Gündə 2000 avtomobilin yoxlanması üçün nəzərdə tutulmuş Texniki Baxış Mərkəzi niyə boşdur?
Yenixeber.org: Mayın 18-dən sonra, SMS-icazələr üzrə evdən çıxma ilə bağlı karantin hüququ ləğv edildikdən sonra Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev sürücüləri avtomobillərin texniki baxışına dəvət edib.
“Texniki baxışın qiyməti (dövlət rüsumu) 30 manatdır”, – K. Əliyev açıqlama verib. Texniki baxışdan (TB) keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün 300 manatdır. Əgər sürücü cərimələnibsə 10 gün ərzində avtomobilini texniki baxışdan keçirməlidir. Bu müddətdə onu təkrar cərimələyə bilməzlər.
2019-cu ilin yanvarında qəbul edilmiş TB-dən keçmə qaydaları belədir. O zaman Turan-ın müxbiri DİN Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Mərkəzində olarkən hesablama aparmışdı və məlum olmuşdu ki, 15 texnoloji xəttin olmasına baxmayaraq, bu mərkəz boşdur, orada bir dəfəyə ən çox beş avtomobil görmək olur. Mərkəzin əməkdaşları deyirdilər ki, avtomobil sahiblərinin böyük əksəriyyəti Maştağadakı Mərkəzə gəlmədən qeyri-leqal üsulla TB-dən keçmək barədə şəhadətnamələr alırlar.
Disput.az İnternet-forumunda avtomobil sahibləri bildirirlər ki, belə “levıy” xidmətin qiyməti 60 manatdan 170 manatadək artıb.
Forumun digər iştirakçıları Mərkəzdə zorla pul tələbetmənin olmadığını bildirirlər. İş yeni qaydalar üzrə həyata keçirilir: aşkar edilmiş nöqsanlara malik avtomobillər və bu, hər zaman olur, digər maşınlarla yanaşı, işıq-optik qurğuların işinin pozulmasına görə maşınlar Mərkəzi tərk edərək aşkar edilmiş çatışmazlığı istənilən emalatxanada düzəltdirə bilər. Avtomobildə mütləq ilk tibbi yardım çantası, qəza işıq əksetdiricisi və yanğınsöndürən olmalıdır, dərmanların və yanğınsöndürənin yararlılıq müddəti keçməməlidir.
Azərbaycanda TB-dən keçməklə bağlı ciddi təcrübəsi olan sürücülərin yaxşı xatırladığı açıq rüşvət halları ilə müqayisədə böyük irəliləyiş var. Amma yenə də yerli “şirinlik”siz olmur.
Avtomobil sahibi Əhməd Nəsibov TB Mərkəzində qəbul edilmiş qəribə proseduru ətraflı təsvir edib.
Mütəxəssislər onun avtomobilinin texniki vəziyyətini yoxlayıblar. Sürücüyə qarşı münasibət nəzakətli olub, lazımsız söhbətlər etməyiblər. TB-nin nəticələri sadalanmaqla cihaz tərəfindən çap edilmiş kağızı veriblər. Əziyyət bundan sonra başlayıb. Sürücü altı işçi və kassirin oturduğu salona gedib. İşçi qız Əhmədi ikinci pəncərəyə göndərib. Orada digəri avtomobilin məlumatlarını kompüterə köçürüb və çap olunmuş sənədi sahibinə uzadaraq onu 12-ci kabinetə polis kapitanının yanına göndərib.
Zabit sənədi qəbul etməyib, sürücünü kassaya göndərib, orada ondan 30 manat 40 qəpik tələb ediblər. Nağdsız ödəniş qəbul edilmir. Onların POS-terminalı yoxdur. Ödəniş qəbzində bildirilir ki, burada pul işlərinə Turan Bank baxır. 40 qəpik onun xəzinəsinə gedib. Niyə bu bank nağdsız hesablaşmalar haqqında ümumqəbul edilmiş qaydalara qarşı çıxır?
Kassir avtomobil sahibini 12-ci kabinetə qaytarıb. Zabit qəbzi qəbul edib və vətəndaşı altıncı pəncərəyə göndərib. Altıncı pəncərədəki qız məlumatları kompüterə köçürüb, sənədləri geri qaytarıb və müştərini yenidən 12-ci kabinetə göndərib.
12-ci kabinetdəki məmur Əhmədi dördüncü pəncərəyə göndərib. Ə.Nəsibov əsəbiləşib və altıncı pəncərədəki qızdan soruşub ki, dördüncü pəncərədəki həmkarının yerinə birbaşa məlumatları o köçürə bilməzdimi? Niyə onu uşaq kimi pəncərələr və kabinetlər arasında get-gelə salıblar?
“Sual mənə aid deyil, Bizə belə sərəncam verilib”, - “altıncı” soyuq şəkildə cavab verir.
O, dördüncü pəncərəyə getmək məcburiyyətində qalıb, qız vətəndaşın məlumatlarını kompüterə daxil edib və əlbəttə ki, əli ilə 12-ci kabineti göstərib.
Polis kapitanı vətəndaşın nə üçün səs-küy saldığını soruşub. Əhmədin Mərkəzdə kompüter şəbəkəsi varmı, hansı səbəbdən məlumatlar müxtəlif qızlar tərəfindən daxil edilir, niyə vətəndaşlarla məmurların görüşlərinin minimuma endirilməsilə bağlı dövlət siyasətinə burada əməl edilmir sualına zabit cavab verib ki, şəbəkə mövcuddur. Mərkəzdə qaydalar onlar tərəfindən müəyyən edilməyib.
Vətəndaşın əsəbi vəziyyətini görən kapitan ona mərkəzdən çıxmağa icazə verib. Məlum olub ki, Nəsibov daha bir kabinetin, xüsusi kabinetin qarşısında növbəyə durmalıymış. Xeyirxah kapitan Əhmədə deyib ki, onun sənədlərini özləri göndərəcəklər, narahat olmasın. Görünür, əsəbi vətəndaşları “xüsusi kabinet" ə göndərmirlər.
Əhməd Nəsibov mərkəzdən çıxaraq TB Mərkəzində baş verənlərin səbəbləri və orada “vahid pəncərə” prinsipinin olmaması ilə bağlı suallarla DİN-ə müraciət edib.
İndi aydındır ki, niyə sürücülərin əksəriyyəti qeyri-leqal vasitəçiyə daha çox pul verməyə üstünlük verirlər, amma pəncərələr və zabit arasında get-gələ düşmək istəmirlər, hətta avtomobilləri texniki yoxlamadan uğurla keçsə belə.
Maştağada müasir avadanlıqlarla təchiz olunmuş, gündə 2000 yoxlama üçün inşa edilmiş Texniki Mərkəz boş qalmaqda davam edir. TB prosedurunu sadələşdirmək yolu ilə getmək, inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmaq yaxşı olmazdımı? Belə ki, bu ölkələrdə avtomobil çoxsaylı özəl, polis tərəfindən sertifikatlaşdırılmış təmir mərkəzlərində texniki baxışdan keçə bilir.
Turan İnformasiya Agentliyinin müxbiri Kamran Əliyevə zəng edərək Əhməd Nəsibovun göndərdiyi eyni sualları vermək istəyib. İctimaiyyətlə əlaqələrə məsul olan K. Əliyevin qurumun saytında göstərilən telefon nömrəsinə cavab verən yoxdur.(Turan)