Şəkininin iki icra başçısı var?-YENİLƏNİB
Nizami İsmayılov Şəkidə hansı işlərə baxır?
“Xeberinfo.com”: İcra başçılarının yer dəyişərkən sadiq kadrlarını da özləri ilə bərabər aparması ənənəvi hal alıb. Elə Şəki rayon icra hakimiyyətinin icra başçısı Elxan Usubov da həmkarlarından fərqlənmədi. Elxan Usubov Ağstafa rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Şəki rayon icra hakimiyyətinin başçısı təyin edilən zaman Ağsatafadan Şəkiyə tək gəlməyib. Elxan Usubov Nizami İsmayılov adlı şəxsi də özü ilə bərabər Ağsatafadan Şəkiyə gətirib və icra hakimiyyətində şəhər təsərrüfatı şöbəsinə baş məsləhətçi təyin edib.
Onlarla səmərələşdirici və elmi təklifin müəllifi kimi təqdim edilən Elxan Usubovun bu addımını isə səmərəlişdirici saymaq çətindir. Hər halda Şəkidən “xeberinfo.com”a daxil olan məlumata görə, hazırda Şəki rayon icra hakimiyyətində şəhər təsərrüfatı şöbəsində baş məsləhətçi işləyən Nizami İsmayılov əvvələr həbsdə olub. Ən maraqlısı isə odur ki, əvvələr həbsdə olduğu söylənilən bu şəxs hal-hazırda rəsmən Şəki rayon İcra Hakimiyyətində Şəhər təsərrüfatı şöbəsində baş məsləhətçi olsa da, qeyri-rəsmi şəkildə Şəkidə icra başçısından sonra əsas söz sahibidir. Nizami İsmayılov icra başçısı Elxan Usubovun “sağ əli” hesab olunur. Onun qeyri-rəsmi səlahiyyətlərinə hətta icra başçısının müavinləri də həsəd apara bilərlər.
Şəkidə “daxili imkanlar hesabına” həyata keçirilən abadlıq, təmir və tikinti işləri zamanı hansı idarə rəhbərinin edə biləcəyi “yardım”ın həcmini də Nizami İsmayılov müəyyən edir. Məsələn, şəhərin mərkəzi hissəsində evlərin və hasarların çöl divarlarının abadlaşdırılması işinə Mərkəzi Xəstəxananın baş həkimi Məcid Əliyevin və yaxud da Suvarma Sistemləri İdarəsinin rəisi Fərahim Qarayevin nə qədər “yardım” edə biləcəyinin həcmini Nizami İsmayılov müəyyən edib. Onun sözündən çıxmaq isə faktiki olaraq icra başçısı Elxan Usubovun sözündən çıxamağa bərabər hesab olunur. Buna görə də həmişə şən zarafatları ilə fərqlənən şəkililər deyirlər ki, başqa rayonun bir icra başçısı olduğu halda, onların iki icra başçısı var. Həm də ikinci icra başçı hesab olunan Nizami İsmayılovun rayonunun “idarə edilməsində” rolu daha artıqdır.
Məlumatda yer alan ittihamlara adları çəkilən şəxslərin mövqelərini öyrənmək çəhdimiz nəticə vermədi. Bu səbəbdən də hələlik geniş yaza bilmirik. Qarşıdakı günlərdə məlumatları araşdırmaqla mövzunu davam etdirəcəyik.
Bu gün (26.09.2014) yazıda adı hallanan Nizami İsmayılovla əlaqə yarada bildik. Yazdığmız və hələ də yazmadığımız məqamlarla bağlı Nizami müəllimin də mövqeyini öyrənmək istədik. Təəssüf ki, elə ilk andan Nizami müəllim bizim nəinki suallarımızı cavablandırmaq istədi, əksinə bizi məhkəmə ilə hədə-qorxu atəşinə tutdu. Məlum qanun və prinsiplərə zidd olaraq bir vəzifəli şəxsin mətbuata bu sayıq münasibətinə yalnız təəssüflənmək qalır.
Olsun, bütün bunlara baxmayaraq biz mövzunu davam etdirəcəyik.
Fərman