, yaşadığım mənzilin altında yerləşən boş zirzəminin mənə verilməsini istəmişəm. Neçə aydır ki, icra başçısının müavini Həsən Həsənov məni süründürür. Gah deyir ki mümkün deyil, gah da müxtəlif idarələrə yollayır. Hər yerdə isə cavab eynidir: İcra Hakimiyyətinin balansında olan daşınmaz əmlaka İcra Hakimiyyəti rəsmi icazə verməlidir. Onlar da deyirlər ki, İcra Hakimiyyəti rəsmi məktub yazsın, həll edək. Həsən Həsənov isə zirzəmini almağıma əngəl olur, hələ mənə təzyiq də edir".
"2013-cü ildə mənim Prezident İlham Əliyevə şikayətim əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 saylı Şəki rayon Sosial Müdafiə Mərkəzinin rəisi Nəsibov Məmməd vəzifədən çıxarıldı. Həmin müraciət mətbuatda da dərc olunmuşdu. İndi o gün bu gündür ki, Şəkinin yerli məmurları, konkret icra başçısının 1-ci müavini Həsən Həsənov mənə düşmən kəsilib. Mən Prezident cənab İlham Əliyevə müraciət edirəm ki, mənə kömək etsin. Yoxsa Həsən Həsənov və adamları mənə xətər yetirəcək", - deyə vətəndaş ölkə başçısına müraciət edir.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.